Polisdəki ölümlə bağlı yeni təfərrüatlar

 

Adı, Elvinə elektroşok verməkdə hallanan rəis müavini «Azadlıq»a nələri danışdı?

 

Yanvarın 13-də rəsmi məlumatlarda hüquq-mühafizə orqanlarının üç əməkdaşının “Neon Palace” restoranının qarşısında bıçaqlanaraq xəstəxanaya yerləşdirilməsi və 1979-cu il təvəllüdlü Elvin Əsgərovun ölməsi gündəmin əsas mövzusudur. Qeyd edək ki, hadisənin təfərrüatları barədə ilk dəfə “Azadlıq” qəzeti yazıb. Bu dəfə də olay zamanı xəsarət almış başqa bir şəxsi tapdıq.

“Hamısı Elvini döyməyə getdi”

Sən demə, hadisə baş verən zaman Elvin Əsgərov iki deyil, dörd nəfərlə restorandan çıxıb. Anar Qəniyev, onun dayısı oğlu Famil adlı şəxs, Rusiyadan təzəcə gəlmiş Məhəmməd adlı dostu və onun qardaşı Əli Cəfərov. Dünən biz Ə.Cəfərovun yatdığı Neyrocərrahiyyə Institutuna baş çəkdik.

Gözləri cibimizdə olan qapıçı xanım sadəlövhcəsinə bizdən nəsə gözləyirdi. Rəddini bizdən çəkməsi üçün tez olayda xəsarət almış Ə.Cəfərovun yanına getdik. O, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildiyini deyir.

Elvingilin məclisinə gecikdiyini söyləyən müsahibim qeyd edir ki, o, restorana çatandan az sonra məclis dağılışıb: “Çox sakit şəkildə aşağı düşdük. Maşını qızdırmaq üçün onu işə saldım. Bu zaman üç polis əməkdaşı onlara yaxınlaşaraq niyə dalaşdıqlarını soruşdu. Onlar ”rəis, dalaşmırıq” deyib maşına minmək istədilər. Elə o an hüquq-mühafizə orqanlarının əməkdaşları başladılar söyüş söyməyə. Niyə belə etdiklərini soruşanda maşınımın sənədlərini tələb etdilər. Sənədlərim qaydasında olduğu üçün məni sərbəst buraxdılar. Amma dörd nəfərin polis bölməsinə aparılacağını dedilər. Və başladılar onları döyməyə. Müdaxilə etmək istəyəndə məni də döydülər. Amma polislərdən biri dedi ki, bu bədbəxtin heç bir günahı yoxdur. Onunla işiniz olmasın. Məndən aralanıb hamısı Elvini döyməyə getdi”.

Əlavə polis dəstəsinin gəlməsi işi daha da qəlizləşdirib. Nəticədə 10-a yaxın polis əməkdaşı Elvinin üstünə tökülüb. Polis maşınında nəzarətsiz qalan Məhəmməd isə tez aradan çıxıb. Taksi ilə evə gedən Məhəmməd yolda öyrənib ki, dostlarını 24-cü polis bölməsinə aparıblar. Yenidən o, adıçəkilən ünvana qayıdıb. Amma hansısa səbəblərdən Məhəmmədə təzyiqlər edilməyib. Anarın barmaqları sındırılıb. Əli iki dəfə elektroşoka verilib. Məhəmmədi isə yalnız soyuq otağa salmaqla kifayətləniblər. Bundan sonra yenidən Elvinin döyülmə prosesi başlayıb.

Məsələnin görünən tərəfi odur ki, məqsəd Elvinin öldürülməsi olub. Bunu həm Anar deyir, həm də digər adları çəkilən şəxslər.

“Elvin bölmədə 10-15 dəqiqə qalıb”

Bir gün sonra Elvini xəstəxanaya aparıblar, qalan üç şəxs sərbəst buraxılıb. Elvin xəstəxanaya çatanda isə artıq iş-işdən keçibmiş.

Müsahibim deyir ki, indiyə qədər belə vəhşilik görməyib: “Polislər Elvini elə döyürdülər ki, səsi bütün aləmi bürümüşdü. Ümumiyyətlə, işə aidiyyətim olmaya-olmaya məni də döyürdülər”.

Ə.Cəfərov da 24-cü polis bölməsinin rəis müavini Rasim Əmirovun onu elektroşoka verdiyini deyir.

Rasim Əmirov isə deyilənlərlə qətiyyən razılaşmır. Onun haqqında söylənilənlərin böhtan olduğunu bildirən rəis müavini qeyd edir ki, Elvin polis bölməsinə gətiriləndə halı pis idi: “Bütün deyilənlər şər-böhtandır. O, bölmədə 10-15 dəqiqə qalıb. Vəziyyəti ağır olduğu üçün onu xəstəxanaya aparıblar. Xəstəxanadan Elvinin ora saat neçədə aparıldığını öyrənə bilərsiniz. Heç kimə elektroşok verilməyib və polis bölməsində kimsəyə təzyiq edilməyib”.

Rəis müavini Elvini bölməyə gətirən zaman özünü xilas etmək üçün qaçanda zərbə aldığını deyir: “Biz araşdırdıq, məlum oldu ki, o, qaçmaq istəyərkən zərbə alıb”.

Rəis müavini bizə məsləhət gördü ki, daha ətraflı Daxili Işlər Nazirliyindən öyrənək.

Bir məqamı qeyd etmək lazımdır ki, DIN-in sözçüsü bu olayla bağlı mətbauta açıqlamasında “Azadlıq”ı oxumadığını deyib. Bəs bundan sonra biz kimin mövqeyini öyrənək, cənab rəis!.

Amma buna baxmayaraq, araşdırmalarımız davam edir…

Ramin DEKO