Azad İsazadə: «Əhalini küçələrə, bundan əvvəl də qiymətlərin xəbərsiz qaldırılması tökmüşdü»
Ötən həftənin sonunda əksər telekanallar bir neçə gün əvvəl benzinin qiymətinin qalxması ilə bağlı baş vermiş ajiotaja toxundular. Məsələyə aydınlıq gətirən rəsmi şəxslər yanvarın 7-dəki olayları kimlərinsə şayiə yayması nəticəsində meydana çıxdığını iddia edirlər.
Bu zaman isə iki maraqlı məqam üzə çıxır. Birinci məqam ondan ibarətdir ki, baş verənlər cəmiyyətin hökumətə inamsızlığını ortaya qoydu. Belə ki, bundan əvvəl baş verən qiymət artımlarının, bir qayda olaraq, gözlənilmədən və ictimaiyyətlə məsləhətləşmədən reallaşması əhalidə hökumətə inamı sarsıdıb. Ona görə də rəsmilərin dili ilə desək, adi şayiə gecə saatlarında on minlərlə insanın küçələrə axışmasına səbəb olub. Ikincisi, ölkəmizdə bu istiqamətdə təhlükəsizliyin kövrək olması ilə bağlıdır. Əgər adi benzinin qiymətinin artırılması ilə bağlı şayiə bu cür effekt verirsə, daha ciddi məsələlərlə bağlı təxribatın törədilməsi elə bir çətinlik yaratmaz. Yəni, Azərbaycanı istəməyən dövlətlər xüsusi plan quraraq gecə saatlarında hər hansı bir şayiə ilə vətəndaşları asanlıqla küçələrə tökə bilərlər.
Psixoloq Azad Isazadənin fikrincə, həqiqətən də bundan əvvəl istər enerji daşıyıcılarının, istərsə də ərzağın qiymətinin gözlənilmədən bir gecədə heç bir xəbərdarlıq edilmədən qalxması vətəndaşların yanvarın 7-dəki hərəkətlərinə təsir edən amil olub: “Nəzərə almaq lazımdır ki, benzinin qiymətinin qalxması ilə bağlı söz-söhbətlər hələ keçən ilin yayından dolaşır. Ona görə əhali bu xəbərin gözləntisində idi. Başqa tərəfdən, əhalinin bu şayiəyə inanmasına bir amil də təsir edib. O da keçmiş təcrübədən qaynaqlanır. Çünki hər dəfə hökumət uzun sürən yeni il bayramlarından sonra müəyyən sahələrdə qiymətləri artırırdı. Ona görə də bu məlumatı əhali normal qarşıladı”.
Yayılan məlumatın şayiə olduğunu rəsmilərin yalnız səhəri gün təkzib etməsini deyən A.Isazadə vurğuladı ki, belə bir açıqlamanı dərhal verərək insanları sakit etmək də olardı.
A.Isazadə eyni zamanda baş verən tendensiyanın təhlükəsizliyin yüksək səviyyədə təşkil olunmadığını da sübut etdiyini söylədi: “Bu ona işarədir ki, bu cür şayiələrdən xarici kəşfiyyat, xuliqanlar da istifadə edə bilər. Xatırlayırsınızsa, bir vaxtlar paytaxtda müxtəlif məkanlara bomba qoyulması ilə bağlı məlumatlar yayılırdı. O zaman bu istiqamətdə xuliqanlıq geniş yayılmışdı. Baş verənlər ən azı onu deməyə əsas verir ki, benzin ajiotajına oxşar olaylar gələcəkdə də təkrarlana bilər”.
Xəyal