Qərib ellərin, qərib dillərin qərib axşamları

 

Bizə öz «Gönülçələn»lərimiz gərəkdir

 

Dekabrın son günləri Uşaq rəsm qalereyasında Azərbaycanda fəaliyyət göstərən səfirliklərdə çalışan xaricilərin uşaqlarının rəsmlərindən ibarət sərgi açılmışdı. Sərgiylə televiziyada tanış oldum. Deyim ki, əl işləri yaradıcılıq baxımından uğurlu alınmasa da təşəbbüs olaraq maraqlıydı.

Hamı deyir: uşaqlar hər şeyi olduğu kimi qəbul edir və sözün düzünü deyirlər. Beləymiş. Əcnəbi uşaqlar nəyi necə görmüşdülərsə, eləcə də çəkmişdilər. Məsələn, uşaqlardan biri Azərbaycanın qartal burunlu xəritəsini çəkib ölkənin adı yazılası yerdə iri hərflərlə “YAP” yazmışdı! O uşağın gözündə “YAP” – Yapbaycan mənasındadı. Hansı tərəfdən, hansı gözlə baxsan, Azərbaycan belə görünür. Içəridən də, dışarıdan da.

Kateqoriyalılar və kateqoriyasızlar

Həftəlik teleicmallarda yer alan verilişləri bir neçə kateqoriyaya ayırmışam. 1. Adı qəzetə düşməyə layiq olmayanlar, 2. Başdansovdu, məqsədli hazırlananlar, 3. Tamaşaçının baxdığı, amma baxılmağa layiq olmayanlar, 4. Efirə gərək olan, sadəcə müəyyən çatışmazlıqları olanlar, normal verilişlər, səviyyəlilər. Aydınlıq üçün onların hərəsinə bir nümunə gətirək.

1. AzTV-nin uşaqlar üçün “Çoxbilmişlərdənsinizmi” adlı verilişi var. Orda səviyyə baxımından fərqlənməyən, biri böyük, o biri uşaq iki aparıcı var. Böyük yaşlı aparıcı özünü uşaq, uşaqsa böyük kimi göstərməyə çalışır. Orda savadsız uşaqlara ağılsız suallar verir, o ağılsız suallara savadsız cavab verənlərin arasından həftənin çoxbilmişi seçilir. Məsələn, bir dəfə uşaqlardan soruşmuşdular: “Südünü içdiyimiz üç hansı heyvana minnətdar olmalıyıq”. Cavab variantları beləydi – pişik, inək, ulaq. Cümlə quruluşu səhv, elmi cəhətdən heç bir bilgi verməyən suala mənasız cavablar verilmişdi. Uşaqlardan biri inəyə minnətdar olmalı olduğunu (qurudulmuş süddən söhbət getmir) bildiyindən həftənin çoxbilmişi seçildi. 5 yaşlı uşaq 5 yaşındaca ilk saxtakarlığa imza atdı, yalançı qalib, qəhrəman oldu. Uşaqlar dayaz düşüncəlidir deyə AzTV-də onlara bunca mənasız suallar verirlər, ya elementar suallar verilir deyə uşaqlar belə dayaz düşünürlər, bilmirəm. Hər halda bu cür verilişlərlə televiziyalar uşaqlarımızı kütləşdirir, onları yalançı qəhrəmanlığa alışdırırlar. Amma yox, hamı belə deyil. ANS-in “Uşaqdan-böyüyə”sindəki Sədi bala AzTV-nin çoxbilmişinin yanında akademikdi, dahidi. Yazanda hərf səhvi edən uşağa “çoxbilimiş” adı vermək ad verənin azbilmiş olması deməkdir. Bu sayaq verilişlər bütün kanallarda var, onların adını çəkməyin özü ayıbdır.

2. Musiqi, sənət yarışmaları, AzTV-nin “Tərəfmüqabil”i, ITV-nin, Space-nin, ANS-in tok-şouları, “Xəzər”in “Səyyah”ı və s.

