Zərdüşt Əlizadə: «Hakimiyyətdəkilər islamçıların təşkilatlanmasından qorxur»
«Polis rüşvət alanda yuxarı ilə bölüşür. Müasir Azərbaycanın polisi başqa cür ola bilməz»
Ölkədə növbəti siyasi həbslər və polis özbaşınalığının genişləndiyi bir dönəmdə ölkə başçısı növbəti müharibə bəyanatı ilə çıxış edib. Düşmənin qorxudan əsdiyini deyən Ilham Əliyev ermənilərə hər an sarsıdıcı zərbənin endirilə biləcəyini deyib. Bu və gündəmin digər aktual məsələləri ilə bağlı politoloq Zərdüşt Əlizadənin fikirləri ilə tanış olduq.
“Müharibə bu dəqiqə Rusiyaya lazımdır ki, pozulmuş geosiyasi və iqtisadi balansı bir qədər korrektə etsin”
– Ölkə başçısı bu günlərdə keçirdiyi müşavirədə bildirib ki, Azərbaycan ordusu hər an düşmənə sarsıdıcı zərbə endirə bilər. Bu, sıradan bir bəyanatdır, yoxsa arxasında nəsə dayanır?
– Azərbaycan prezidenti orduda qulluq etməyib, müharibənin nə olduğunu bilmir. Müdafiə Nazirliyinin baş qərargahındakı generallar birinci müharibədə parlaq məğlubiyyətə uğrayıblar. Ordudakı vəziyyət haqqında məlumat mütəmadi olaraq cəmiyyətə sızır. Dərəbəylik, intizamsızlıq, rüşvətxorluq, texnikanın əsas hissəsinin vəziyyəti bərbaddır. Zabitlərin əksər hissəsinin həm bilik səviyyəsi, həm mənəviyyatı çox aşağı səviyyədədir. Azərbaycan iqtidarı mexaniki olaraq pulların həcminin böyüməsini, büdcənin artmasını sanki Ermənistan üzərində qələbənin zəruri şərti sayır. Bu da onların qeyri-peşəkarlığından və müharibə haqqında təsəvvürlərinin tam bəsitliyindən xəbər verir. Demirəm ki, Ermənistan ordusu bizdən yaxşı vəziyyətdədir. Düşmən ordusu bizim qədər bərbad durumdadır. Lakin onların müəyyən qədər qələbə, bizim isə çox ağır məğlubiyyət təcrübəmiz var. Bundan əlavə, unutmayın ki, nə erməni, nə də Azərbaycan xalqına, nə də bu ölkələrin rəhbərlərinə müharibə lazımdır. Müharibə bu dəqiqə Rusiyaya lazımdır ki, pozulmuş geosiyasi və iqtisadi balansı bir qədər korrektə etsin.
“Bahalığın birinci şərti hakim zümrənin acgözlüyüdür”
– Prezidentin müşavirədə toxunduğu başqa bir məsələ süni qiymət artımları ilə bağlıdır. Lakin məlumdur ki, ölkənin əsas monopolistləri onun öz ətrafında olan oliqarx-məmurlardır. Bu da adi bir bəyanatdır, yoxsa Ilham Əliyev dünyada iqtisadi problemlər səbəbindən baş qaldıran etirazların Azərbaycanda da təkrarlanacağından ehtiyatlanır?
– Qorxu da var. Ancaq o biri tərəfdən iqtisadiyyat sözlərlə yox, qaydalarla idarə olunur. Bir də iqtisadiyyatın öz qanunları var. Azərbaycanda da bahalığın birinci şərti hakim zümrənin acgözlüyü, xalqı qarət etməsi, rüsumların, rüşvətin yüksək həddi, gömrük sisteminin, Vergilər Nazirliyinin, icra hakimiyyətinin, polisin, məhkəmənin, prokurorluğun tamamilə rüşvət içində olmasıdır. Bu, birinci səbəbdir. Bir tərəfdən boğazdan yuxarı deyir ki, süni surətdə qiymətləri artırmayın. O biri tərəfdən yekə bir anbar dəftəri var. Azərbaycana hər bir malı hansısa bir qohum, tanış, tayfa üzvü gətirir və inhisar qiymətlərini təyin edir. Eyni zamanda il ərzində Vergilər Nazirliyinin müfəttişləri reket kimi gəzib sahibkarların cibinə girir. Belə şəraitdə qiymətlər artmaya bilməz. Təbii ki, artacaq. Çünki yuxarıda olan hakim zümrənin istehlak standartları artıq Ərəb əmirlərinin istehlak standartlarına yaxınlaşır. Hamı özündən yuxarıdakılara baxır.
