Etimad limiti tükənəndə

Yox, mən hələ ki, dramatik mənzərə cızmaq fikrindən uzağam. Bu hakimiyyət hələ daxildəki vəziyyətə nəzarət edə bilir. Fikir verin, mən “daxili vəziyyətə nəzarət edə bilir” – dedim. Bəli, vaxt vardı bunlar xarici dairələrə də nəzarət edirdilər, uzun müddət hamı Azərbaycan deyəndə sanki ağzına su alıb susurdu. Artıq cin şüşədən çıxıb, danışırlar, bundan sonra susmayacaqlar, olanı deyəcəklər. Mən hələlik bu mənzərədən müxalifət üçün ən azı böyük bir təskinlik görürəm. Bu, müəyyən mənada mənəvi məsələdir. Bizlər, çox, olduqca narahat idik, zənn edirdik ki, bizi anlamırlar, başa düşmürlər, ya da başa düşmək istəmirlər. Amma indi məlum olur ki, qərblilərin də bu sülalə hakimiyyəti haqda düşündükləri bizim düşüncələrimizlə identikdir, eynidir.

Indi hər şey mübarizənin gedişindən asılıdır. Hakimiyyət bunu yaxşıca dərk edir, çalışır ki, ölkə daxilində real gücə sahib olan heç bir siyasi qüvvə və ya təzyiq qrupu qalmasın. Biz buna imkan verəcəyikmi? Tamam kənara çəkilib bəzi siyasətçilər kimi baş verənləri tənbəl-tənbəl seyr edəcəyikmi? Onlar bunu çox istəyir, hətta güman edirəm ki, təqaüdə yollanan bəzi siyasətçilər üçün yaxşı bir qocalıq təmin etməyə də xəsislik etməzlər, axı bizləri xoşbəxt etmək üçün o qədər də böyük məsrəf tələb olunmur, bu qədər sərvət sahibi üçün kiminsə qocalığını təmin etmək nə müşkül məsələdir ki? Amma bizsiz də artıq bunlara rahatlıq olmayacaq. Səbəb? Bilirsiniz, bir qədər paradoksal görünsə də, Azərbaycanın timsalında ən azı mini-region səviyyəsində bir oyunçu görüblər və böyük “şahmat taxtasına” daha bir fiqur da cəlb edilib. Bu fiqurun gələcəkdə önəmi arta bilər, ona görə o da kombinasiyalara daxil edilir. Kiçik də olsa, bu, maraqlı fiqurdur, çünki onun sahibləri arabir hədlərini aşırlar, ancaq özlərinə oynamaq istəyirlər, bu isə şahmat partiyalarında əngəllərə səbəb olur.

Deməli, təzyiq artmalıdır. Və biz artıq bu təzyiqləri görürük. I.Əliyev çıxışlarının birində demişdi ki, biz Azərbaycanın önəmini nə şişirtməliyik, nə də kiçiltməliyik. Amma özü tez bir zamanda elə özünün irəli sürdüyü tezisi unutdu. O, Azərbaycanı təkcə daxildə kral kimi idarə etmir, xaricdə də kral kimi davranmaq istəyir. Buna imkan veriləcəkmi, bu istək təmin olunacaqmı? Güman etmirik. Kiçik dövlətlərin başında böyük krallar heç kimə lazım deyil. Bəli, elə vaxtlar olub, ABŞ “böyük diktatorlar” yaradıb, onları hakimiyyətə gətirib. Amma artıq kommunizm yoxdur. Əgər güclü Azərbaycan heç kimə lazım deyilsə, onun güclü kralı artıq dünəndən hamı üçün əhəmiyyətini itirib və heç kimə gərəkli deyil, xüsusən nəzərə alanda ki, o, imkan verildiyindən artıq müstəqil olmağa cəhd edir. Ona görə də mən 2013-cü ili o qədər də asan təsəvvür etmirəm, təbii ki, bunun üçün müxalifət səy göstərərsə.

ki dəfəlik məhdudiyyətin götürülməsi hakimiyyət daxilindəki siyasi ehtirasları yatırdıb, kənarda isə vəziyyət başqa cürdür. Bu da aydındır ki, etimad limiti də yaxınlaşmaq, tükənmək ərəfəsindədir, açıq desək, I.Əliyev nə ABŞ-ın, nə Türkiyənin, nə Rusiyanın “özününkü” deyil. Bu cərgədə əgər Rusiya siyasi taleyin qismətinə boyun əyməyə məcbur və itaətkar görünürsə, bunu ABŞ və Türkiyə haqqında demək olmur, onlar bir qədər fərqli düşünürlər. Nə ABŞ, nə Türkiyə hələ vaxtilə AXC hakimiyyətini görmüş Rusiya kimi “yenə də bunlara şükr!” demir. Rusiyada da çox şey daxildəki vəziyyətin aydınlaşmasından asılıdır – V.Putin siyasi səhnədən az da olsa çəkilərsə, siyasi təşəbbüs D.Medvedevin əlinə keçərsə, orada da bir sıra yeniliklər baş verə bilər. Indi azı bir məsələni qeyd etmək mümkündür. Maraqlı siyasi proseslər istəmirdinizmi? O, artıq var.

Kiçik sözardı

Bilirsiniz, adam qəribə hisslər keçirir. Bu günlərdə istefa vermiş müxalifət funksionerlərindən birinin müsahibəsini oxudum. Müxalifətlə bağlı bir xeyli irad vardı. Ən maraqlısı odur ki, biz bu iradları on il əvvəl deyirdik.

Deməli, müxalifəti hərəkətə gətirmək mümkündür. Ən azı ona görə ki, onun təmsilçiləri belə potensialı görürlər. Onda problem nədədir?