Hikmət Hacızadə: «Səmimi əməkdaşlıq davam etdirilməli və bu proses birliyə doğru istiqamət götürməlidir»
«İndi hər kəs Xalq Cəbhəsi ilə Müsavat partiyalarının birləşməsini gözləyir»
“Mən birliyin tərəfdarıyam və hesab edirəm ki, bu istiqamətdə səylər davam etdirilməlidir”. Bu sözləri “Azadlıq”a açıqlamasında Müsavatın Məclis üzvü Hikmət Hacızadə bildirib. Xatırladaq ki, Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı və sabiq deputat Pənah Hüseyn artıq AXCP ilə Müsavatın birləşməsi məsələsinin gündəmdən düşdüyünü bildiriblər. Pənah Hüseyn bu məsələ ilə bağlı mövqeyini daha kobud formada ifadə edib: “Birlik məsələsi camaatın zəhləsini töküb”.
Hikmət Hacızadə isə hesab edir ki, bu cür yanaşma doğru deyil. Onun fikrincə, birlik çətin prosesdir və bu prosesi məntiqi sonluğa çatdırmaq üçün ciddi səylər göstərilməlidir: “Səmimi əməkdaşlıq davam etdirilməli və bu proses birliyə doğru istiqamət götürməlidir. Hesab etmirəm ki, bu məsələni gündəmdən çıxarmaq lazımdır. Bu mövqedə olanlar haqlı deyillər. Ümumiyyətlə mən düşünürəm ki, birlik məsələsi barədə əvvəlcədən ciddi düşünmək lazım idi. Yəni, əgər birləşmə olacaqdısa, bu ideya gündəmə gətirilməli idi. Yox, məsələ bu cür dalana dirənəcəkdisə, onda birlik ideyasını gündəmə gətirmək lazım deyildi. Amma təəssüf ki, bu ideyanı ortaya atanlar əvvəlcədən bu barədə ciddi düşünməyib. Indi hər kəs Xalq Cəbhəsi ilə Müsavat partiyalarının birləşməsini gözləyir. Amma nəticə ortadadır. Bu da insanlarda məyusluq yaradır. Lakin düşünürəm ki, həvəsdən düşmək lazım deyil. Əməkdaşlığı davam etdirmək və birliyə doğru addımlamaq lazımdır”.
Azad