Nəriman Nərimanovun tarixdəki yeri (IV yazı)

 

Nərimanovun başçılığı ilə Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu. O, Azərbaycan Xalq Komissarları Sovetinin sədri idi. Bu postda onun Leninə göndərdiyi ilkin teleqramda deyilirdi: “Əhali Sovet Rusiyasını səmimiyyətlə alqışlayır, ümid edir ki, o gənc, müstəqil Sovet Azərbaycanının möhkəmlənməsinə kömək edəcəkdir”. Burada bizim üçün başlıcası bir anlayışdır: müstəqil-bağımsız anlayışı. Nərimanov Azərbaycanı belə görürdü: bağımsız Sovet Türk Respublukası. Görürdü, ancaq, tək. Təklənmiş.

Onun leksikonunda başlıca yeri bir anlayış tuturdu: Türk anlayışı; Türk dili, Türk əlifbası, Türk xalqı, Türk işçiləri-əməkçiləri, Türk ədəbiyyatı, Türk tarixi, Türk mədəniyyəti. Azərbaycanda Sovet hakimiyyətinin ilk illərindəncə o özünü milli bir Türk lideri olaraq tanıtdı. Bu yöndə o, gərgin, ardıcıl, prinsipial çarpışmalara baş vurmuşdu. O, Türk dilinə rəsmi dil statusu qazandırmağa, yalnız Azərbaycanın deyil, bütün türkdilli xalqların “Türklük üçün daha əlverişli olan” latın əlifbasına keçməsinə çalışırdı. Bu böyük, önəmli işdə ona sosial statusu da əl verirdi: Nərimanov o çağlar Türk-Müsəlman dünyasında ən çox sevilib-sayılan liderlərdən biri, birincisi idi.

Nərimanov yalnız Azərbaycanda deyil, eləcə də qonşu Irandan, Türkiyədən tutmuş, Volqaboyunadək çox böyük bir çevrədə üstün avtoritet yiyəsi idi. Onu “Şərqin Lenini” adlandırırdılar. Lenin özü ona çox böyük dəyər verirdi. Serqo Orconikidze onu “partiyamızın Şərqdə ən böyük siması” adlandırmışdı. Bunlar hamısı danılmaz faktlar, gerçəklik idi. Bakıdan Moskvayadək ona aşırı sayğılar, sevgilər vardı. Ancaq… çox keçmədən bunlar hamısı arxada qalmışdı… Elə bil Bakıdan Moskvayadək hamı onunla bağlı yaddaşını itirmişdi. Baxırdı, çaşbaş qalırdı: nə olub? Nə dəyişib? Ölkədə siyasi hakimiyyət dəyişmişdi – bu öz yerində. Başqaları üçün bu yalnız belə idi. Ondan ötrü yox. Ondan ötrü elə bil bütün Yer kürəsi fırlanmış, dünya baş-ayaq olmuşdu: uzun illər bir amac – kommunizmin bütün dünyaya yayılması, bütün dünya əməkçilərinin toy-bayram içində yaşaması uğrunda bir yerdə, bir partiyada çarpışma apardığı adamlar Bakıdan Moskvayadək ondan üz döndərmişdilər. Kim dəyişmişdi: onlarmı, omu? Yenicə yiyələndikləri hakimiyyət kimləri dəyişmişdi: onlarımı, onumu? Düşünür, düşünür, düşündükcə ürəyi partlamağa gəlirdi. Olub-keçənləri bir-bir göz önünə gətirir, baş verənləri, başına gələnləri araşdırır, partiya yoldaşlarının ondan üz döndərməsinə gətirib çıxaran nədənləri – hansı yanlışlara yol verdiyini bilməyə çalışırdı.

Elə bir yanlış, elə bir nədən tapa bilmirdi. 55 yaşına az qalmışdı. Bu yaşadək o, bir kimsəyə yamanlıq etməmişdi. Həkim, yazıçı, jurnalist, siyasi lider olaraq, bütün varlığı ilə sevdiyi xalqına, Azərbaycan idealına qulluq etmişdi. Onun idealı Azərbaycanı sosial yönümlü Türk dövləti olaraq görmək idi. O, kapilyarlarınadək solçu, sosialist idi. Ondan ötrü bir əməkçi Türkün qayğısız yaşayışı, belə bir yaşayışdan doğan sevinci bir dünya könül yüngüllüyü demək idi. O, bundan ötrü çalışmışdı, bundan ötrü çalışırdı. Özünün kristal təmizliyini də bu çağadək necə var – eləcə qoruyub saxlamışdı. Hakimiyyət onu azacıq da olsa dəyişməmişdi, dəyişə bilməmişdi. Onda niyə dünənədək onu öyən, “dahi Nəriman” adlandıranlar ondan üz döndərmişdilər? O dəyişmişdimi? Yox, o dəyişməmişdi.

Dəyişə bilməzdi: Milli bir lider olaraq onun bitkin strategiyası vardı; bütünlüklə milli maraqlara yönəlik solçu strategiya. Azərbaycan XKS-nin başçısı olaraq da o, özünün milli maraqlara bağlı strategiyasından gələn siyasət yürüdürdü. Aha, tapdı, budur onun “suçu”. Dünənki partiya-çarpışma yoldaşları buna görə ondan üz döndəriblər; buna görə bütün ölkə boyunca ona qarşı kampaniyaya start verilib; bir sıra qanmaz, bir sıra pula-görəvə satılmış azərbaycanlıları buna görə qabağa çəkib, ona qarşı qoyublar, onunla çarpışmaya yönəldiblər…