“Elvin heç kimə xəsarət yetirməyib”

 

Roza Rəfiyeva: «Biz 25 il «Vosmoy»da yaşamışıq, adi bir şeydir ki, onu «Vosmoyski» adıyla çağırsınlar»

 

Rza Rəfiyev: «Niyə Elvinin kriminal aləmlə bağlı olduğunu, onun həbsdə yatdığını yazanlar, bıçaqlanmış polislərdən intervü götürmür?»

Iki gün öncə evində olanda anası onun ölüm şəkillərinə baxmaq üçün netbuku gətirdi. “Facebook”da Elvinin şəkillərinə, yazılan şərhlərə baxıb ağlayır. “Mən Elvin üçün kompüter almışdım ki, ondan istifadəni öyrənsin. Almamışdım ki, onun ölüm şəkillərini buradan izləyim” – deyir. Həqiqətən çox dəhşətli mənzərə idi. Oğlunun ölüm xəbərinin necə ictimailəşməsini deməyimə peşman oldum. Bu cür olacağını gözləmirdim. Nə biləydim, azca qaysaq bağlamış yaranı yenidən qopardacam? Tez netbuku bağlamaq qərarına gəldim.

Onun ölümündən sonra demək olar ki, hər gün ailəsinə baş çəkirəm. Həm yazmaq, həm də az da olsa toxtatlıq vermək üçün… Amma hər dəfə pərişan halda geri qayıdıram. Ailəsi hər şeyin qanun çərçivəsində həll edilməsini istəyir. Bəzi KIV-lərdə Elvin haqqında yazılanları yalan adlandırırlar. Söhbətə elə bununla başlayıram. Atalığı Rza Rəfiyev və anası Roza Rəfiyeva yenə də qəmgin şəkildə suallarıma cavab verirlər.

“O, həmişə haqqın yanında olub”

– Bəzi KIV-lərdə Elvinin kriminal aləmlə münasibətləri olduğu yazılıb. Bu nə dərəcədə həqiqətdir? Oğlunuzun avtoritetlərlə hər hansı bir ilişgisi varmı?

Roza Rəfiyeva: – Tamamilə yalandır. Oğlumun kriminal aləmlə heç bir münasibət yoxdur. O, həmişə haqqın yanında olub. Kimliyindən asılı olmayaraq haqqı tapdanan insana dayaq durub. Sadəcə onu gözdən salmaq üçün belə şayiələr uydururlar.

– Həm də yazırlar ki, kriminal aləmdə Elvinin ləqəbi “Vosmoyski” olub.

– Mən onun anasıyam. Heç kim məndən yaxşı oğlumu tanıya bilməz. Onun kimlərləsə tanışlığı, dostluğu ola bilər. Amma bu o demək deyil ki, Elvinin kriminal aləmlə hansısa ciddi bir bağlılığı var. Biz 25 il “Vosmoy”da yaşamışıq. Adi bir şeydir ki, onu “Vosmoyski” adıyla çağırsınlar. Dostları arasında Elvin adlı bir neçə nəfər olub. Hər kəsə bir “kliçka” qoyurlar. “Vosmoyski Elvin”, “Maştağalı Elvin” belə daha rahat olur. Hər bir gənc adamın dostlar arasında ləqəbi olur. Məgər bu o deməkdir ki, həmin adam avtoritetdir? Əgər elədirsə, onda ölkənin yarıdan çoxu avtoritetdir ki…

Rza Rəfiyev: – Axı ad almaq üçün gərək insan məhbəs həyatı yaşasın. Elvin bir ay belə türmədə olmayıb.

– Yeri gəlmişkən, həm də deyilir ki, Elvin həbsdə də olub…

– Nə vaxt olub? Üzə çıxartsınlar o faktı. Elvinin nə vaxtsa həbsdə olduğunu deyənlər iftira atırlar. Məsələni ört-basdır etmək üçün bu cür yalanlar qururlar. Əvvəlcə həbsdə olduğunu deyirlər, sonra kriminal aləmdə tanınmış şəxs kimi qələmə verirlər. Yəni bununla göstərmək istəyirlər ki, Elvinin kiminləsə problemləri var. Və yaxud polis ona yaxınlaşıb, bunu özünə sığışdırmayıb, dava salıb. Polis bıçaqlayıb. Hamısı cəfəngiyatdır. Niyə Elvinin kriminal aləmlə bağlı olduğunu, onun həbsdə yatdığını yazanlar, bıçaqlanmış polislərdən intervü götürmür? Gedib polislərdən də açıqlama alsınlar. Aləmə göstərsinlər ki, Elvin onlara belə xəsarət yetirib. Eləyə bilməzlər. Çünki Elvin heç kimə xəsarət yetirməyib. Qarşıdurmada kiminsə boğazı cızıla bilər, amma onları bıçaqlayıb vəziyyətlərini kafi etmək isə mümkün deyil. Ən azı oğlum bunu etməz.

