“İlham Əliyev səhvlərə meyllidir”

Amerikalı jurnalist Stiv Levin Azərbaycan rəhbərini tənqidə dözümsüzlükdə ittiham etdi:

“O, hər şeyi sanki bir hədiyyə olaraq əldə etmişdi”

Tanınmış amerikalı jurnalist, “Neft və təmtəraq” kitabının müəllifi Stiv Levin “Azadlıq Radiosu”na müsahibəsi verib. Həmin müsahibəni qısa ixtisarla sizə təqdim edirik.
– Sizin kitabınız Qərbdə yetərincə oxunub. Amma Azərbaycanda onun haqqında kifayət qədər məlumat yoxdur. Kitabı Azərbaycan dilinə tərcümə etmək fikriniz var?
– Bu, çox gözəl olardı. Kitabın təkcə Azərbaycan yox, rus dilinə də tərcüməsinə ehtiyac var. Kitabda SSRİ dağılandan sonra postsovet məkanında neft müqavilələrinin necə bağlanmasından söhbət açılır. Həmin sazişlərin necə bağlanması, o dövrün şəxsiyyətləri haqda məlumatlar oxucular üçün faydalı ola bilər.

– Kitabınızda Heydər Əliyev haqqında da geniş danışılır.
– Heydər Əliyev siyasət və demokratiyaya münasibətinə görə çox tənqid edilib. O, hakimiyyətdə olmaq və ölkənin yeganə lideri olmağa çalışıb.

– Heydər Əliyevin oğlu İlham Əliyevin də xarici neft şirkətləri ilə danışıqlarda rolunu qeyd etmisiniz. Necə düşünürsüz, o, hakimiyyətin işlətdiyi ifadə ilə desək, “atasının uzaqgörən neft siyasətinin layiqli davamçısı” sayıla bilərmi?
– O zaman İlham Əliyev danışıqlarda atasının “gözü və qulaqları” idi. O, danışıqlarda Azərbaycanın strategiyası və taktikasını müəyyən edən adam deyildi. “Əsrin müqaviləsi” və “Bakı-Tbilisi-Ceyhan”la bağlı danışıqların uğurla başa çatması onun atasının uğuru idi. Amma iki Əliyevi müqayisə edəndə görürük ki, İlham Əliyev atası kimi geniş düşünən insan deyil və onun özünə inamı atasında olan qədər deyil. Buna görə İlham səhv etməyə və ifrata varmağa meyllidir. Onun axır 2-3 ildə etdiyi bir çox şeyləri atası heç zaman etməzdi. Bəlkə də bu onunla bağlıdır ki, Heydər Əliyev çox ağır və mürəkkəb dövrdən keçməli olmuşdu. İlham Əliyev isə hər şeyi sanki bir hədiyyə olaraq əldə etmişdi.

– Dediniz ki, Heydər Əliyev İlham Əliyevin etdiyi bir çox şeyləri etməzdi. Konkret olaraq nəyi nəzərdə tutursunuz?
– Məsələn, əgər siyasətdən danışsaq, düşünürəm ki, Heydər Əliyev heç zaman bloqçuları həbs etməzdi. İlhamın tənqidə dözümü atasından daha azdır. Məncə, İlham Əliyev həmin sahələrdə səhvlər buraxıb. Eyni zamanda düşünürəm ki, Azərbaycanın gələcəyi ilə bağlı məsələdə Heydər Əliyev oğlundan daha uzaqgörən idi. Məsələn, bu onilliyin sonunda Azərbaycanda neft hasilatının pik dövrü başa çatacaq və neft gəlirləri kəskin azalacaq. Ona görə də indidən qeyri-neft sektoru inkişaf etdirilməli, orta təbəqə formalaşmalıdır ki, neft qurtaranda onlar yeni istehsal sahələri yaratsınlar. Amma İlham Əliyev indiyəcən bunu etməyib. Hesab edirəm ki, bu onun atası kimi uzaqgörən ola bilməməsinin nəticəsidir.

– Azərbaycan, Qazaxıstan kimi ölkələrdə xarici neft şirkətlərinin nüfuzu, hakimiyyətə təsir qüvvəsi nə qədərdir?
– Son illərdə çap olunan kitabların birində Azərbaycan “BPstan” adlandırılır. Məncə, bu, həqiqətəuyğun deyil. Xarici neft şirkətləri ilə bağlı belə vəziyyət Nigeriayda mövcud ola bilər. “Shell” həmin ölkədə böyük nüfuza malikdir. Mən Azərbaycanda olarkən heç zaman belə bir vəziyyətin mövcudluğunu müşahidə etməmişəm.

– Sizcə, Xəzər qazını Avropaya daşımaq üçün nəzərdə tutulan NABUCCO layihəsi realdırmı?
– NABUCCO indi real deyil. Çünki həmin borunu işlətmək üçün yetərincə qaz yoxdur. Amma onilliyin sonuna qədər vəziyyət dəyişə bilər. İraqdan kifayət qədər qaz gələ bilər. İranla bağlı vəziyyət dəyişə bilər. Məncə indi NABUCCO ətrafında bəzi hallarda lazımsız fəallıq nümayiş etdirilir. Aydındır ki, bu layihə nə indi, nə də yaxın 5 ildə reallaşasıdır. Amma 10 ilə vəzəyyət dəyişə bilər.