“Qalatasaray”ın prezidenti Ərdoğana görə istefa verdi

 

Arda Turan da baş nazirdən üzr istəyib

 

“Qalatasaray”ın yeni stadionu “Türk Telekom Arena”nın açılışında görünməmiş qalmaqal yaşanıb. Hər şey baş nazir Rəcəb Tayyib Ərdoğanın stadiona gəlməsilə başlayıb. Stadionda çıxış edən şərhçi baş nazirin gəlişi barədə azarkeşlərə məlumat verib. Bu xəbərdən dərhal sonra stadionda narazı azarkeşlər Ərdoğanın əleyhinə istefa şüarları səsləndirməyə başlayıblar.

Plana görə, Ərdoğan stadionun açılışında çıxış etməli və topa zərbə endirərək stadionu rəsmən açıq elan etməli idi. Lakin etirazlar üzündən o danışmaq istəməyərək, stadionu tərk edib. Halbuki, Ərdoğanın stadionun açılış oyunu olan “Qalatasaray” – “Ayaks” yoldaşlıq görüşünün ən azı, birinci hissəsini izləməsi nəzərdə tutulmuşdu.

Baş nazirin ardınca stadiona gələn digər nazirlər və federasiya rəsmiləri də “Türk Telekom Arena”nı tərk edib.

Bu xoşagəlməz hadisə ilə bağlı “Qalatasaray”ın kapitanı Arda Turan Ərdoğana zəng edərək, komandanın adından ondan üzr istəyib. “Qalatasaray”ın prezidenti Adnan Polat isə vəzifəsindən istefa verib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Adnan Polat özü də qarşılaşma başa çatmadan stadionu tərk edib. Daha sonra klub rəsmilərilə iclas keçirən Adnan Polat istefa verdiyini bildirib. Lakin onun istefa qərarı qəbul olunmayıb və klub rəsmilərinin təkidi ilə vəzifəsində qalıb.