Din azadlığı və baş örtüyü: hüquq nə deyir?

Fikir, vicdan və din azadlığı

Nərgiz Ağayeva, hüquqşünas
Avropa Insan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya görə fikir, vicdan və din azadlığı aşağıdakı şəkildə qorunur:
Maddə 9. Fikir, vicdan və din azadlığı
1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.
Göründüyü kimi, Konvensiyada fikir, vicdan və din azadlığı bir necə hissədən ibarətdir. Onun əsas hissəsi, yəni etiqad hissəsi toxunulmazdır. Heç bir halda bir şəxsin hər hansı fəlsəfi və ya dini cərəyanın ideyalarını qəbul etməsinə və ya ondan imtina etməsinə dövlət müdaxilə edə bilməz. Bu, dinlərin “Tanrıyla insan arasında”, “şəxsi”, “daxili” məsələ olduğu barədə fikrin hüquqi ifadəsidir.
Bu azadlığın ikinci üzü, yəni öz etiqadına uyğun, təkbaşına və ya kollektiv şəkildə ibadət etmək, rituallarda iştirak etmək imkanı isə fərqli şəkildə tənzimlənir. Buna başqa sözlə “etiqadın nümayişi” də deyilir – bu azadlıq mütləq deyil və müəyyən şərtlər daxilində məhdudlaşdırıla bilər. Son illər Avropanın köhnə demokratiyalarını bitib-tükənməyən müzakirələrin ağuşuna atan da elə vicdan azadlığının bu nüansıdır.
Dövlət, din və dünyəvilik prinsipi
Avropada əsasən (müstəsna olaraq deyil, çünki xristian xaçı, hindli türbanı və ya yəhudi kipi də zaman-zaman müzakirə olunur) müsəlman qadınların yaylıq, türban, niqab, çadra geyinmə azadlığının məhdudlaşdırılıb-məhdudlaşdırılmaması şəklində təzahür edən ictimai və hüquqi problemin özəyində əslində daha dərin bir məsələ durur: dövlətlə dinin qarşılıqlı münasibəti.
Danılmaz faktdır ki, demokratiyalar dinlərdən uzaqlaşaraq bərqərar olublar. Bu, əlbəttə, hər hansı dinin antidemokratik olduğu anlamına gəlmir. Sadəcə demokratiyanın əsas xətti olan dinin dövlətdən ayrılması, yəni dinin dövlət işlərinə qarışmaması və ya dövlətin hər hansı konkret bir dinə üstünlük verməməsi prinsipidir. Bu, demokratik cəmiyyətdə plüralizmin, müxtəlifliyə dözümlülüyün bərqərar olması üçün əsas şərtlərdən biridir.
Bir haşiyə çıxaraq qeyd edim ki, dünyəvilik prinsipi demokratiyaların böyük əksəriyyətinə xas olsa da, Avropanın köhnə demokratiyalarından olan Britaniyada dövlət dini, dövlət kilsəsi var. Bəzi insan hüquqları mütəxəssisləri bunun nəzəri olaraq insan haqları konsepsiyasına zidd vəziyyət kimi qiymətləndirsə də, reallıq göstərir ki, Britaniyada dövlət kilsəsi monarxiya ənənələri kimi funksionallığını itirmiş və sadəcə britaniyalıların çox fəxr etdiyi zəngin tarixin qalığı, simvolu sayılır. Britaniyada dini müxtəlifliyə elə də böyük problem yoxdur. Avropanın başqa bir qeyri-dünyəvi ölkəsində, Yunanıstanda isə vəziyyət daha fərqlidir: burada zaman-zaman dövlətin rəsmi dinindən fərqli əqidə daşıyıcılarına qarşı təqiblərin olması hallarına rast gəlinir.
Xatırladaq ki, dünyanın aparıcı hüquq məktəblərinin bu məsələyə münasibəti eyni deyil. Əgər ABŞ Ali Məhkəməsi hər hansı dövlət məktəbində məcburi xarakter daşımayan duanın oxunmasının dinlə dövlətin bir-birindən qalın divarla ayrılması fikrinə zidd, hüquqi dillə desək, qeyri-konstitusion elan edirsə -1, Italiyada dövlətə məxsus məktəb otaqlarında xaçların asılması italyan məhkəmələri tərəfindən normal, hüquqa zidd olmayan bir ənənə kimi qarşılanır və bunu öz əqidələrinə müdaxilə və dövlətin neytrallığının pozulması hesab edən italyan ana Avropa Insan Hüquqları Məhkəməsinə müraciət etməli olur (Lautsi Italiyaya qarşı -2).
