Əli İnsanov İctimai Palataya üzv olur?

Koordinasiya Şurası belə müraciət almayıb, amma məsələnin müzakirəsinə hazırdır

 

Sabiq səhiyyə naziri, 2005-ci ildən siyasi məhbus həyatı yaşayan Əli İnsanov siyasi partiya, QHT təmsilçilərinin, ziyalıların və sonuncu parlament seçkisində namizəd olmuş bir sıra şəxslərin yaratdığı İctimai Palataya üzv ola bilər. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb.
Qəzet sabiq nazirin İctimai Palataya üzv olması istiqamətində iş aparıldığına dair məlumatlar aldığını yazıb. “Olduqca ciddi mənbədən bizə verilən xəbərdə deyilir ki, Əli İnsanovun İctimai Palataya üzv olması üçün iş aparılır. Artıq sabiq nazirlə bu yöndə ilkin danışıqların getdiyi deyilir. Böyük ehtimalla yaxın zamanlarda Əli İnsanov həbsxanadan bəyanat göndərərək İctimai Palataya daxil olduğunu bəyan edəcək. Bəyanatda sabiq nazirin bütün tərəfdarlarına, xüsusən də qərbi azərbaycanlılara İctimai Palataya daxil olmaq çağırışı edəcəyi də istisna deyil. Mənbənin bildirdiyinə görə, bundan sonra İctimai Palata hakimiyyət qarşısında sabiq nazirin həbsdən azad edilməsi tələbini qaldıracaq”, – deyə qəzet yazır.
Məlumatı dəqiqləşdirmək üçün İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən biri Ənnağı Hacıbəyliyə müraciət etdik.
Xatırladaq ki, Koordinasiya Şurasının ötən gün keçirilən ilk iclası barədə məlumat verən Ə.Hacıbəyli İctimai Palataya üzvlük üçün yeni müraciətlərin olduğunu və bunlara baxıldığını deyib.
Ə.Hacıbəyli bildirdi ki, Koordinasiya Şurasının iclasında baxılan müraciətlər arasında Ə.İnsanovun müraciəti olmayıb və onlarda sabiq nazirin İctimai Palataya üzv olmaq istəyi barədə hər hansı məlumat yoxdur. Əgər belə bir rəsmi müraciət olarsa, İctimai Palata bunu müzakirə edib uyğun qərar çıxarmağa hazırdır.

Vidadi