“Hakimiyyət qanunsuz həbslər həyata keçirir”

AİP-in Məclis üzvü partiya sədrinin hakimiyyəti tənqid edən çıxışına görə həbs olunduğunu dedi

 

Azərbaycan İslam Partiyasının Böyük Məclis üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov yanvarın 10-da “Media forum”a açıqlama verib. O deyib ki, son bir neçə gündə partiya sədri Mövsüm Səmədov və daha 8 nəfər saxlanıb – partiya sədrinin sürücüsü Mirhüseyn Kazımov (11 sutka), AİP təşkilat şöbəsinin müdiri, sədrin birinci müavini Vaqif Abdullayev (15 sutka), sədrin müavini Elçin Manafov (10 sutka), partiya funksionerləri Elçin Həsənov (13 sutka) və Hacı Mehdi Məmmədli (11 sutka), ilahiyyatçı Kərbəlayi Zülfüqar Mikayılzadə (5 sutka), partiya sədrinin atası Mərdan Səmədov və əmisi oğlu Dəyanət Səmədov.
Hacı Natiqin verdiyi məlumata görə, inzibati həbs cəzası alan şəxslər Binəqədidəki müvəqqəti saxlama təcridxanasındadırlar: “Tutulanlardan Elçin Həsənov Rusiya vətəndaşıdır. Həbsi barədə xəbər bu gün çıxan sədrin birinci müavini Elçin Manafov da yanvarın 7-də saxlanıb. Qubada ailəyə məxsus dükanda aparılan axtarışdan sonra həbs olunan partiya sədrinin atası Mərdan Səmədov azadlığa buraxılıb. O, yaşlı adamdir. Əmisi oğlu Dəyanət isə heç partiya üzvü deyil. Onun da harada saxlanması barədə məlumatımız yoxdur. Güman edirik ki, onu da Mövsümlə bərabər saxlayırlar”.
Ağsaqqallar Şurasının sədri Mövsüm Səmədovun harada saxlanması barədə məlumata malik olmadıqlarını deyib: “Əvvəl onun Milli Təhlükəsizlik Nazirliyində saxlandığı deyildi. Amma sonradan Daxili İşlər Nazirliyi məlumat yaydı və həmin xəbərdən bəlli olur ki, onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayırlar”.
Hacı Natiqin sözlərinə görə, yanvarın 10-da partiyanın mətbuat xidmətinin rəhbəri Akif Heydərli də aparılıb: “Akif Heydərli jurnalistdir. Onu evə çağırıblar. Evdə axtarış edəndən sonra onu da həbs ediblər. Dəqiq məlumatımız yoxdur onu hara aparıblar”.
Hacı Natiq həbs olunanların vəkillərlə təmin olunması istiqamətində iş görüldüyünü deyib. O, AİP-çilərin həbsini qeyri-qanuni adlandırıb və bu faktı islamofobiyanın tərkib hissəsi kimi dəyərləndirib: “Biz dindarlar Mövsüm Səmədovun həbsinin əsl səbəbi kimi onun son günlər mətbuatda dərc olunan çıxışını görürük. O, çıxışında Azərbaycandakı ictimai-siyasi vəziyyəti kəskin tənqid etmişdi. Hakimiyyət bu çıxışla bağlı polemika açmaq, müzakirələrə, diskussiyalara başlamaq əvəzinə qanunsuz həbslər həyata keçirir. Hesab edirik ki, Mövsüm Səmədovun çıxışı kəskin olsa da, bu onun hər hansı məsələyə bir baxışıdır. O hesab edir ki, vəziyyətin belə davam eləməsi Azərbaycanın müstəqilliyinə, dövlətçilik prinsiplərinə zərər gətirə bilər”.