“Oğlumun qatili şeytana qulluq edir”

– Rəsmi məlumatlarda deyilir ki, Elvinin bıçaqladığı polislərdən birinin vəziyyəti çox pisdir…

Roza Rəfiyeva: – Göstərsinlər, biz də bilək. Elvinin necə dəhşətli işgəncələrlə öldüyünü şəkillərdən görmək mümkündür. Elə bir şey varsa, çəksinlər. Hadisədən 10 günə yaxın müddət keçib. Hamı da gözəl bilir ki, oğlumu polislər işgəncəylə öldürüb. Heç bir günahı olmaya-olmaya. Onlar düşünürlər ki, Elvin kimi oğlana söyüş söymək olar… Polislər söyüb o da cavabını qaytarıb.

Rza Rəfiyev: – Işi elə qururlar ki, guya Elvin restorandan çıxanda içkili olub. Halbuki o, spirtli içkilərdən uzaq birisi olub. Məsələyə belə don geyindirmək istəyirlər. Sonra da avtoritet kimi qələmə verirlər. Yəni oğlum polislərə tabe olmayıb, qaçıb. Və qaçarkən də yıxılaraq bu hala düşüb. Əvvəla onu deyim ki, Elvin avtoritetdirsə, avtoritet polislərin qabağından qaçmaz. Çünki kriminal aləmdə bu cür “qanun” yoxdur. Ikincisi, istənilən adam on dəfə yıxılsa belə o kökə düşə bilməz. O sözü deyənlər şəkillərə diqqət yetirsinlər. Həqiqətənmi insan yıxılanda elə günə düşür?

– Indiyə kimi hüquq-mühafizə orqanlarından kimlərsə sizə baş çəkibmi? Ümumiyyətlə, sizinlə maraqlanan varmı?

– Yox. Kimsə bizimlə maraqlanmayıb. Özümüz bir-iki yerə məktub ünvanlamışıq. Başımız yasa qarışıb. Tez bir zamanda bütün qurumlara müraciət edəcəyik. Biz oğlumuzun qatilinin kim olduğunu bilmək istəyirik. Onu kimlər öldürüb. Sifarişi verən kimdir, yerinə yetirən kimdir. Yalnız bunu öyrənmək istəyirik. Sadəcə onu öldürməyə sifariş verən adamın üzünə baxmaq istəyirəm. Əminəm ki, sifariş verən adam şeytana qulluq edir. Bircə onun üzünə baxmaq istəyirəm. Heç nə deməyəcəm.

“Oğlumu sifarişlə öldürüblər”

– Qisas almaq necə, xəyalınızdan keçir?

– Elvini öldürən adama canı biz verməmişik ki, onu da biz öldürək. Onu Allaha tapşırıram. Bir də hüquq-mühafizə orqanları bu işlə məşğul olsunlar. Sadəcə qatilin kimliyini bilmək istəyirik. Qanın yerdə qoymayacağıq. Sona qədər mübarizə aparıb, onun kimliyini tapacağıq. Amma barmaq belə uzatmayacağıq, qoy aidiyyəti qurumlar onunla qanun çərçivəsində davransınlar.

Roza Rəfiyeva: – Mən əminəm ki, oğlumu sifarişlə öldürüblər. Çünki restoranın qarşısında döymək, 6 saylı TTYS-in həyətində dubinkalamaq, daha sonra polis bölməsində elektroşok vermək onu öldürmək məqsədi daşıyıb. Gecə saat 3-dən xəstəxanaya aparılan insana heç bir yardımın göstərilməməsi, üstəlik, səhər saat 12-də, öləndən sonra cərahiyyə otağına aparmaq yalnız öldürmək məqsədi daşıyır. Başqa heç nə. Amma onu da bilirəm ki, Elvinin heç kimlə problemi olmayıb. Həmişə haqqı müdafiə edib.

***

Bax belə. Onlarla söhbətə nöqtə qoymaq istəyirəm. Hiss edirəm ki, danışdıqca daha da kövrəlirlər. Bircə istəkləri oğlanlarının qatil(lər)inin kimliyini bilməkdir. Başqa heç nə… Yalnız onu görmək, üzünə baxmaq və məsələyə eləcə də son qoymaqdır. Dedikləri kimi, şeytana qulluq edən şəxsi sadəcə tanımaq…

Ramin DEKO