“Ölkəni riskə atan iyrənc ssenarilər hazırlanır”

Əli Kərimli: «Borcumuzdur ki, bu ssenariləri ifşa edib, qarşısını alaq»

 

«Dindarların həbsini «Misir modeli»nin sonuncu mərhələsinə başlamaq cəhdi kimi qiymətləndiririk»

Son günlər ölkənin gündəmini məşğul edən hadisələrdən biri də Islam Partiyasının sədri Mövsüm Səmədov və bir sıra partiya üzvlərinin, eləcə də, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həbsidir. Bu arada bir sıra təşkilatlar bu həbslərə etiraz edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası da özünün bəyanatında son həbslərə sərt reaksiya verərək, tutulanların azad olunmasını tələb edib.
AXCP sədri Əli Kərimlilə söhbətimiz də elə bu mövzuda oldu.
– Əvvəla AXCP olaraq Azərbaycanı bir hüquq dövləti olaraq görmək istəyirik. Hər bir Azərbaycan vətəndaşının siyasi mövqeyindən asılı olmayaraq hüquqları təmin olunmalıdır. AXCP həm də onu ifadə edir ki, siyasi baxımdan bizdən fərqli düşərgədə olan insanların da hüquqlarına hörmət edir. AXCP indi də, gələcəkdə də ölkədə siyasi məhbusların olmasını istəmir. Çünki AXCP ölkənin əsas müxalifət partiyası kimi ölkənin sabahı üçün xüsusi məsuliyyət daşıdığının fərqindədir. Bizim gözümüzün qarşısında ölkənin sabahını riskə atan iyrənc ssenarilər hazırlanır. Bizim borcumuzdur ki, bu ssenariləri ifşa edib, qarşısını alaq. Bir dəfə “Azadlıq” radiosuna müsahibəmdə bu barədə danışmışdım. Bu barədə sizə də açıq danışmaq istəyirəm. Heç kimə sirr deyil ki, Azərbaycan Avropa Şurasının üzvü, Avropa Birliyinin yaxın qonşusu olsa da, ölkədəki sülalə hakimiyyətini daha çox Şərqdəki avtoritar rejimlərin təcrübəsi cəlb edir.
Şərti olaraq “Misir variantı” adlanan bu ssenariyə görə avtoritar rejim ardıcıl repressiyalar, digər təzyiq vasitələri ilə liberal demokratik alternativ ola biləcək siyasi qüvvələri zəiflədir, belə bir alternativi faktiki aradan qaldırır. Demokratik institutların məhv edildiyi cəmiyyətdə korrupsiya, haqsızlıq, ədalətsizlik, kasıblıq kimi sosial problemlər təbii olaraq islamçı qüvvələrin sıralarını genişləndirir. Növbəti dövrdə isə hökumət öz zorakı hərəkətlərilə islamçı qüvvələrlə mübarizəni radikal, zor müstəvisinə keçirir. Bütün dünyaya nümayiş etdirir ki, avtoritar rejimin yeganə alternativi siyasi islamçı qüvvələrdir. Əgər bu ölkədə normal seçki olsa məhz həmin radikal islamçı qüvvələr hakimiyyətə gələr. Açıq demək lazımdır ki, bu şantaj da bir çox hallarda onunla nəticələnir ki, Qərb radikal islamçı qüvvələrdən qorxduğu üçün belə avtoritar rejimlərin varlığına daha dözümlü yanaşır. Onların seçki saxtakarlığına bəzən göz yumur. Neçə ildir ki, Misirdə, Əlcəzairdə, Özbəkistanda bu ssenari həyata keçirilir. Azərbaycan hakimiyyətində də bəzi qüvvələr ölkəni addım-adım bu modelə yaxınlaşdırırlar. Siyasi meydan daralır, liberal demokratik müxalifət zəiflədilir, ölkədə haqsızlıq şəraiti dindarların sıralarını bir az genişləndirir. Son günlər baş verənləri, dindarların həbsini də “Misir modeli”nin sonuncu mərhələsinə başlamaq cəhdi kimi qiymətləndiririk. Inanclı insanları radikal mübarizəyə təhrik etmək cəhdi kimi.

“İstəyirik, hakimiyyətin ssenarisini pozaq”

– Bu narahatçılığa görəmi dindar kəsimə müraciət etmisiniz ki, radikal addımlardan çəkinsinlər?
– Bəli, biz istəyirik ki, hakimiyyətdəki müəyyən dairələrin ssenarisini pozaq. Bu ssenarinin pozulmasında bizim dindar bacı və qardaşlarımızın təmkinli davranışı hər hansı zorakı hərəkətlərdən birmənalı imtina edib, hüquqları, ədalət uğrunda, yalnız dinc mübarizə aparmaları çox kömək edə bilər. Mən Azərbaycanı gözləyən təhlükənin mahiyyətini açıq izah etdim. Azərbaycandakı rejimin ölkənin gələcəyi ilə bağlı qurduğu vahiməli ssenarini. Indi biz hamılıqla bu ssenarinin qarşısının alınması barədə tədbirlər görməliyik. Bu ssenarinin baş tutmaması üçün bizim hər birimizin görəcəyi işlər var. Görəcəyimiz birinci iş fikrimcə, ondan ibarətdir ki, belə bir ssenarinin olmasından Azərbaycan vətəndaşlarını xəbərdar etməliyik. Azərbaycanı idarə edənlərin belə bir arzusunun olduğundan hər kəsi xəbərdarlıq etməliyik. Əlbətdə bir çoxları şərti olaraq “Misir Modeli”nin tətbiq olunduğu ölkələrlə Azərbaycanın çox fərqləri olduğunu düşünüb, bu təhlükələri ciddiyə almaya da bilərlər. Hesab edirəm ki, ətrafımızda baş verənlərə sistemli yanaşsaq, əslində Azərbaycanın da bu ssenariyə addım-addım yaxınlaşdığını görərik. Ona görə də ilk növbədə bu təhlükə ilə bağlı bütün cəmiyyət, millət olaraq xəbərdar olmağımız lazımdır. Ikinci, bu modelin o zaman uğuru olur ki, ölkədəki avtoritar, qəddar hakimiyyətin liberal demokratik xarakterli alternativinin olmasıdır. Ona görə də, biz demokratik düşərgənin üzərinə xüsusi məsuliyyət düşür ki, indidən toparlanmalı, güclənməliyik. Ölkə vətəndaşlarını aktiv, demokratik mübarizəyə cəlb etməklə milli-demokratik düşərgənin indiki rejimə əsas alternativ olduğunu bundan sonra da təmin etməliyik. Ölkədə demokratik alternativsizlik şəraitinin yaradılmasına imkan verməməliyik.
Üçüncüsü, bizim inanclı bacı və qardaşlarımızla açıq dialoqumuz olmalıdır. Bir tərəfdən biz onların insan hüquqlarını, indi olduğu kimi birmənalı şəkildə müdafiə etməliyik. Onlar haqsız repressiyalarla, zorakılıqla üzləşdikcə bizim dəstəyimizi hiss etməlidirlər. Eyni zamanda onlara da izah etməliyik ki, əgər bu repressiyalardan təntisələr, səbirsizlik göstərib, hökumətə sərt cavab versələr, hökumətin daxilindəki bəzi qüvvələrin ssenarisinin reallaşmasına kömək etmiş olarlar. Ona görə də həmin inanclı bacı qardaşlarımız hamılıqla imkan verməməlidirlər ki, Azərbaycandakı siyasi mübarizə dinc mübarizədən kənar müstəviyə keçsin. Kənar müstəviyə keçmək, ölkədə kiçik də olsa, zorakılıq hallarının baş verməsi, ölkənin demokratikləşmə perspektivinə böyük zərbə olar.
Ona görə hamılıqla bu məsuliyyəti dərk edərək, hər bir fədakarlığı göstərib ölkəmizi addımbaadım olsa da, dinc, konstitusion mübarizə vasitələrilə demokratikləşməyə aparmalıyıq. Elə bir şəraitdə ki, orada inanclı olan, inanclı olmayan insanlarımzın da hüquq və azadlıqları təmin olunsun. Biz elə bir dövlət arzulayırıq ki, o dövlətdə hər bir vətəndaşın iqtidara, müxalifətə, dinə münasibətindən asılı olmayaraq hüquqları təmin olunsun.
Bizim inanclı vətəndaşlarımız da onun fərqində olmalıdırlar ki, onların etiqad azadlığı məhz belə bir demokratiya şəraitində təmin oluna bilər.

“Biz hamımız Azərbaycan tərəfi olmalıyıq”

– “Azadlıq” radiosu maraqlı bir məqamı ortaya çıxarıb. Belə ki, İslam Partiyasının sədri Mövsüm Səmədov deyib ki, o, adının İranla birgə çəkilməsilə fəxr edir. Belə bir mövqe sərgiləməyi necə qiymətləndirirsiniz?
– Əlbəttə, hesab edirəm ki, Azərbaycan respublikasının heç bir vətəndaşı öz adının ikinci bir ölkə ilə çəkilməsindən fəxr duymamalıdır. Siyasi mövqeyimizdən asılı olmayaraq biz hamımız azərbaycanlıyıq və yalnız Azərbaycan tərəfi olmalıyıq. Ümumiyyətlə biz Mövsüm Səmədovun siyasi fəaliyyətini, onun Azərbaycanın gələcəyi ilə bağlı proqram-məqsədlərini, mövqeyini müdafiə etmirik. Biz onun insan hüquq və azadlıqlarını müdafiə edirik. Hər bir vicdanlı azərbaycanlı bilir ki, son günlərə qədər həmin şəxs, onun ətrafında olan dindarlar nə etmələrindən, nə düşünmələrindən asılı olmayaraq azadlıqda idilər, onlar həbs olunmurdular. Onlar nəyə görə həbs olundular?
Mövsüm Səmədov İslam Partiyası Ali Şurasının iclasında İlham Əliyev haqqında çox sərt tənqidi çıxış etdi. Hamı bilir ki, yerdə qalanlar texniki məsələlərdir. Əslində bu çıxışdan sonra siyasi ictimaiyyət gözləyirdi ki, hansısa bəhanə ilə bu şəxs və ətrafındakı adamlar həbs olunacaq. Deməli, irəli sürülmüş ittihamların doğruluğuna ictimai etimad yoxdur. Ona görə də biz hər bir Azərbaycan vətəndaşına ədalətli mühakimə imkanı tanımalıyıq. Onun siyasi mövqeyini bölüşməmək, ondan fərqli baxışlara sahib olmaq hər hansı bir insanı azadlıq, ədalətli mühakimə olunmaq hüququndan məhrum etməyə əsas verə bilməz. Biz AXCP olaraq hər zaman Azərbaycanı Avroatlantik məkanın bir parçası kimi görmək istəmişik. Bizim dərin inancımıza görə, Azərbaycan gələcəkdə də genişlənmiş Avropanın bir üzvü olaraq, perspektivdə Avropa Birliyinə üzv olan bir dövlət olaraq inkişaf etməlidir. Bizim inancımıza görə, məhz azərbaycanlıların marağına uyğundur ki, Azərbaycan bu istiqamətdə inkişaf etsin. Azərbaycanda təkmil demokratiya bərqərar olsun. Belə bir demokratiya hər bir Azərbaycan vətəndaşına bütün hüquq və azadlıqları, o cümlədən inanclı insanlarımıza etiqad azadlığını təmin edəcək. Necə ki, bu gün bəzi istisnalarla hətta Avropada müsəlmanların bu hüququ təmin olunur. Ona görə də bizim təbii ki, Azərbaycanın gələcəyi ilə bağlı mövqelərimiz Islam Partiyasının bu istiqamətdəki mövqelərindən ciddi şəkildə fərqlənir.
Biz öz proqram və məqsədlərimizi həyata keçirməkdə israrlıyıq. Amma eyni zamanda ölkənin əsas müxalifət qüvvəsi və bir gün bu ölkədə iqtidar olmaq iddiasında olan bir qüvvə kimi biz bütün vətəndaşlarımıza açıq şəkildə onu ifadə etmək istəyirik ki, onların fərqli siyasi görüşlərinin olması onların həbsi üçün əsas ola bilməz.
Bu indi də bizim baxışlarımıza görə belədir, Xalq Cəbhəsi nə zamansa iqtidarda olacağı təqdirdə də belə olacaq.
Biz hər bir vətəndaşımızı, o cümlədən bizdən kifayət qədər fərqli düşünən vətəndaşlarımızın da vətəndaş olaraq qorunmasının tərəfindəyik.

“Nemət Pənahlı sərt tənqidlərinə görə həbs edilib”

– Nemət Pənahlının da həbsini repressiya sayırsız. Amma bildiyimiz qədər seçki zamanı Sizin təmsil olunduğunuz AXCP-Müsavat bloku ilə Nemət Pənahlı arasında ciddi problemlər yaranmışdı…
– Əlbəttə, siz haqlısınız. Nemət Pənahlı ilə təmsil etdiyim təşkilatın, ümumiyyətlə milli demokratik düşərgənin müxtəlif tarixi mərhələlərdə ciddi fikir ayrılıqları olub. Son onilliklərin böyük bir hissəsini opponent olaraq keçirmişik. Elə axırıncı parlament seçkilərində də biz bir-birimizə siyasi opponent idik. Biz Yasamal 15-ci dairədən AXCP-Müsavat blokunun namizəd olaraq Isa Qəmbəri müdafiə edirdik. Nemət Pənahlı Isa bəyə alternativ idi. O zaman həm Isa bəyin, həm Müsavat Partiyasının ünvanına çox sərt və əsassız ittihamlar irəli sürmüşdü. O zaman da mən münasibətimi bildirib Nemət bəyə onun bu çıxışının səhv olduğunu bildirmişdim. Biz təbii ki, Isa bəyi müdafiə etmişdik. Indi də hesab edirik ki, bu polemikada Isa bəy haqlı idi. Amma bu fikir və mövqe ayrılıqları bu gün Nemət Pənahlıya qarşı olan sifarişli həbsə göz yummağa əsas ola bilməz. Biz bilirik ki, son vaxtlar bu şəxs “Nota” qəzetində rejimlə, rejimin qurucusu Heydər Əliyevlə bağlı çox sərt açıqlamalar verirdi. Yenə də siyasi dairələrdə belə bir fikir formalaşırdı ki, bu qədər sərt tənqidlər hökumətin hər zaman olduğu kimi hansısa təxribatı ilə nəticələnəcək. Nemət Pənahlı özü də bilirdi bunu. Həbsindən qabaq sizin qəzetə verdiyi açıqlamada da bunu ifadə etmişdi. Yaxınları da iddia edir ki, siyasi fəaliyyətinə, rejimə qarşı sərt açıqlamalarına görə həbs olunub. Ona görə kimə qarşı olmasından asılı olmayaraq söz dediyinə, tənqid etdiyinə, ifadə azadlığından istifadə etdiyinə görə repressiyaya məruz qalan hər bir şəxsin hüquqlarını müdafiə etməyi doğru hesab edirik.

Sücəddin Şərifov