Bu günlərdə vaxtilə odlu-alovlu müxalifətçilik eləyən, indi isə ITV-də mücərrəd mövzularda saxta fəlsəfəçiliklə məşğul olan bir şairin vətənə xitabla yazdığı şeiri oxudum.
Şairin, kimliyi sizə çox maraqlıdırsa konkret deyim – Ramiz Rövşənin həmin şeiri belə adlanır: “Nə gündəsən, Vətən?!”. Şeirin bir yerində oxuyuruq:
Səni sevmək çətindir, Vətən
Nə gündəsən ki,
Təpədən dırnağacan
günah içindəsən ki…
Adam səni sevməyə indi utanır, Vətən.
Adam bilmir, nə desin, nə yazsın. Sanki Dubay mülklərini Vətən alıb. Sanki seçkiləri Vətən saxtalaşdırır. Sanki Elmarın qətlini də Vətən sifariş verib, onun qatillərini də Vətən gizlədir. Sanki korrupsiyanın başı Vətəndir.
Bir sözlə, irtica məsumdur, günahsızdır, tək günahkar varsa – Vətən, Vətən, Vətən! Dünya ədəbiyyatını qaldırın baxın, görün, özünə hörmət edən hansı şair, hansı yazıçı bir tayfanın çirkin əməllərini Vətənin ayağına yazıb. Ramiz müəllimin “məntiq”indən belə çıxır ki, həbsxana qapılarını açıb bütün oğruları azad etmək lazımdır, çünki əsl cinayətkar qarət olunan mənzillərdir. Absurdun bu qədərinə də, türklər demiş, “pes, vallahi!”.
Əslində şairi anlayıram. Anlayıram ki, yazdığı o şeir özünü sığortalamaq üçün yaxşı priyomdur. Ən azı iki səbəbdən:
BIR: hələ də insanlara haqsızlığın, zülmün qarşısında olduğunu göstərirsən, guya içində istibdada qarşı nifrət o qədər aşıb-daşır ki, gözün Vətən-zad seçmir;
IKI: üstəlik buna görə adamın başını da ağrıtmırlar, axı nə də olmasa, Vətən adamın cibinə nəşə atdırıb, üzünə qız durğuzub həbsə göndərmir.
Bəs deyirdiniz, xuliqanlığa görə tutmuşuq?
Iki gün öncə Nemət Pənahlının evində axtarış aparılıb. Vəkilinin açıqlamasından sitat: “…axtarış başa çatandan sonra Nemət bəyə məxsus videokasetləri, diskləri, qəzetləri və bu kimi digər əşyaları aparıblar”.
Bu bilirsinizmi nə deməkdir? Nemət Pənahlının siyasi sifarişlə, hakimiyyətin ünvanına səsləndirdiyi tənqidlərlə bağlı olduğunun isbatı deməkdir. Onun guya “xuliqanlıq” ittihamı ilə tutulduğunun ifşası deməkdir. Əks halda məsələn, qəzetləri niyə aparırlar? Adam “xuliqan”dırsa, heç olmasa, evindən çəngəl-bıçaq, balta, yaba aparsınlar. Hə, əgər bununla qəzetçiliklə xuliqanlıq arasında bərabərlik işarəsi qoyursunuzsa, bu başqa məsələ, qətiyyən təəccüblənmirik, çünki təzə xəbər deyil.
Amma Nemət bəyin evindən videokasetlərin, disklərin aparılması yaxşı haldır. Olsun ki, onlardan hansındasa Nemət bəyin deputatlıq seçkisi vaxtı ITV-dəki 4 dəqiqəlik çıxışı da var, lazımi orqanlar təkrar-təkrar bu çıxışa baxandan sonra bəlkə ürəklərinə mərhəmət hissi doldu, bəyin maddəsini yüngülləşdirələr.
Görməmişlər üçün
Bilirəm, hansısa mənasız “Birlik Kuboku”nda Bakı “Inter”inin erməni klubuna qalib gəlməsi üzərindən düşük bir şou düzəldiləcək, “Azərbaycan xalqının böyük qələbəsi” haqqında dastanlar qoşulacaq, “Ilham Əliyevin idmana diqqət və qayğısı” barədə əttökən çıxışlar bir-birini əvəz edəcək.
Olsun, olsun, hətta istəməyən kor olsun. Amma lütfən bu zaman kimsə bunları unutmasın:
BIR: FIFA-nın açıqladığı son reytinq sıralamasına görə, Ermənistan yığması dünyada 60-cı olduğu halda, Azərbaycan millisi olsa-olsa, 99-cudur;
IKI: o mənasız kuboka Ermənistan çempionu, nəinki çempionu, hətta Ermənistan çempionatının ikinci, üçüncü yerlərini tutan klubları belə qatılmaqdan imtina etmişdilər, orada iştirak etməkdənsə, normal bir məşq prosesi keçməyi üstün tutmuşdular, yəni anlayacağınız bizim çempion “Inter”in qalib gəldiyi “Mika” klubu öz ölkəsinin dördüncüsüdür;
ÜÇ: “Inter” bir Azərbaycan klubudur, Allah qoymasa, amma ermənilərin qapısından qollarımızı kimlər keçirib, bir baxaq: Vladimir Levin, Girts Karlson və Dmitri Kruqlov. Hələ bir də baş məşqçimiz var: Kaxaber Sxdadadze. Artıq bu, hansı məntiqlə “Azərbaycan xalqının böyük qələbəsi”dir, orasını özünüz düşünün.