Onun qafasını qopararlar…

 

Azərbaycan mediasının gündəmi al-əlvandı. Başda Tunis inqilabı gəlir – bütün ölçüləri ilə avtoritar rejimlərin (belə rejimlər isə kiçik istisnalarla, ancaq müsəlman ölkələrindədi) eynisi olan Tunisdə hakimiyyət devrilib, prezident və ailəsi ton yarım qızılı da bellərinə çatıb ölkədən qaçıblar; belələrinin qəbirdə də gözləri doymaz.

Tunisin küçə və meydanları Bin Əlinin qalaq-qalaq şəkillərinin qırıntıları ilə doludu. Bu mənzərəni 1992-ci ildə Bakıda görmüşdüm – Ayaz Mütəllibovun yayılmaq üçün basılmış, ancaq buna macal tapmamış yaraşıqlı portretlərini xatırlayıram. Prezident Aparatından bir “KamAZ” belə şəkil çıxmışdı. Şəhərdə ayaq basmağa yer yox idi. Hərə bu şəkildən bir neçəsini qoltuğuna vurmuşdu – sanki qələbəni təsdiqləyən arayış idi. Tarix isə təkrarlanır.

Başqa bir gündəm hadisəsi 30 yaşlı gəncin – Qarabağ müharibəsi şəhidinin oğlu Elvin Əsgərovun vəhşicəsinə işgəncələrlə öldürülməsidi. Gah avtomobil qəzasına düşdüyünü, gah hardansa yıxıldığını (lap əsgərlikdə olduğu kimi), gah da başqa uşaq başı aldadan rəsmi açıqlamalarla toplumun başını piyləmək istəyirlər. Fakt isə budur ki, bu gənc artıq dünyada yoxdu və rahat şəkildə can verməyib. Bunu onun dəhşət saçan şəkilləri də təsdiqləyir. Bu tip rəsmi vəhşilik artıq hakimiyyətin xalqdan nə qədər aralı düşdüyünə, xalqı saymadığına, onunla necə davranmaq istərsə davranacağına və buna görə vicdanının zərrəcə ağrımayacağına bir işarədi. Deyərdim ki, bu zavallı hakimiyyət xalqı özü haqda bilgiləndirmək üçün dəridən-qabıqdan çıxır. Zəhmətləri hədər getməz inşallah. Bu xalqın da gec də olsa, güc ayılmağı var!

Başqa bir xəbər məktub yazaraq özünü polisin zülmündən yandıran tovuzlu gəncin xəbəridi. Polis ona göz verib, işıq verməyib. O da şirin canından bezib, benzini töküb üstünə və özünü yandırıb. Hadisədən qabaq yazdığı məktubda deyilir: “Mən Məhərrəmov Ramin Tovuz rayon polislərinin əlindən bezib özümü yandırıram”.

Bu məktub o deməkdi ki, Ramin bəy artıq həyatdan getməyə qərar verib. Bu, faktiki olaraq bir ölüm olayıdı. Adam sağ qalıbsa belə, heç nə dəyişmir. O bu dövlətdən əl üzüb. Arzuları, həyat eşqi, ümidi ölüb. Ölkə vətəndaşlarının 90 faizi kimi. “Ümid sonda ölür” deyirlər. Deməli, bu toplumun 90 faizi artıq yaşamır. Ona görə də ölkədə sabitlikdi. Nə baş verir, versin, dövlət məmurları hansı dəhşətli əməl törədir, törətsin – kimsənin səsi çıxmır. Bu fakt dövlətin artıq idarəolunmaz bir mafiyaya çevrildiyindən, heç bir məmurun gözündə qanun xofunun qalmamasından xəbər verir.

Və… daha bir gündəm olayı – keçmiş deputat Rza Ibadovun axtarışa verilməsi. “Yeni Müsavat” qəzeti yazır ki, Ibadovun yaxın çevrəsindən onlara deyiblər: “Rzanın əlində hakimiyyətə qarşı ciddi kompromatlar, bir sıra məşhur simaların onunla telefon danışıqlarının audio-yazıları var. Həmin danışıqlar hakimiyyətin, hakim ailənin ən üst-düzey şəxslərinə aiddir və ortaya çıxarılsa, ölkə qarışar”.

Mənbə bu kompromatların “WikiLeaks”dən daha dəhşətli nəticələr doğuracağını, hakimiyyətin ictimai dayaqlarını sarsıdacağını, hakim elitada təbəddülatlar, sarsıntılar yarada biləcəyini deyib. Başqa bir ekspert isə Rzanın bu faktı şantaj alətinə çevirə biləcəyinə inanmadığını bildirib və əlavə eləyib: “Həm də kimlərə qarşı… Onun qafasını qopararlar…”

Tərəflərin bir-birinə ötürdüyü mesajları bir qırağa tullayaq. Bu yazımda gündəm xəbərlərini ümumiləşdirən bircə cümlə var: “Onun qafasını qopararlar!”

Məncə, Ibadovun əlində bu sözdən dəhşətli heç nə ola bilməz. Qalanlarını onsuz da hər kəs bilir.