Otuza lap az qalmışdı

Bəli, inqilab… Bu dəfə o uzaqda, Tunisdə baş ver verdi, adını da “yasəmən” inqilabı qoydular. Üstündən bir qədər keçsə də, mən bir detalı qeyd etmək istərdim – bizim bəzi telekanallar görüntüləri çox könülsüz şəkildə yaydılar, sanki harasa qışda yağış yağmışdı. Yağış demişkən, qısa bir haşiyə çıxım, bizim telekanallar qədər təbii fəlakətləri göstərən yoxdur. Olsun. Etirazımız yox… Amma sosial fəlakətlərdən də kimsə danışmalıdır. 23 il! 74 yaş! Məni həmişə hakimiyyət ehtirası təəccübləndirib. Adı deyəsən, Bin Əli idi. Sağ əli Hüsnü Mübarəkin başına! Sonuncunun 82 yaşı var, amma hələ hakimiyyət sükanını əldən vermək istəmir. Hə, Nazarbayev də hələ naz edir, xalq tələb edir ki, onun səlahiyyət müddəti 2020-ci ilə qədər uzadılsın, amma qazax diktatoru hələ götür-qoy edir, bir tərəfdən xalqa “yox” – deyə bilmir, o biri tərəfdən də… Tələsməyin. Bütün diktatorların taleyi belə olur. Xalqın adı ilə hakimiyyətə gəlirlər, elə xalqın əli də hakimiyyətdən gedirlər. Eyni ssenari, eyni tale – mühacirət, siyasi təqiblər, “sərgərdan” – didərgin həyat…. Ona görə də sual yaranır. Bu yolu təkrar etməyə dəyərmi? Güman ki, diktatorlar bunu bilir, amma hamısı ümid edir ki, onun üçün qurtuluş olacaq, nəsə bir istisna baş verəcək. Amma istisnalar çox nadir hallarda olur… Çox oxumaq da bir şey deyil, adam unutmağa başlayır. Hansısa kral “Bu nədir? Qiyam?” soruşanda ona cavab verirlər ki, yox, əlahəzrət, daha pis, inqilab! Deyəsən, Fransa kralı ilə bağlı belə olub, unutmuşam. Amma məsələ bunda deyil. Nə vaxtsa bütün krallar və krallığa iddialılar bu cavabı eşitməli olurlar. Bəlkə də bu da bir determinizmdir, bütün yollar Bağdada apardığı kimi, bütün krallar da inqilaba doğru gedirlər. Deyirəm, görəsən, elə bir vaxt gələcəkmi ki, artıq dünyada hakimi-mütləq krallar olmayacaq? Hər halda o günü görmək özü böyük xoşbəxtlikdir. Amma bunun üçün hələ yalançı krallar, necə deyərlər, “çağırılmamış krallar” dövrünü keçməliyik. Bu, daha dəhşətdir. Sonuncuları heç kim kral elan etməyib, onlar özləri özlərini elan edirlər. Bəli, elan edirlər, sonra da Tunis baş verir. Amma bunun üçün 23 il yaşamaq, 23 il gözləmək lazım gəlir, bəlkə daha tez baş verir, bu, artıq millətdən asılıdır. Volterin ruhu bu dəfə Tunisin üzərindən keçdi. Çox maraqlı detallardan biri də bu oldu ki, “dost ölkə” – Fransa Tunis diktatorunu qəbul etmədi. Elə bunun özü də adi bir haldır, tez-tez belə olur, siyasətçilər heç də həmişə qonaqpərvər olmur.

Lap avropasayağı qəbul

Ötən həftədən daha bir maraqlı detal yadımda qalıb. Avropa komissiyasının sədrini – J.M.Barrozunu yaman təmtəraqla qarşıladılar, lap əsl prezidentlərə layiq qəbul idi. Buradan nə nəticə çıxır? Bunların marağı Avropa ölkələri ilə, Qərblə bağlıdır, özü də bu maraq adi maraq deyil, pul – mülkiyyət marağıdır. Bunlar Avropanın və avropalıların da uyğun maraqlarını nəzərə almağa tam hazırdılar, amma nə edəsən ki, avropalılar bunları axıra qədər başa düşmür! Doğrudan da, burada nə problem var? Niyə Avropa başa düşmək istəmir ki, bu YAP hakimiyyəti monarxiya yapmaq istəyir? Dünyadakı monarxiyaların sayı bir ədəd artsa, dünya dağılacaqmı? Onsuz da balans qorunur – budur, Tunisda monarx yıxıldı, olmazmı ki, bunun əvəzində Azərbaycanda yenisi yaransın? Axı 23-30 il ləzzətli həyat nədir ki, Avropa bunlara rəva görmür? Üstəlik, bunlar o qədər də eqoist deyillər, 23-30 ilin ləzzətini avropalılar ilə bölüşməyə hazırdılar. Bunların bölüşmək istəmədiyi bir toplum varsa, o da sadə azərbaycanlılardır…

Bütün güllər yazda açırsa…

Yasəmən qışda açdı. Biz də elə qışı Tunisdəki inqilabla açdıq. Əvvəllər bir demokratiya dalğası haqda söhbətlər vardı. Deyirdilər ki, böyük bir dalğaya ehtiyac var. Deyəsən, dalğa yaxınlaşır axı! Hər halda bu iki il çox maraqlı il oldu. Haradasa daha bir diktaturanın çökməsini görməyin özü bir ləzzətdir.

Növbə hansı gülündür? Qızılgül olub, yasəmən olub… Bəlkə növbə indi də qərənfilindir? Qərənfil çox simvolikdir, deyilmi? Elə simvolik olduğuna görə də gözəldir…