Digər tərəfdən, Fransada dini təmayüllü özəl məktəblərin dövlət tərəfindən maliyyələşməsi ənənəvi xarakter alıbsa və dövlətin dini neytrallığının pozulması kimi qiymətləndirilmirsə, ABŞ-da bu məsələyə münasibət birmənalı deyil. Belə ki, əgər dövlət dini məktəbə qeyri-dini kitabların alınmasıyla yardım edirsə, bu addım konstitusion sayıla bilər, amma Fransadakı kimi müəllimlərin maaşlarının verilməsində dövlətin iştirakı neytrallıq cizgisini aşma, yəni qeyri-konstitusion hesab olunur -3.
Müsəlman baş örtüyü
Bizi daha çox maraqlandıran müsəlman baş örtüyü məsələsi ilə bağlı da dünyada fikir birliyi yoxdur. Fransada və Belçikada məktəblərdə bütün dini simvolların istifadəsinə qadağa varsa, Almaniya, Avstriya, Ispaniya, Hollandiya, Britaniya, Isveç və Isveçrədə gənc müsəlman qızların dini baş örtüklərin istifadəsinə müəyyən şərtlər daxilində icazə verilir -4. Belə ki, bəzi ölkələrdə cilbab və niqab adlanan, gözlər istisna olmaqla bütün sifəti, bədənin yuxarı hissəsini və ya bütünlüklə bədəni örtən örtüklərin istifadəsinə yol verilmir (Finlandiya və Isveç).
Nəhayət, qərarları Azərbaycanda da məcburi hüquqi qüvvəyə malik olan -5 Avropa Insan Hüquqları Məhkəməsi bu suala birmənalı cavab vermir. Məhkəmənin ümumi təcrübəsinə əsasən, mütləq olmayan hər hansı hüquqa müdaxilə hüquqi bazaya (qanunlarda və ya məhkəmə təcrübəsində ifadə olunmuş və ərizəçiyə aydın olan) malik olmalı, legitim məqsəd daşımalı və demokratik cəmiyyətdə zəruri olmalıdır. Legitim məqsədin nə olmasından asılı olaraq dövlətlərə müəyyən qiymətləndirmə səlahiyyəti (bizim Ali Məhkəmənin təbirincə desək, təqdir səlahiyyəti -6) və hərəkət manevri tanınır.
Yəni dövlətlər hər hansı ölçü vasitəsi seçməkdə müəyyən azadlığa sahibdirlər. Ictimai marağın legitim məqsəd kimi göstərildiyi və xüsusilə də Avropa ölkələrində ümumi praktikanın olmadığı məsələlərin (məs. baş örtüyünün tənzimlənib-tənzimlənməməsi sualı) həlli ilə əlaqədar Avropa Məhkəməsi dövlətlərin daha sərbəst hərəkət qabiliyyətinin vacibliyini elan edir, çünki yerli orqanlar öz cəmiyyətlərinə daha yaxındırlar, onu daha yaxşı tanıyırlar və tənzimləmə zərurətini daha yaxşı hiss edirlər. Dövlətin hərəkət sərbəstliyinin böyük olduğu hallarda Məhkəmənin nəzarəti daha yığcam olur.
Məhkəmənin “Dahlab Isveçrəyə qarşı” -7 işlərindəki mövqeyinə görə, məktəb müəlliməsinin sinif otağında müsəlman baş örtüyündə olmasına qoyulan qadağa Konvensiyanın yol verdiyi müdaxilə həddini aşmır. Məhkəmənin uşaqların mənəvi bütövlüyünün qorunması xəttinə sadiq qaldığı bu qərarla tamamilə razı olduğumu bildirməyi isə özümə borc bilirəm.
