Hörmətli professor yenə danışdı. Düzü, bir neçə məqamda Cəmil müəllim şəxsən məni pərişan eləmişdi. Ama o pərişanedici faktlar olmasaydı, bəlkə də bu danışmağın effekti bu misildə olmazdı.
Professor yeni bir şey deməyib. Bu bizim, bizim “Azadlıq”ın zaman-zaman dediyi sözlərdi. O, bütün bu deyilənlərin əl-ayağını yığıb və birnəfəsə, ötən dövrlərin yekunu kimi dilə gətirib, konkretləşdirib və birbaşa, sağa-sola vurmadan hədəfə tuşlayıb.
Cəmil Həsənlinin siyasi mənsubiyyəti, partiya bağlılığı yoxdu. Keşkə bu qədər partiya, cib müxalifəti, milli mənafeyi şəxsi mənfəətindən, yalançı eqosundan aşağı yerə qoyan firqələrin sayı qədər sözünü deyə bilən, həm də bu səviyyədə deməyi bacaran sanballı ziyalımız olaydı. Inanın, onda bu hakimiyyət, bu şər rejimi artıq çoxdan laxlamış olardı. Təəssüflər olsun ki, ziyalılar ya ön cəbhənin bu, ya o üzündədirlər, bir hissəsi isə gərəksiz elementə çevrilərək başlarını qorumaqla məşğuldur. Əslində isə, bitərəf, sadəcə həqiqəti olduğu kimi dilə gətirən ziyalılar həmişə və hər yerdə həlledici rol oynayırlar.
Ilham Əliyev, Ramiz Mehdiyev ziyalıları susdurduğunda, satın aldığında, bir qarın çörəyə möhtac qoyub simasızlaşdırdığında anlamalıydılar ki, bununla məsələni kökündən həll eləmirlər, əksinə daha radikal qüvvələrin meydana çıxmasına zəmin hazırlayırlar. Kimlərisə müxtəlif yarlıqlarla damğalayıb dama basmaqla problem aradan qalxmır, əksinə daha qorxulu məcraya yol açmış olur.
Kiminsə evindən “qadağan olunmuş dini ədəbiyyat”, 7 ədəd avtomat gülləsi, 3 əl qumbarası “tapmaqla” cəmiyyəti inandırmaq mümkün deyil. Hələ o avtomat güllələrinin, əl qumbaralarının və ağızdan çıxmış hansısa “hərzə-hədyanın” haçansa elə onu tapanlara, onu sorğulayanlara məxsus olmasının üzə çıxacağı ehtimalını da bir kənara qoyuruq. Onsuz da indi hər məqamda Avropaya, ABŞ-a radikal dinçilərin mövcudluğunu xatırlatmaq, bəzən gözünün içinə soxmaq ən işlək fənddi və inandırıcılığı sıfra bərabərdi.
Bəli, ziyalının danışa bilmədiyi toplumda ziyanlı olanların danışması qayət normal haldı. Görünür, hakimiyyət Olimpinin başında oturanların özü də bunda hansısa səbəblərə görə maraqlıdır. Ağıllı, məntiqli, rasional düşüncəli narazı toplumu sakitləşdirmək çox çətin, radikal kəsimi susdurmaq isə son dərəcə asandı – necə deyərlər, 3 manat pul, bir kəllə qənd… Yəni, 3 əl qumbarası, 7 avtomat gülləsi. Ziyalının qumbaraları isə onun beynindədi və heç bir axtarış-istintaq əməliyyat qrupu o qumbaraları aşkarlayıb efirdə nümayiş elətdirə bilməz.
Son iki hadisəni – “rəsmi qeydiyyatda olmayan Islam partiyası” sədrinin məlum çıxışını və Cəmil müəllimin müsahibəsini sərf-nəzər eləsək görəcəyik ki, professor təhqirə və radikalizmə zərrəcə yol vermədən, heç bir silah işlətmədən və ya seyfində əl qumbarası saxlamadan hakimiyyəti bombardman eləyib. Partiya sədrinin çıxışı isə dini bənzətmədən başqa bir şey deyil. Hərçənd ki, dini bənzətməyə görə vətəndaşı həbs eləmək də məhz Cəmil müəllimin tərifini verdiyi hakimiyyətə məxsus gülünc bir addımdı. Eyni bənzətmə ilə hər gün on minlərlə şiə başqa birinə səslənir, onu Yezid adlandırır. Onda gərək bu ölkədə evindən 7 avtomat gülləsi çıxmayan adam qalmaya…
Cəmil müəllim müsahibəsində nələr deyib? Yox, sualı belə qoysaq daha doğru olar: “Nələr deməyib!” O müsahibə müsahib deyil, tam bir silah cəbbəxanasıdı. Oxucu-əməliyyat qrupunun axtarışına dəyər…