3. ATV-nin “Ulduz oldun”u, ANS-in “Toy olsun”u, Lider-in “Qızıl pilləsi”, “Xəzər”in “Ay Zaur”ları və s.

4. Belə verilişlər az deyil. Onlardan hər zaman yazırıq. Bunlar əsasən maarifləndirici verilişlər, bədii, publisistik proqramlar, hətta bəzi əyləncəli verilişlərdir. Məsələn, Lider-in “Maşın şou”su, “Tap dostum”u, ATV-nin “Rəsmilər-qeyri rəsmi”si, ANS-dəki “Ölümdən 24 saat əvvəl”, AzTV-dəki “Çto, Qde, Koqda”, Space-dəki “Yumor kuboku” kimi verilişlər, ITV-nin tarixlə bağlı araşdırma verilişləri, “Qərib axşamlar”ı və s.

Hələlik bu sırada yüksək səviyyəli, tam professionallıqla hazırlanan orijinal verilişlər yer almayıb. Məsələn, Rusiya, Türkiyə televiziyalarındakı çox böyük auditoriyanın iştirakıyla çəkilən sanballı canlı yayımlara bənzər proqramlar. Yəni türklərin “Yetənək sizsiniz”ini Space-nin boz-bulanıq, darısqal studiyasına yerləşdirib layiq olmadığı yerdə əyləşən münsiflərin ixtiyarına buraxmaqla Azərbaycan efirini zənginləşdirdiyini, Azərbaycan tamaşaçısının zövqünü oxşadığını düşünmək sarsaqlıqdır. Cüzi vəsaitlə, az qüvvəylə, tapşırıqla televiziyada işə götürülən, jurnalistikanın tələblərindən xəbərsiz qeyri-peşəkarlarla maraqlı, gözəl veriliş hazırlamağın mümkünsüzlüyü yəqindir. Televiziya rəhbərləri gəlirlərini maddi-texniki bazanın təkmilləşməsinə, kadrların inkişafına yönəltməsələr hələ uzun müddət Azərbaycan telekanalları tamaşaçısız qalacaq. Tamaşaçı “Gönülçələn”dən bezib yerli kanallara baxmaq istəyəndə belə həsrətlə yenidən həftə boyu “Gönülçələn”i gözləməli olacaq. Bizlərin öz “Gönülçələnlər”i olmalıdır, artıq.