Avropanın akademik, ictimai və siyasi dairələrində daha qızğın müzakirələrə səbəb olan məşhur Leyla Şahin işində Məhkəmə Türkiyədə universitet tələbəsi olan ərizəçinin öz dini etiqadını nümayiş etdirmə azadlığına müdaxiləsinin Konvensiyaya uyğun olub-olmamasını müəyyən etməli idi. Məhkəmə baş örtüyünə münasibətdə Türkiyə dövlətinin manevr azadlığının olduğunu və müdaxilənin Konstitusiya Məhkəməsinin təcrübəsindən aydın surətdə ərizəçiyə bəlli olduğunu müəyyənləşdirir. Bundan sonra Məhkəmə sonuncu, üçüncü şərtin, yəni Türkiyə dövlətinin bu müdaxiləsinin türk cəmiyyətində zəruri olub-olmamasının yoxlanılmasına keçir. Məhkəmə Türkiyə Konstitusiya Məhkəməsinin təcrübəsinə əsaslanaraq, Türkiyənin tarixi inkişaf yolunu və cəmiyyətdə dünyəvilik prinsipinə verilən əhəmiyyəti, plüralizm, başqalarının hüquqlarına hörmət, xüsusilə də kişi və qadınların qanun qarşısında bərabərliyi kimi dəyərlərin geniş tədris olunduğu və tətbiq edildiyini nəzərə alaraq, universitetin geyim normalarının tətbiq edilməsini qəbul olunan elan edir (16 səs lehinə, 1 səs əleyhinə -8). Başqa sözlə, bu qərara əsasən, hətta universitetdə belə baş örtüyünə qadağanın qoyulması Konvensiyaya uyğun ola bilər.

 

1. Engel v. Vitale, 370 US 421 (1962)
2. Iş Böyük Palata qarşısında baxılmaqdadır. Avropa Insan Hüquqları Məhkəməsinin Palatası bu işdə pozuntu tapmış, sonradan Italiya Hökuməti işin Böyük Palatada yenidən baxılması üçün müraciət etmiş, işin əhəmiyyətini nəzərə alan Məhkəmə Kollegiyası xahişi qəbul etmişdir.
3. ABŞ Ali Məhkəməsinin mövqeyini belə başa düşmək olar – belə dövlət maliyyələşdirməsi dövlətin müəllimlərin dini neytrallığına nəzarət etməsi öhdəliyini yarada bilər ki, bu da, dini məsələlərə yolverilməz müdaxiləylə nəticələnə bilər (Lemon vs. Kurtzmann, 403 US 602 (1971))
4. Almaniya Konstitusiya Məhkəməsinin 24 sentyabr 2003-cü il tarixli qərarına əsasən federal torpaqların səlahiyyət dairəsinə aid olan bu məsələdə hər hansı qadağanın tətbiq olunması üçün maraqlı federal torpaq xüsusi qanun qəbul etməlidir, belə bir qanunun qəbul olunmadığı halda dini simvolun istifadəsinə hər hansı müdaxilə qeyri-konstitusiondur
5 Qeyd edim ki, hələlik, dövlətlər Məhkəmə qərarlarının erga omnes qüvvəsini təntənəli olaraq elan etməkdən çəkinirlər və söhbət ancaq qərarların inter partes qüvvəsindən gedir, yəni qərar hansı dövlətə qarşı çıxarılıbsa, o dövlət üçün məcburidir. Bununla belə, bir qayda olaraq, Məhkəmənin yurisdiksiyasını tanıyan bütün dövlətlərdə Məhkəmənin başqa dövlətlərə qarşı olan qərarları də izlənməli və yerli məhkəmələr tərəfindən tətbiq olunmalıdır.
6. Bax: Eynulla Fətullayevin işi ilə əlaqədar 11 noyabr 2010 tarixli Ali Məhkəmənin Plenum qərarı, iş no. 12(102)-2(a)/2010.
7. 15 fevral 2001-ci il tarixli qəbuledilməzlik barədə qərar (iş no. 42393/98)
8. Qərarın əleyhinə səs verən Belçikadan olan hakim xanım Fransuaz Tülkenz fikirlərini xüsusi rəyində ifadə etmişdir. Onun fikrincə, tələbə və şagirdlərin baş örtüyü məsələsinə Məhkəmə eyni cür yanaşmamalı idi, müsəlman qadının universitetə baş örtüyündə gəlməsi nə başqalarının hüquqlarını pozur, nə də ictimai qaydaya təhlükə yaradır və baş örtüyünün qadın-kişi bərabərliyi ideyasına zidd olması fikri mübahisəlidir.