Ramiz Mehdiyev yeni nazirlik yaradır

 

Nazir kürsüsünə PA rəhbərinin kürəkəni İlham Əliyev əyləşəcək

 

Qurumun Metallurgiya Nazirliyi adlanacağı bildirilir

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev yeni nazirlik yaratmaq istəyir. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Ramiz Mehdiyevin yaratmaq istədiyi nazirlik metallurgiya sahəsini əhatə edəcək. Məlumatlara görə, PA rəhbəri artıq bu sahəni ələ keçirib. Idarəçiliyi isə kürəkəni, deputat Ilham Əliyevə tapşırıb.

Məlumatlarda deyilir ki, 2010-cu ilin dekabr ayından başlayaraq metallurgiya sahəsinə aid olan zavod və sexlərin fəaliyyətinin dayandırılması da təsadüfi deyil. Bu, birbaşa yeni yaradılacaq qurumla bağlıdır. Iddia olunur ki, Ramiz Mehdiyevin yaratmaq istədiyi yeni nazirliyə kürəkəni Ilham Əliyev rəhbərlik edəcək. Qurumun Metallurgiya Nazirliyi adlandırılacağı bildirilir. Bəzi məlumatlarda isə deyilir ki, qurumun adı “Metallurgiya” Açıq Səhmdar Cəmiyyəti ola bilər. Artıq Ramiz Mediyevin yeni nazirliyin yaradılmasına hazırlıq görülməsi barədə göstəriş verdiyi deyilir. Bununla bağlı hərtərəfli iş aparılır. Ramiz Mehdiyevin yaratmaq istədiyi nazirliyə daxil olacaq “Baku Steel Company”, Sumqayıt Aliminium, Gəncə Aliminium, Daşkəsən Filiz, “Bakısentralit” və metal istehsalı ilə məşğul olan başqa bir neçə iri müəssisə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzarətindən çıxarılmaq üzrədir. Malumatlara görə, yeni yaradılacaq nazirliyə görə metah istehsal edən özəl zavod və sexlərin də fəaliyyəti dayandırılır. Sahibkarlara açıq şəkildə bildirirlər ki, göstəriş Ramiz Mehdiyevin kürəkəni Ilham Əliyevdən gəlib.

Bölgələrdə də metal satışı ilə məşğul olan sahibkarların biznesi müxtəlif üsullarla çökdürülür. Dövlət Gömrük Komitəsinə tapşırılıb ki, metallurgiya sahəsi üçün lazım olan xammalların ölkəyə gətirilməsinə icazə verilməsin.  Məlumatlarda iddia olunur ki, 2010-cu ilin ortalarında Türkiyə prezidenti Abdulla Gül Bakıda olanda açılışında iştirak etdiyi qardaş ölkənin “DH” şirkətinə məxsus “Metaləritmə” zavodu da Ilham Əliyevin təzyiqləri nəticəsində fəaliyyətini dayandırıb.

Vidadi