“Qərib axşamlar” “ATV Maqazin” deyil

Bəri başdan bildirim, yazacağım fikirlərin heç birinin “Qərib axşamlar” verilişinin aparıcısı Yusif Günaydının şəxsiyyətinə aidiyyəti yoxdur. Ən azı ona görə ki, televiziya verilişi bir adamın əməyinin məhsulu deyil. Itv-nin daxili idarəçilik qanunlarından xəbərdar olmamız aparıcının məsuliyyətini birə-beş azaldır. Üstəlik, Yusif müəllim televiziya aparıcısı kimi 20 il öncə AzTV-nin “Dalğa” verilişində özünü təsdiq edib, hələ də efirə yaraşır. Sadəcə ölkə teleməkanında mövzu və forma baxımından “Qərib axşamlar” kimi veriliş olmadığından onun təkmilləşdirilməsinə gərək olduğunu düşünürəm deyə ona geniş yer ayırmışam. Ictimainin bir neçə dəfə çox zövqlü, səviyyəli kütləvi verilişlər hazırladığını yaxşı xatırlayıram. Gərək ki, Novruz bayramı verilişinin birini Şəki rayonundan çəkmişdilər. Məna baxımından o biri kanalların bayram verilişindən ciddi fərqlənməsə də, yaradıcılıq, rejissura baxımından zəngin proqramdı. “Qərib axşamlar”a da əlavə vəsait, yardımçı qüvvələr cəlb etməklə təkmilləşdirmək, zənginləşdirmək olar. Maraq xatirinə dekabr ayı boyunca verilişin bütün buraxılışlarını izlədim. Dekabrda beş veriliş olub. Beşindən ikisi o birilərə nisbətən daha baxımlıydı. Amma beş veriliş bir yerdə çox zəifdi. Əvvəla verilişin adı barədə. Ad məsələsində-“Ovqat”da da bir yol ITV ilə AzTV toqquşdu. Ictimai “Ovqat”ı AzTV-dən götürmüşdü. Veriliş adı olaraq “Qərib axşamlar”da AzTV-nin məhsuludur. Uzun müddət dövlət radiosunda bu adda veriliş olub. Doğrusu indi olub-olmadığını bilmirəm deyə “olub” yazıram, bəlkü də var. Uğurlu, cazibəli, ürəyəyatan addır, amma özgənin adıdır – məyüsedici faktdır. “Qərib axşamlar”ın studiyasının döşəməsindəki milli ornamentlərdən biri olan qoşa buta şəkli də AzTV-nin verilişlərarası “Buta”sını xatırladır. Istəməzdim. Özününkü və təkrarsız olanda hər şey gözəl, baxımlı alınır. Tamaşaçı bir televiziyada gördüyünü o birində təkrar görmək istəmir, bəyənmir, qəbul etmir. Sonra, verilişə dəvət olunan qonaqlar barədə. Bir halda ki, proqram dünya azərbaycanlıları üçün nəzərdə tutulub, verilişə zənglərdən də soydaşlarımızın onu izlədikləri bəlli olur, demək, bu verilişdə tanınan, sözünə güvənilən, milyonlara səslənməyə haqqı olan insanlar dəvət olunmalıdırlar. Ədəbiyyat, incəsənət adamları, idmançılar və musiqiçilər. Məhdud seçimdir. Yaramaz. Azərbaycanın ancaq bu sahələrlə təmsil olunduğunu düşünmək yanlışdır. Həm də çoxlarının dəvətlə deyil, sifarişlə, xahiş-minnətlə bu verilişə düşdüyü aydınca hiss olunur. “Qərib axşamlar”ın müğənni seçimi pullu şou proqramlara çıxan diletantların paradına bənzəyir. Elza Seyidcahan, Nura Suri, Leyla Ramazanlı kimi ifaçılar dünya azərbaycanlılarına səslənməyə haqqı olmayan kəslərdir. Beş verilişin birində, onlardan biri Dünya azərbaycanlılarının həmrəylik gününə düşmüşdü, amma sonacan baxa bilmədim, Azərbaycan adına layiq ifaçı görmədim. “Qərib axşamlar” ATV Maqazin-dimi məgər müğənni istədiyin həftə efirə çıxsın? Əlbəttə, yox!

