“Polis vəhşiliyinin şok detalları” – Ramin Dekonun yazısının adıdı. Bu sabah bu yazını oxudum. Içim qaraldı. Həyəcandan ürəyim bulandı, başım hərləndi. Yazının hər kəlməsi insanın ağlını başından alır. Hətta mən Raminin bu qədər qəddar olmasına şaşırdım. Indi təsəvvür eləyin, qanlı olayı qələmə alan reportyoru bir belə qəddar sayıramsa, görün, vəhşəti törədənlər haqda nə düşünə bilərəm.
Yazının adını dedim. Baş verən hadisəyə – gənc Elvin Əsgərovun amansızlıqla öldürülməsinə isə ad vermək mümkün deyil. Hansı şiddətləndirici sözdən, ifadədən istifadə eləyirsən elə, yenə də bu cür hadisəyə ad qoymaq mümkün deyil.
Heç bir kriminal, şiddət bildirən ifadə bu qansızlığı çatdırmaq gücündə ola bilməz.
Rəhmətlik gəncin eybəcər hala salınmış cisminin şəkillərinə baxıram. Hətta baş əyilərək öz təbii formasını itirib. Insanın buna dözməsi üçün gərək əsəbləri o qədər sakit ola ki! Necə deyərlər – lap dəmir kimi. Boynuma alım, dəmirdən bərk metal, ya hansısa maddə olub-olmadığını unutmuşam. Deyərdim ki, “dəmir kimi” ifadəsi burda yerinə düşmür. Gərək o maddənin adı tapıla. Bax, bizim toplumun əsəbləri o maddə kimi bərkdi. Sakitdi. Sakitləşdirilib. Bir-iki gün qabaq dişimi müalicə eləmək üçün keyidici iynə vuran həkim yeri gəlmişkən deyir ki, vallah, bu millətə satılan ərzaqlara nəsə qatırlar ki, bu qədər hissiz ola bilir. Heç kim, heç nəyə reaksiya vermir – qımıltı yoxdu. Elə öz aralarında bir az donquldanırlar, vəssalam. Damağı keyləşən adam kimi bilirəm ki, həkim haqlıdı. Ağzının içində o qədər əməliyyat gedə, sinirlərini yerindən çıxaralar, bunu hiss eləməyəsən, deməli, doğrudan da, nəsə keyitmə işləmləri görülüb ki, toplum bu qədər dinc otura bilir.
Bax, o şəklə baxıb, heç olmasa özün-özünə it kimi zingildəmirsənsə, demək, mütləq sənin sinirlərin çıxarılıb. Və ya keyidilib.
Bu şəklə baxandan sonra bir anlıq mənə elə gəldi ki, əslində bu şəkil rəhmətlik Elvinin deyil, elə bu xalqın, tam xalqın olmasa da, toplumundu. Işgəncə verilmiş, eybəcər hala salınmış, tanınmaz şəklə düşmüş, ürək parçalayan, baş döndərən, heyrət doğuran, inlədən, ağrıdan, acıdan, ağladan, zavallı … toplumun şəkli!
Tunisdə başlayan inqilab bir göyərti satan gəncin öldürülməsi ilə başlayıb. Verilən bilgilərə görə isə, dirəniş əyləmini üç reper başladıb. Onlar “General” ləqəbli Xamad Ben Amor, Malik Kemiri və Lak Zu olub. Hər üç reper Tunisdə korrupsiya və totalitarizm əleyhinə nəğmələrin müəllifi kimi məşhurdur. Bizim reperlərin qəhrəmanlığı isə narkotik qullanmaqdan o yana keçmir.
Özümün də aid olduğum toplumun o şəklini görəndə “General”ın dillər əzbəri olmuş bir repinin adı gəldi ağlıma: “Prezident, sənin xalqın ölüdür!”.
Tunisdəki hadisələri qərb mətbuatı “Yasəmən inqilabı” adlandırıb.
Mənə qalırsa, bu, yasəmən inqilabı deyil, “Göy inqilabı”dı. Tarixdə buna bənzərləri olub da, məsələn “kartof üsyanı”. Hər şeyi öz adıyla çağırmaq gərəkdi. Tunisdəki baş verən hadisənin bir göy-göyərti satıcısını polisin öldürməsilə başladığını dedik. Nə var, adamın lisenziyası yoxmuş. Bütün ölkəni lisenziyasız talayanlar həmişə bir dəstə göy üçün ciddi sənədlər tələb eləyirlər. O da bir ətək rüşvət qarşılığında. Eynən bizdəki kimi. Polis, hətta dilənçidən də pay umur. Dolayısıyla dövlətin başçısı.
Deyəsən, şəklin də adını tapdıq, inqilabın da. Bircə polisin yapdığı bu işə ad tapmadıq.
Mənim variantım: “HƏ”…