Cəbhəni bir daha bəyəndim

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bugünlərdə həbs edilən Nemət Pənahlının və islamçıların müdafiəsinə qalxmasını çox bəyəndim. Bəyənməyənlər də var və bu, təbiidir.

Partiya bu ağır günlərində üstünə daha bir yük, məsuliyyət götürdü. Az qala, Bakı-Tbilisi-Ceyhan kəmərində axan neftin keyfiyyətsizliyinə görə də ittiham olunan AXCP-yə bundan sonra söz atmaq üçün srağagün verilən bəyanat xam mal sayıla bilər. Ancaq ölkəni idarə etməyə iddialı olan bir partiyanın belə sataşmalara, şantajlara görə ədalətsizliyə susması biabırçılıq olardı.

Bəli, Islam Partiyası ilə AXCP-nin məqsədi, məramı heç vaxt uzlaşmayıb. Bu partiyanın cəbhə liderlərinə “sionizmin, Amerikanın uşaqları” deyib, yamanladıqları da çox olub. Qısaca, “Islam Partiyası ilə AXCP arasında yerlə-göy qədər fərq var” yazsaq, yanılmarıq.

Eyni sözləri aşağı-yuxarı redaktə ilə Nemət Pənahlı barədə də yazmaq mümkündür.

Bütün bunlar xoşagəlməz faktlardır. Bununla belə, özünə siyasi partiya deyən və bütün cəmiyyəti avtoritarizmə, şərə qarşı səfərbər etmək missiyasına yüklənən qurumun, sadalananlar üzündən yalnız dar təşkilati maraqlarından çıxış etməsinə əsas ola bilməz.

AXCP rejimə qarşı sərt, radikal, kəskin mövqeyilə fərqlənir. Bu siyasət ucbatından o, 2005-ci ildən üzü bəri 20-dək siyasi məhbus “yetirib”. Son həbslər də tutulanların sərt, radikal mövqeyinə görə baş verib. Buna heç bir şübhə yoxdur. AXCP indi həbs olunanları müdafiə etməklə, təkcə ədaləti yox, həm də öz siyasi kursunu müdafiə etmiş olur.

Avtoritar rejim həqiqətləri heç yumşaq formada dilə gətirənləri sevmir, nəinki onu sərt ifadələrlə yamanlayanları… Belə bir şəraitdə isə, cəsarət göstərib hakimiyyəti onun mahiyyətinə uyğun ifadələrlə tənqid edən insanları tək buraxmamaq ən böyük işdir.

Hakimiyyət çalışır ki, həbslərin gerçək səbəblərini gizlətmək üçün müxtəlif xəbər-şayiələr yaysın. Bunu bacarırlar da. Etiraf edək ki, həbsdəkilərin keçmiş fəaliyyəti bu mənada hakimiyyətin xəbis niyyətlərini həyata keçirməyə gözəl imkan verir. Bu məqamda ən azı, qəzet oxuyan insanlarımız zəkalarını çalışdırmalıdırlar.

Tutaq ki, Islam Partiyası Irana işləyir. Olsun, bəs bu partiya rəsmilərini niyə Ilham Əliyevi “Yezid” adlandırandan sonra tuturlar?

Və ya Nemət Pənahlı xuliqanmış… “Xuliqanlıq” etməzdən cəmi 3 gün əvvəl isə Pənahlı Heydər Əliyevin müdhiş cinayətlərindən söz açmışdı (“p.s Nota” qəzeti)

Kimlərsə unudubsa, Pənahlının 3 il əvvəl adı keçən bir insidenti xatırlasın. O zaman “azadlıq aşiqi” möhkəm bir davaya düşmüşdü. Onun həbsi gözlənilirdi, ancaq olmadı. Çünki o vaxt Nemət hələ Heydər Əliyevi “Hacı Məmmədov fenomeni yaratmaqda” ittiham etməmişdi.

Xülasə, bir çox başqaları kimi, “bizim bu həbslərdən xəbərimiz yoxdur” deyib AXCP də dəvəquşuluq edə bilərdi. Yaxşı ki, etmədi. Sən ölkədəki problemləri görmək istəməyəndə, bir gün seçici də özünü görməməzliyə vurub səni yox sayır.

Əzilənin yanında olmalı… Amma ona minnət qoymaq, təmənna güdmək, “çox sağ ol” qazanmaq üçün deyil, vicdanın tələbi kimi…

Hay Hitler…

Tanınmış bir yazarın bazar günü çıxan qəzetlərdən birində məqaləsini oxuyanda Azərbaycanda əsl xaos, dərəbəylik olduğuna daha əmin formada inandım. Məqaləni oxudum, tüstüm başımdan çıxdı. Məqalədə başdan ayağa faşizm tərənnüm edilir, Hitlerdən, Göbbelsdən gətirilən sitatların ardı-arası kəsilmir. Hitlerin qaraçıları qaz kamerasında yandırması bəşəriyyətin nicatı kimi qiymətləndirilir və …

Ən dəhşətlisi odur ki, bu məqalə hüquq-mühafizə sisteminin önəmli bir generalına açıq məktub kimi yazılıb. Və general tənbeh edilir ki, niyə qaraçılarla Hitler kimi davranılmır. Indi mən anlamağa çətinlik çəkirəm, bu ölkədə faşizmin təbliği azaddırmı?

Bu ölkədə heç olmasa, bir general qəzet oxuyurmu?