Hər dəfə aparıcı verilişə başlayanda bu cümləni işlədir: “Dünya azərbaycanlılarınını yeganə görüş yeri olan verilişdə sizi salamlayırıq”. “Yeganə görüş yeri” – əsassız, doğru olmayan iddiadır. Hər verilişdə “Sizin çox sevdiyiniz ”Qərib axşamlar” verilişi” ifadəsini işlətmək tamaşaçını qıcıqlandırır. Veriliş sevilirsə, xatırlatmağa dəyməz, başa vurmağa dəyməz. Tamaşaçı sevər də özü bilər, sevməz də. Sevgini onun boynuna qoymaq doğru deyil. Və “sevgi, etiraf məktubları” təşkil etməyə, ya var olanları anlatmağa gərək yoxdur. Məsələn, Yusif müəllimin dilindən verilişini təriflədiyinə görə tanınmayan jurnalist xanımın ünvanına ucuz tərif yağdırılmasını, onun verilişə yönəlik tərif məktubunun oxunmasını heç istəməzdim. Məktubdan oxunanlardan: “Bu gün Azərbaycan teleməkanında milli dəyərlərə əsaslanan, tərbiyəvi əhəmiyyətli az veriliş var ki, onlardan biri, bəlkə də birincisi ”Qərib axşamlar”dır”. Həqiqəti ifadə etməyən bu cümlə efirdən oxunmalıydımı, yox, bir daha yox! Ucuz təbliğat əks-effekt verir, Yusif müəllim bunu bilməmiş deyil. Sonda məktubda yazıldığı iddia edilən belə bir cümlə səsləndi: “Siz bizim ürəyimizdə özünüzə yer edirsiniz. Bir gün əllərinizi sıxmaq həsrətinin şərəfi ilə”. Belə cümlələrə bizlərdə “erməni budaq cümləsi” deyirlər. Ixtisasca jurnalist olan məktub müəllifi belə savadsız cümlə qurub, ya verilən sifarişi pafoslu cümlələrlə bəyəndirmək istəyib, hər nədisə alınmayıb. Hansısa televerilişdə özünü, verilişi təriflətdirmək, hər verilişin iştirakçı-qonağına tərif, təşəkkür, minnətdarlıq dedizdirmək zəiflik əlamətidir. Verilişinin səviyyəsindən arxayın olan kəs özünə tərif dedizdirməz. Komplimentə layiq olmayanlar tamarzı olarlar. “Qərib axşamlar” Azərbaycan diasporunda təmsil olunan icma rəhbərləri üçün də əsl təbliğat, özünü təriflətmək yeridir. ITV Çelyabinskdə yaşayan Rəfael müəllimə bu imkanı canla-başla vermişdi. Verilişin bu yerinin AzTV-nin xaricdəki soydaşlarımızdan hazırladığı sifarişli verilişlərə yaman bənzəri vardı. Halbuki, heç bir alverə getmədən, azərbaycanlı icmasının yardımı ilə Çelyabinskdə yaşayan yüzlərlə, hətta minlərlə (Rəfael müəllim onların 10 min nəfər olduğunu söylədi) insanın iştirakıyla çox gözəl, tərifsiz, yaltaqlanmalarsız bir veriliş hazırlamaq olardı, gözəl də alınardı. Fikrimcə, bu məsələdə ITV-yə Diaspor Komitəsi də yardım göstərə bilər.

“Qərib axşamlar” efirə canlı yayımlansa da başının üstündə, ya aparıcının düşüncəsində ciddi senzura olduğu aşkardır. Ütülənmiş cümlələr, məqsədyönlü fikirlər, adekvat reaksiyalar, qadağalar – bütün verilişlərə xarakterikdir. Səmimiyyət, açıqlıq, zarafat, yumor yoxluğu – bunlar da bütün buraxılışlarda olmayan keyfiyyətlərdir. Baxdığım verilişlərin birində birbaşa yayıma Almaniyadan qoşulan tamaşaçı söhbətə “mən istəyirəm sizinlə Qarabağ məsələsindən danışam” cümləsiylə başladı. Aparıcı telefonun o başından gələn səsin sözünü yarımçıq kəsdi – “Bəlkə Azərbaycandakı əqrəbalarınıza salam” göndərəsiniz. Heç yeridir. Bəli, adam başladı salam göndərməyə, təbii bununla onun fikri yayındı və aparıcı vaxt qazanaraq verəcəyi cavabı düşünə bildi. Almaniyalı soydaşımız uzun, dolaşıq cümləylə, cənub ləhcəsiylə “şurəvidən xilas olan Azərbaycanın ermənilərə Qarabağda hökumət qurmağa niyə imkan verməsiylə maraqlandı” – elə bu an Yusif Günaydının vətənpərcəsinə, ITV-cəsinə, hökumət sözçüsücəsinə, daha nə bilim nə cəsinə cavabı gəldi: “Təəssüf ki, 20 faiz torpaqlarımız işğal olunub. …Amma  inanırıq ki, tezliklə Qarabağ bizim olacaq, biz ora Azərbaycan bayrağı sancacağıq” – daha nə bilim nələr. Bu, artıq “Qərib axşamlar” deyildi, “Carçı”ydı, “Xəbərlər”di, Qarabağ əlillərinə ev paylanması törəniydi, I.Əliyevin NK-da keçirdiyi müşavirəydi, xalqa yeni il təbrikiydi. ITV-ydi, AzTV-ydi, Liderdi, ANS-di, amma “Qərib axşamlar” formatı deyildi.

A.Türkoğlu