Peledən Ronaldinyoya qarşı ittiham

“Braziliya klublarının adını çəkib Avropada öz qiymətini qaldırır”

 

Braziliyalı futbol əfsanəsi Pele həmyerlisi Ronaldinyonu karyerasını davam etdirəcəyi klubla bağlı konkret qərara gələ bilmədiyinə görə tənqid edib. Onun sözlərinə görə, Ronaldinyo öz dəyərini artırmaq üçün bu cür oyun qurub.
“Globoesporto”ya açıqlama verən Pele deyib ki, əgər Ronaldinyo “Qremio”ya belə çox bağlıdırsa, o zaman bu komandanın şərəfini təmənnasız qorusun: “O qədər pul qazanıb ki, bundan sonra heç vaxt maaş almasa da, həyatının sonunadək rahat yaşaya biləcəyinə əminəm. Həyatda puldan vacib şeylər var”.
Pele özündən nümunə gətirərək “Santos”un kasıb vaxtlarında bu klubda bir mövsüm pulsuz oynadığını xatırladıb. Əfsanə oyunçu Ronaldinyonun “Qremio” ilə bağlı səmimiyyətinə  inanmadığını söyləyib: “Tamamilə özünü auksiona çıxarıb. Braziliya klublarının adını çəkib Avropada öz qiymətini qaldırır. Axırda ən çox pul verən klubu seçəcək”.