Niyə Sovet vətəndaşı olmaq istədim?

Niyə Sovet vətəndaşı olmaq istədim?

Qondarma “dostluq mükafatı”nın təqdimat mərasimində əlahəzrət Azərbaycanın artıq bir
postsovet ölkəsi olmadığını xüsusi bir intonasiya ilə elan etdi.
Elə həmin günlərdə ölkə telekanalları bir-birinin ağzına tüpürübmüş kimi, Aygün Kazımova
ilə Miri Yusif adlı müğənninin neft haqqında oxuduqları klipi yayımlamağa başlayıblarmış.
Təəccüblü deyil: Aygün xanım Ilham Əliyevin ona bağışladığı evin qarşılığını bir şəkildə
qaytarmalı idi, əlahəzrətin neftə bitib-tükənməyən sevgisini hamı kimi o da yaxşı
bildiyindən bu şəkildə qaytarıb.
Amma işin daha biabırçı tərəfi var. Izninizlə onu yazım. Artıq dörd ilə yaxındır Azərbaycan
telekanallarını izləmədiyimdən görməmişdim o klipi, dostlar linkini atıblar elektron
ünvanıma, oradan baxdım. Baxdım və əmin oldum ki, Ilham Əliyev nə qədər haqlıdır,
Azərbaycan hətta bir postsovet ölkəsi də deyil.
Hətta Sovet vaxtı da neft və neftçilər haqqında mahnılar bu qədər bayağı, düşük, zövqsüz,
əttökən deyildilər.
Hətta Sovet vaxtı da bu cür mahnıların bir estetikası, bir mənası vardı.
Hətta Sovet vaxtı da “çiçəklənən ölkə”, “sürətli inkişaf” haqqında belə ürəkbulandıran,
iyrənc mahnı oxumaq mümkün deyildi.
Inanmırsınızsa, buyurun, aşağıdakı parçalar həmin üzdəniraq “mahnı”nın mətnindən
götürülüb:
Petrol, yanan şəhərin işıqları,
Bu yollar bizi haralara aparır?
Nə qədər qaçsa da qəlb uzaq,
Yol mənə olacaq az.

Petrol, mühərrikimə güc ver,
Mənim ölkəmin artır sürəti,

Nə qədər olsan da sən uzaq,
Mən sənə çatacam.

Nə qədər olsa da gecə qaranlıq,
Mənim köməyimə gələcək bir işıq,
Mənim şəhərimi qaldırır zirvəyə,
Güc verir yanacaq.
Sizi bilmirəm, mən bir sovet vətəndaşı olmağı şəxsən indi çox arzulayıram.
O bina başqa harda tikilməli idi ki?
Bakıda jurnalistlər üçün tikiləcək bina sürüşmə zolağında yerləşirmiş… Dünən rəsmilərin
açıqlamalarını oxudum, daş atıb başlarını tuturdular ki, bu, şayiədir, ağ yalandır.
Mən başa düşmürəm, belə təkziblərə nə ehtiyac var. Ümumiyyətlə, jurnalistlər üçün
binanın sürüşmə zolağında tikilməsinin nəyi pisdir axı. Hətta adi məntiq də tələb edir ki, o
bina məhz sürüşmə zonasında tikilsin.
Guya biz bilmirikmi tikiləcək binada hansı jurnalistlərə ev veriləcək? Məsələn, sürüşə-
sürüşə müxalifət qəzetindən iqtidar qəzetinin səhifəsinə düşənlərə… Müxalifətin ünvanına
şər, söyüş yazarkən əlini əsdirməyən, amma hakimiyyətin ünvanına ən kiçik tənqid
söyləmək zamanı gələndə dilini sürüşdürənlərə… Elə isə o binanın sürüşmə zolağında
tikilməsindən məntiqli nə ola bilər?
Artıq vaxtdır, türk qardaşlarımız demiş, hər kəs hak etdiyi yerdə olmalıdır.
Keşkə, yüz kərə keşkə, min kərə keşkə…
Nə gizlədim, hərdən oturub düşünürəm: keşkə irtica yandaşı qəzetlərin də bir neçə normal
cümlə qura bilən, dişədəyən, oxunaqlı köşə yazarları olsaydı da, biz də hərdən atışa
bilsək onlarla, söz savaşına çıxa bilsək, köşələrdən köşələrə atışa bilsək? Inanın ki, bu,
həqiqətlərin daha tez aydınlanmasına kömək edərdi.
Ancaq neyləyək ki, bu ölkədə həm başdan ayağa bir yalan imperatorluğu, bir korrupsiya
bataqlığı, bir ədalətsizlik və hüquqsuzluq cəngəlliyi olan Əliyevçi rejimi müdafiə edib, həm
də oxunan, dişədəyən bir köşə yazarı olmaq şansı heç, amma heç yoxdur.
Mən bu cümlələri hardan tanıyıram?
Adil Qeybullanın Müsavatdan istefa verməsi ilə bağlı müsahibəsini oxudum
srağagünkü “Bizim Yol”da. Sizə də oxumağı məsləhət görürəm. Çünki “pişiyin quyruğu”
görünür orada.
Həmin müsahibənin bir yerində Adil Qeybulla deyir: “Biz (yəni o və Müsavatdan son
vaxtlar istefa verənlər – E.A) hakimiyyətə münasibətdə müxalifət mövqeyindəyik.
Sadəcə, daha marginallaşmış bir şəkildə deyil, sivilizasiyalı, dünyada qəbul edilən müvafiq
standartlar şəklində məsafədəyik”.
Sizi bilmirəm, amma mən bu cümlələri bir yerdən tanıyıram. Mən bu cümlələri nə vaxtsa
da oxumuşam. “Sivil müxalifət” olmağı bəhanə edib, sıralarında olduqları müxalifət
partiyalarından istefa verənlərin sonradan hansı bağın gülü, hansı gülün bülbülü olduğu heç
də uzaq keçmiş deyil…