Gömrük vətəndaşların cibinə girir

 

Məhəmməd Talıblı: «Gömrükdəki korrupsiyanın həm dövlət gəlirlərinə, həm də istehlakçılara böyük zərəri var»

 

Iqtisadi Tədqiqatlar Mərkəzinin (ITM) əsas ərzaq məhsullarının gömrük qiymətləri ilə bağlı açıqladığı məlumat bir çox qaranlıq mətləblərə aydınlıq gətirir. Məlum olur ki, Azərbaycan gömrüyünə 31 qəpiyə daxil olan, vergi və gömrük rüsumlarını da hesabladıqdan sonra 42 qəpiyə bazara buraxılan duzlu siyənək nə az, nə çox, 12 dəfədən də artıq qiymətə satılır. Həmçinin kərə yağı 1,89 manata gömrüyə daxil olur, 2,56 manata çıxır, 3,95 manata satılır. Meyvə və tərəvəzdən üzərinə ən az qiymət qoyulan naringi olub – bu meyvə ölkə bazarlarında 2,75 dəfə baha qiymətə satılıb. Idxal kartofu vətəndaşlara 6,58 dəfə baha qiymətə satılıb. Təbii bal gömrükdən keçəndən sonra 7,30 dəfə, şəkər 2,43, portağal 3,65, banan 3,72, qoz 5,14, sarımsaq 5,25, baş soğan 3,40 dəfə baha qiymətə satılıb.

Heç şübhəsiz, bu cür fərqin ortada olmasına adı çəkilən məhsulların ölkəyə idxalına ciddi inhisarın olması səbəbdir. Amma bununla yanaşı bir məqam da var ki, onu da vurğulamaq yerinə düşər. Keçmiş gömrük işçisinin qəzetimizə verdiyi məlumata görə, bəzən gömrükdə məhsulun adı dəyişilir və daha keyfiyyətsiz məhsulun adı qoyulur ki, burada da məqsəd az rüsumun ödənilməsidir. Az rüsumun ödənilməsi üçün eyni zamanda məhsulun dəyəri həqiqi olduğundan qat-qat aşağı göstərilir. Bütün bunlar isə heç şübhəsiz, rüşvətin sayəsində mümkün olur. Hər bir halda gömrükdəki korrupsiyadan itirən dövlət və sadə vətəndaş olur.

Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı bildirdi ki, ölkədə qiymətlərin qalxması çoxlu sayda səbəblərlə bağlıdır. Əsas maneələr gömrükdə total xarakter alan korrupsiya hallarıdır. Çünki, gömrükdə qiymətlərin qalxmasına ciddi təsir göstərən 3 amili bir-birindən ayırmaq olmaz: “Birincisi, tətbiq olunan ”korrupsiya vergisi” ilə bağlıdır. Yəni sahibkarlardan alınan qeyri-rəsmi ödəmələr istənilən malların ölkə daxilində qiymətlərinin yüksəlməsinə səbəb olur. Ikincisi, inhisarda olan mallar və yaxud həmin mənşəli malın, ümumiyyətlə, ölkəyə buraxılmamasıdır. Bu, rəqabəti mümkünsüz edən amildir. Üçüncüsü, məlum inhisarçılar tərəfindən ölkəyə daxil olan malların gömrük rəsmiləşdirilməsindəki rüsumların inanılmaz dərəcədə endirilməsidir”.

Digər tərəfdən, bir malın daha keyfiyyətsiz mal adı altında rəsmiləşdirilməsinə də tez-tez rast gəlindiyini deyən M.Talıblı vurğuladı ki, bu isə həm gizli iqtisadiyyatın genişlənməsinə, həm də büdcəyə ödənişlərin hədsiz azalmasına səbəb olur. M.Talıblının fikrincə, gömrük məntəqələrində baş verən belə genişmiqyaslı korrupsiya piramidası nəticə etibarı ilə 2 amili əhatə edir. Birinci amil, həmin malların inzibati və korrupsiya faktorları hesabına qiymətlərinin süni sürətdə qalxmasıdır. Yəni konkret halda bütün bu qeyri-rəsmi formada ödənişlər hesabına istehlakçıların cibinə girilir.

M.Talıblı hesab edir ki, ikinci vurğulanmalı məqam bütün bu gömrük spekulyasiyalarının Gömrük Komitəsindən dövlət büdcəsinə daxilolmaların azalmasına aparmasıdır. M.Talıblının sözlərinə görə, bu üzdəndir ki, Gömrük Komitəsi büdcəyə ödəmələri konkret hesablara deyil, öhdəliklər formasında həyata keçirir: “Ölkədə istehlak qiymətlərinin qalxmasını tək gömrükdəki korrupsiya faktları və gömrük siyasəti ilə bağlamaq da doğru olmazdı. Çünki, ölkə iqtisadiyyatı üzərində hökumətin müxtəlif tənzimləmə alətləri olduğu halda bundan rasional və yerli-yerində istifadə etməməsidir. Hətta inkişaf etmiş ölkələrdə belə müxtəlif təcrübələrdən istifadə olunur. Məsələn, inkişaf etmiş ölkələrdə istehlak qiymətlərinin 20%-i dövlət tərəfindən tənzimlənir. Buraya ABŞ, Yaponiya, Isveçrə və digər ölkələri göstərmək olar. Amma Azərbaycanda hər şey bazarın öz daxili qiymət tənzimlənməsinin üzərinə qoyulub. Təbii ki, burada hökumətin inzibati üsullar hesabına bazara müdaxiləsindən söhbət getmir”.

Xəyal