Müğənni konsert üçün 200 min dollar istəyir
Azərbaycan əsilli müğənni Ququş (Faiqə Atəşin) mətbuatda onun guya Azərbaycanlıları təhqir etməsi barədə yayılmış məlumatları təkzib edib. Müğənni mart ayında konsert vermək məqsədilə Azərbaycana gələcək və haqqında səsləndirilən fikirlərə aydınlıq gətirəcək. Bu barədə “Qafqazinfo”ya eksklüziv açıqlamasında konsertin təşkilatçısı, İran vətəndaşı Şəhriyar Məhəmmədi məlumat verib. Şəhriyar Məhəmmədi deyib ki, yaxın günlərdə müğənninin meneceri Neda xanım konsertə hazırlıqla bağlı son vəziyyəti öyrənmək məqsədilə Bakıya gələcək.
Şəhriyar Məhəmmədi deyib ki, Ququş onunla telefonla danışıb və azərbaycanlıları təhqir etməsi barədə səsləndirilən fikirləri təkzib edib. Onun sözlərinə görə, müğənni bunu özünə qarşı təxribat hesab edir: “Ququş Azərbaycan xalqını təhqir etmədiyini bildirir. O deyir ki, mən Azəri qızıyam, öz xalqımı necə təhqir edə bilərəm?”.
Şəhriyar Məhəmmədinin sözlərinə görə, Ququş barəsində yalan məlumatlar yayan şəxsi məhkəməyə verməyə hazırlaşır: “Müğənni mart ayında Bakıya gələcək, jurnalistləri bir yerə toplayıb mətbuat konfransı keçirəcək və bütün bu məsələlərə aydınlıq gətirəcək”.
Müğənninin Bakıda verəcəyi konsert müqabilində alacağı qonorara gəlincə, Şəhriyar Məhəmmədi konkret məbləğin müəyyənləşdirilmədiyini vurğulayıb: “Ququş dörd aya yaxındır ki, Novruz bayramı ərəfəsində Bakıda verəcəyi konsertə hazırlaşır. O, konsert müqabilində 200 min dollar qonorar istəyir. Hazırda danışıqlar davam edir”.