Azərbaycan İranla neft-qaz əməkdaşlığı edəcək

İranın neft sənayesi naziri Natiq Əliyevlə görüşüb

 

Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) konfransının sədri, İranın neft sənayesi naziri Seyyid Məsud Mirkaziminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin ANS PRESS-ə verdiyi məlumata görə, görüşdə ölkələr arasında neft-qaz və energetika sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Onun sözlərinə görə, iki ölkə arasında xüsusilə də neft-qaz yataqlarının birgə işlənilməsi, hasilat, nəql məsələləri, neft və qazın emalı, satışı və yaxud mübadiləsi, neft-kimya kompleksində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və bu kimi məsələlər müzakirə edilib: “Görüş zamanı Azərbaycanla İran arasında neft-qaz və energetika sahələrində birgə layihələrin (Azərbaycan, İran və ya üçüncü ölkədə) Enerji Bankının yaradılması təklifi səslənib. Qərara alınıb ki, bu məsələ nəzərdən keçirilsin. Sözügedən bank, yaradılacağı halda iki ölkə arasında birgə layihələri maliyyələşdirəcək. Ekspertlər tərəfindən bu təklifin detalları öyrəniləcək”.
Görüşdə həmçinin alternativ energetika sahəsi ilə bağlı məsələlər, İran və Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələləri müzakirə olunub.
Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib.