Müsavatda birləşməyə kim mane olur?

Adil Qeybulla: “Arif Hacılı şəxsən birləşmənin əleyhinə ola bilər, amma iradə sahibi İsa Qəmbərdir”

Müsavatın keçmiş divan üzvü, bu yaxınlarda partiyadan istefa verən Adil Qeybulla “Qafqazinfo”ya müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik.

– Arif Hacılı bildirib ki, AXCP-Müsavat birliyi ideyasına son qoyulub. Bu da o deməkdir ki, istefa verənlərin arqumentləri özünü doğruldub.
– Mən həmişə inteqrasiya tərəfdarı olmuşam. Nə qədər çox birləşmə olsa, nə qədər partiyalar birgə olsa, biz cəmiyyətdə sözümüzü o qədər dəqiq deyə bilərik. Cəmiyyətə nüfuz etmək imkanlarımız çox olar. Amma təəssüflər olsun ki, bu inteqrasiya meylləri obyektiv və subyektiv amillərin təsirindən mümkün olmur. Bunun ağrısını biz illərdi çəkirik. Burada da təbii ki, liderlərin, situasiyanın, hakimiyyətin üzərinə müəyyən məsuliyyət yıxmaq olar. Amma bir şey bildirməliyik ki, biz özümüz taktiki addımlarımızı zamanın tələbinə uyğun atmağı bacarmalıyıq. Bu siyasi iradə tələb edən bir şeydir. Siyasi iradə də sıravilərin əlində olan bir şey deyil.

– Belə çıxır ki, Müsavat rəhbərliyinin bu məsələdə siyasi iradəsi çatmadı…
– Məsələ burasındadır ki, AXCP burda konkret olaraq qəti mövqe sərgilədi. Amma təbii ki, Müsavat partiyası bu ideyaya gəlsə də, son nəticə olmadı. Mən orda olana qədər tam səmimi deyirəm ki, inteqrasiyanın alınması üçün intensiv proses gedirdi. Amma mən ayrılandan sonra hansı proseslər getdiyindən xəbərsizəm.

– Bu ideya İsa Qəmbərdən gəlmişdi. Görünən odur ki, Müsavatda bu ideyaya kimsə mane oldu.
– Bəli elədir.

– Sizcə, kimdir birləşməyə mane olan? 
– Birləşmənin AXCP-nin təqdim etdiyi reseptdə baş tutmaması təbii ki, Müsavatın o modeli qəbul etməməsi ilə bağlıdır. Amma konkret olaraq ittiham şəklində hansısa şəxsin bu işə mane olduğunu demək, o adamın siyasi çəkisini süni surətdə artırmaq olardı. Hər halda bir şeyi yaddan çıxarmaq olmaz ki, İsa Qəmbər hadisədə böyük iradə və güc sahibi olaraq qalır.

– Bu, şəxs Arif Hacılı deyildi ki?
– Arif Hacılı şəxsən birləşmənin əleyhinə ola bilər. Amma yenə deyirəm, İsa Qəmbər iradə və güc sahibidir. Siz elə düşünməyin ki, orda hər şey başqa cürdür. Bu elə deyil. Sadəcə olaraq, situasiya bu cür alındı. Amma bunun dərin səbəbləri bizə də açıqlanmır. Səmimilikdən danışırsınızsa, mən sizə tam səmimi deyirəm ki, mən bilmirəm.

– Bu ideyanın həyata keçməməsinin İsa Qəmbərin nüfuzunu zədələdiyinə dair nə deyə bilərsiniz?
– İsa Qəmbər bizdən daha informasiyalı adamdı. Bu situasiyanı daha dəqiq bilir. Onun bu cür addım atması, yəqin ki, o, bu cür hesab edir ki, partiyanın maraqlarına zərbə vurmur. Amma mən hesab edirəm ki, inteqrasiya meylləri daha da dərinləşməli və güclənməli idi. Artıq biz o partiyadan ayrılmışıq. İndi o partiyanın adından danışmaq təbii ki, düzgün olmazdı. Amma bu inteqrasiyanın alınmamasına mən də təəssüflənirəm.

– Müsavatdan Sizdən sonra da uzaqlaşacaq adam varmı?
– Hər şey mümkündür. Axı bizim istefa verməyimiz gündəmdə deyildi…

– Qarşıdan Müsavatın qurultay gəlir. Bununla bağlı proqnozunuz?
– Hər halda partiya başqanı İsa Qəmbər bəyan edir ki, başqanlığa namizədliyini verməyəcək. Təbii ki, bir nəfər başqan seçilməlidir. İsa Qəmbər özü də bəyan etdi ki, partiyadan getmir, o, partiyada öz nüfuzunu saxlayacaq. Hansısa proqnozlaşdırılmayan və yaxud müəyyən neqativ halların olması da situasiyadan asılıdır.

– Başqanın kim olacağı haqda konkret ad çəkə bilərsiniz?
– Mən sizə tam səmimi deyim ki, seçim İsa Qəmbərin siyasi iradəsindən asılı olacaq.

– Yəni İsa Qəmbər müəyyən edəcək?
– Çox güman ki, onun siyasi iradəsi burda rol oynayacaq. Buna görə də hansısa fiqurun adını çəkmək istəyirsinizsə, ola bilər o proqnoz düz çıxmasın. Bu mənada mən deyirəm ki, bu, partiya rəhbərinin iradəsindən asılıdır. 

– Onda burda demokratiyadan söhbət gedə bilməz axı?
– Məclis sədrinin seçkisi də konsensus variantında oldu də…

– Yəni demokratik olmadı?
– Bəlkə də belə düşünmək olar. Ancaq Müsavat tarixi boyu kifayət qədər demokratik qurum olub, riskli addımlar atıb…