Sülh və Demokratiya İnstitutu İslam partiyasının sədri Mövsüm Səmədovun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «Yanvarın 2-də İslam partiyasının lideri Mövsüm Səmədov məclisin sessiyasında hakimiyyəti və şəxsən prezident İlham Əliyevi kəskin tənqid edib. Artıq yanvarın 7-də Səmədov polis tərəfindən saxlanılıb və terror aksiyaların hazırlanmasında ittiham edilib. Sülh və Demokratiya İnstitutu M.Səmədova qarşı irəli sürülən ittihamları söz, fikir azadlığının boğulması kimi qiymətləndirir. Mövsum Səmədovun atasının və qardaşının da həbsi, həmçinin «polis müqavimət göstərmək» ittiham ilə ilkin inzibati cəza Azərbaycanın repressiv aparatına xas xüsusiyyətdir. Məhz inzibati həbs müddəti ittihamların uydurulması və həbs edilən şəxsə fiziki, psixoloji təzyiq göstərilməsi üçün istifadə edilir».