Azərbaycanla İranın söz savaşı nə vəd edir?

 

Fuad Qəhrəmanlı: «Bu tendensiya hər iki dövlət üçün ağır nəticələrə səbəb ola bilər»

 

İslam Partiyasının fəallarının həbsinin fonunda yerli telekanalların əksəriyyətində İrandakı rejimə qarşı ciddi kampaniyaya başlanılıb. Eyni təbliğata öz növbələrində bəzi İran telekanalları da start verib. İran hakimiyyətini təmsil edən bəzi şəxslər, deputatlar bu telekanallarda Azərbaycan əleyhinə fikirlər səsləndirməkdədirlər. Bəs görəsən iki hakimiyyətin bu söz davası hər iki dövlətə nə vəd edir? Hər iki dövlətin baş verənlərə aqressiv siyasəti nəylə nəticələnə bilər?

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, İranla Azərbaycan arasında hazırda yaşanan gərginliyin əsası WikiLeaks saytında gedən informasiyalarla qoyulub. F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycan dövlət başçısının Qərb diplomatları ilə görüşdə İrana qarşı sanksiyaları dəstəklədiyini bəyan etməsinin aşkarlanması cənub qonşumuzda birmənalı qarşılanmayıb: “Məhz WikiLeaks saytında gedən informasiyalardan sonra İranla Azərbaycan arasında gərginlik artan xətlə getdi. Hazırda biz hər iki tərəfin bir-birinə qarşı kampaniya aparmasının şahidiyik. Bu onu göstərir ki, hər iki hakimiyyətdə bir-birinə qarşı inamsızlıq və təzyiq siyasəti mövcuddur. İranın bu cür mövqedən çıxış etməsinə bir bəhanə də Islam Partiyası fəallarının Azərbaycanda təqib olunmasıdır”.

Azərbaycanla İran arasında yaşanan söz savaşının nəticələrinə gəlincə, F.Qəhrəmanlı hesab edir ki, bu tendensiya hər iki dövlət üçün ağır nəticələrə səbəb ola bilər. Ilk növbədə ölkələr arasında iqtisadi əlaqələrin pozulacağını ehtimal edən F.Qəhrəmanlı vurğuladı ki, artıq bunun cücərtiləri görünməkdədir: “Bir müddət əvvəl İranın Astara keçid məntəqəsini səbəbsiz bağlaması təsadüfi deyildi. Hazırda hər iki dövlətdə gedən kampaniya ölkələrarası münasibətlərə neqativ təsir edəcək. Amma o da nəzərə alınmalıdır ki, Azərbaycanın Rusiya ilə əlaqələri də gərginləşməkdədir. Xüsusilə NABUCCO layihəsinin yenidən gündəmə gəldiyi bir zamanda”. Azərbaycanın qonşularına qarşı bu cür siyasət yürütməklə “balanslaşdırılmış” siyasət kursuna zidd getdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu onu göstərir ki, adı çəkilən siyasət, ümumiyyətlə, olmayıb. “Azərbaycanın xarici siyasətində bir qeyri-müəyyənliyin, sistemsizliyin olması sonda bu cür nəticələrə gətirir. Azərbaycanın sabit xarici partnyorunun olmaması ciddi qüsurdur”.

Xəyal