“Çəkişmələrin səbəbi Ilham Əliyevin yarıtmaz idarəçiliyidir”
– Nazirliklərin arasında məhkəmə çəkişmələri artıb. Qaz pulunun, işıq pulunun vaxtında ödənməməsi səbəbindən bəzən iki qurum arasında qalmaqal yaranır. Bunun əsas səbəbi nədir?
– Nazirlər öz qəsbkarlıq ərazisini genişləndirmək məqsədi ilə başqa nazirlərin də ərazisinə soxulur. Sadəcə olaraq Heydər Əliyev bunu daha məharətlə tənzim edirdi. O zaman da dövlət müəssisələri işığın, qazın, suyun pulunu vermirdilər. Məsələ prezidentin səviyyəsinə qalxırdı. O da müşavirə keçirirdi. Gözdən pərdə asmaq, canlı yayımda xalqa öz müdrikliyini sübut etmək üçün hansısa bir qərar qəbul olunurdu. Bu qərar da, adətən, belə olurdu ki, bir dövlət müəssisəsinin başqa dövlət müəssisəsinə olan borcu silinirdi. Indiki çəkişmələrin səbəbi isə Ilham Əliyevin yarıtmaz idarəçiliyidir.
“Qərbi aldatmaq, hansısa təsəvvür yaratmaq mümkün deyil”
– Son günlərin ən çox müzakirə olunan mövzusu Islam partiyası üzvlərinin həbsidir. Bir çoxları bu həbsi partiya sədrinin Ilham Əliyevi kəskin tənqid etməsi ilə əlaqələndirir. Lakin bəzi ekspertlər son repressiyalarla hakimiyyətin Qərbə ölkədə islam təhlükəsinin mövcudluğunu nümayiş etdirmək istəyini göstərmək qənaətindədir. Əslində nə baş verir?
– Əvvəllər, 90-cı illərdə Qərbə nə isə göstərməyin faydası ola bilərdi. Çünki hələ Qərbin Azərbaycanın hakimiyyəti haqqında tam, aydın, qəti təsəvvürü yox idi. Amma indi maşallah, bütün iri dövlətlərin kəşfiyyatçıları, diplomatları, jurnalistləri Bakıdadır. Öyrəniblər, Azərbaycan hakimiyyətinin cikini-bikini bilirlər. Bilirlər ki, bu nə cür tip hakimiyyətdir. Ona görə hansısa görüntü yaratmaq, Qərbi aldatmaq, hansısa təsəvvür yaratmaq mümkün deyil. Sadəcə hakimiyyətdəkilər islamçıların təşkilatlanmasından qorxur. Sadə camaatın yanında oturub, onunla danışan, onun dərdini bölüşən, ona yol göstərən ancaq islamçılardır. Məsciddə, yasda, toyda, gündəlik həyatında insanların yanında dayanıb deyirlər ki, islami dövlətdə indiki ədalətsizliklər və qudurğanlıqlar ola bilməz. Insanlar isə sadəlövhcəsinə buna inanır. Ona görə də hakimiyyət bunu görür və qorxur.
“Siyasi islam təhlükəsini aradan qaldıra biləcək ən qüdrətli silah Qurani-Kərimdir”
– Müsahibələrinizin birində demisiniz ki, islamçılar hakimiyyətə gəlsə, Ilham Əliyevə Milli Qəhrəman adı verəcəklər. Bunu necə izah edirsiniz?
