Nəriman Nərimanovun tarixdəki yeri (VI yazı)

Azərbaycanda “sovet hakimiyyəti” qurulan dönəmdə, Bakıya yola düşürkən Leninlə Stalin onunla ayrı-ayrılıqda görüşüb danışmış, onun Azərbaycanla bağlı planları ilə tanış olmuşdular. O, “Müstəqil Sovet Azərbaycanını” bütün Doğu dünyası üçün örnək ölkəyə çevirmək istəyindən, bu yolla sosializmi qonşu ölkələrə, oralardan Hindistanadək yaymaq perspektivindən danışmışdı. Onlar onun planlarını “ürəkdən” bəyəndiklərini bildirmişdilər. Elə buna görə də Nərimanov Bakıya, Azərbaycana çox böyük inamla, sevincək gəlmişdi: zarafat deyildi, onun planlarını yoldaş Leninlə yoldaş Stalin bəyənmişdi. “Yoldaş”! Onların necə yoldaş olduğunu sonra biləcəkdi.
(Onlar bir yandan Azərbaycanda Nərimanovun sıxışdırılmasına yönəlmiş siyasət yürüdəcək, o biri yandan Göyçə-Zəngəzurun üstündən Dağlıq Qarabağı “Ermənistana” vermək istəyəcək, Bakını Azərbaycandan ayırıb, Rusiyanın bir quberniyasına çevirməyə çalışacaqdılar. Bütün bunlardan sonra Nərimanov Leninə teleqram göndərəcəkdi: “Sən alçaq adamsan. Sən elə alçaq olmusan”.)
Respublikada işlər onun planları, istəkləri ilə uyuşmayan axarda gedirdi. Müsavat hökumətini o, burjua, bəy-xan hökuməti olaraq bəyənməmişdi. Indi başında durduğu hökumətin nə hökuməti olduğunu hələ o özü də anlamırdı. Respublikada “sovet hakimiyyəti” adı altında bandit hakimiyyəti qurulmuşdu. Buna görə onun partiyaiçi demokratizmdən yararlanıb, işləri yoluna qoymaqla bağlı çalışmaları, gözləntiləri boşa çıxmışdı. Partiya maraqları, sosial prinsiplər hakimiyyətə gələr-gəlməz unudulmuşdu. Ən başlıcası, respublikanın milli maraqları ayaqlar altına atılır, tapdaq edilirdi. Işlərin düzəlməyinə inamını itirərək o, Moskvaya – Mərkəzi Komitəyə üz tutur, sosial əyintiləri, siyası sapıntıları aradan qaldırmaq üçün Moskvadan – Mərkəzdən yardım istəyirdi.
Ona söz verilir, başqalarına, onu yavaş-yavaş blokadaya alıb, kəsərsiz-etkisiz duruma gətirənlərə yardım edilirdi. Bunlar kimlər idilər? Mikoyan başda olmaqla rus-erməni-yəhudi birliyi, bir də onların çeşidli yollarla ələ aldıqları azərbaycanlı partiya-hökumət yetkililəri. Sovetləşmə ideyalarının geniş xalq kütlələrinə yad olması üzündən, o çağlar “sovet hakimiyyəti” anlayışı tək Bakı demək idi. Bakı – zəngin neft şəhəri! BEKAya yiyələnən Bakıya yiyələnmiş olurdu. Bunu gözəl bilən erməni-daşnaklar başlanğıcdan BEKAya yiyələnmiş, BEKAda özləri özlərinə siyasi vərəsəlik hüququ qazandırmışdılar (sözsüz, Kremlin yardımı ilə). Mikoyan Moskvaya aparılandan sonra onun yerini “demokratik seçki” yoluyla Sərkis, Sərkisdən sonra Mirzoyan tutmuşdu. Neftin başında Moskvadan göndərilmiş Serebrovski dururdu. BEKAnın yiyəsi ermənilər, neftin yiyəsi yəhudilər olmuşdu. Bütövlükdə, Bakıda hakimiyyət rus-erməni-yəhudi birliyi arasında bölüşdürülmüşdü. Onların yaxın arxası 1920-ci ilin aprelindın RK(b)P MK-nın Qafqaz Bürosuna, 1922-ci ildən 1926-cı ilədək Zaqafqaziya Diyar Partiya Komitəsinə başçılıq edən S.Orconikidze, uzaq arxası Kreml idi.
Nərimanov bütün bunları – Azərbaycanda “sovet hakimiyyəti” adı altında yürüdülən kolonialist, antimilli siyasətlərin arxasında Moskvanın, Kremlin dayandığını biləndə aldadıldığını anladı. Anlayanda Mərkəzi Komitəyə “Ucqarlarda inqilabımızın tarixi ilə bağlı” (yol. [I.V.] Stalinə; surəti: yol. [L.D.] Trotskiyə, yol.[K.B.] Radekə) adlı ünlü yazısını göndərdi. Bu, özünə ölüm hökmü imzalayan bir yazı idi. Başlıcası 1923-cü ildə, artırması bir il sonra yazılmış bu yazıdan göründüyünə görə, daha solçu Nərimanov yox idi; onun yerini bütünlüklə milli maraqlara bağlı, bütün varlığı ilə milli maraqların qorunmasına qalxan millətçi Nərimanov tutmuşdu. Solçuluqdan sağçılığa kəskin transformasiya baş vermişdi; çağ baxımından onun özü üçün olduqca qorxulu bir transformasiya!