– 2003-ci ilə qədər mənə xaricilər sual verəndə ki, Azərbaycanda siyasi islam təhlükəsi varmı, deyirdim xeyr, istisna olunur. Bizim xalqımız, dünyəvi, sekulyar xalqdır. Bizdə islam inqilabı üçün potensial, şərait yoxdur. Ancaq Ilham Əliyev hakimiyyətə gələndən sonra özü və ətrafı o qədər qarət, ədalətsizlik, zülm, azğınlıq nümayiş etdiriblər, dünyəvi müxalifəti və vətəndaş cəmiyyətini o qədər əzib, halsızlaşdırıblar ki, meydan islamçılar üçün təmizlənib. Islamçılar gecə-gündüz xalqın yanındadırlar. Işsizlərlə, kasıblarla, məzlumlarla, hətta pulu olub həyatın mənasını axtaran varlı insanlarla danışırlar. Deyirlər ki, baxın Qərbə. Ikili standart, əxlaqsızlıq, həyasızlıq, sırtıqlıq, yalan sözlər, murdar işlər. Bunun da müqabilində biz pak, saf islam qurmalıyıq. Camaat da buna inanır. Ona görə də islamın tərəfdarlarının sayı artır. Bunun nəticəsində daha çox siyasi islamın gücü artır. Bu da onu göstərir ki, hakimiyyət öz siyasətini düzgün qurmayıb. Məndən soruşsalar, deyərəm ki, siyasi islam təhlükəsini aradan qaldıra biləcək ən qüdrətli silah Qurani-Kərimdir. Amma hakimiyyət Qurani-Kərimdəki saflıqdan qorxur.
– Bu prosesə artıq Irandan da cavab gəlib. Hər iki ölkənin telekanallarında Azərbaycan və Irana qarşı kəskin tənqidlər, hətta təhdidlər səsləndirilir. Bu, hansı nəticə verəcək?
– Ittihamlar adi bir şeydir. Qonşu dövlətlər, qonşular, hətta dostlar arasında belə hal olur. Nə qədər eşitmişik ki, ata balasına deyir, səni öldürəcəm. Ancaq öldürmür ki. Fərqli dövlətlərik. Azərbaycan “Avropasayağı”, Iran “müsəlman” dövlətidir. Bu dırnaqarası dövlətlər bir birini bəyənmir və ittiham edirlər. Təbii ki, burda müəyyən kəşfiyyat və ideoloji işləri də var. Bizimkilər Irana qarşı, Iran bizə qarşı iş aparır. Ancaq bunların hamısı dövlətlərarası münasibətlərdə normal haldır. Heç bir qeyri-adilik yoxdur. Ittihamlar və küsülülüklərdən sonra dövlət başçıları görüşüb sarsılmaz əbədi dostluqdan danışacaqlar.
“Müasir Azərbaycanın polisi başqa cür ola bilməz”
– Son günlər polis vəhşiliyi halları yenə artıb. Polis idarəsində döyülərək öldürülmə, polis özbaşınalığından bezib özünü yandırma halları var. Lakin Daxili Işlər Nazirliyi bu halları gizlətməyə çalışır. Bir polis nəfərini cəzalandırıb məsələyə nöqtə qoymaq olmazdımı?
– Heç bir polisi cəzalandıra bilməzlər. Çünki bunların məqsədi xalqı terror etmək, qorxutmaqdır. Onlar döyürlər, öldürürlər, əzab verirlər, cibinə girirlər, yaşamağa mane olurlar. Bu, Azərbaycan polisinin funksiyasıdır. Ilham Əliyev, Ramil Usubov polisinin vəzifəsidir. Onlar bu funksiyanın öhdəsindən uğurla gəlirlər. Nəyə görə polisləri cəzalandırsınlar? Desinlər, niyə döyüb-öldürmüsən? Döyən polis də deyəcək ki, rəis, sən mənə demisən döy-öldür, mən də öldürürəm. Bir polisi cəzalandırsa, o biri polislər gedib döyməz axı. Bir polisi rüşvət aldığına görə cəzalandırsa, o biri polis rüşvət almaz axı. Polis rüşvət alanda yuxarı ilə bölüşür. Odur ki, müasir Azərbaycanın polisi başqa cür ola bilməz.
Fizzə Heydərli