Baxdım ki, kimsə yazmadı, mən yazım dedim…

“Azərbaycan” qəzetində ABŞ əleyhinə yazı ilə bağlı rəyləri oxuduqdan sonra insanları çox asanlıqla iki qrupa ayırmaq olar.
BIR: “Azərbaycan müstəqil dövlət olduğunu bir daha sübut etdi, biz artıq çox güclüyük, hər kəslə onun dilində danışacaq qədər qüdrət sahibiyik” deyən zəvzəklər, boşboğazlar, hər situasiyanı yaltaqlıq hadisəsinə çevirə bilən fürsətgirlər;
IKI: “Vəssalam, ABŞ-la iplər qopdu… Hakimiyyətin işi bitdi, rejimin devrilməsi artıq an məsələsidir” deyən dəhşətli dərəcədə optimist, emossional və demokratiyanın qaranquş kimi başqa ölkələrdən uçub gələcəyinə inanan sadəlövh azadlıq aşiqləri.
Oysa məlum yazının bir “məntiqsizlik abidəsi” olduğu göz önündədir. Nəsə danışılacaqsa, yazılacaqsa da ən əvvəl bu məntiqsizliklərdən danışılmalıdır, yazılmalıdır.
Məsələn, o yazıda heydərçi hakimiyyət ABŞ-ı “başqa ölkələrə münasibətdə riyakar və əxlaqazidd siyasət” yürütməkdə” ittiham edir. Və unudur ki, belə bir ittihamı kimin, kimin, amma məhz onun özünün irəli sürməyə mənəvi haqqı çatmır. Əgər Azərbaycanda Əliyevçi rejim hələ də ayaqdadırsa, hələ də varsa, hələ də tarixin dərinliklərinə gömülməyibsə, yaptokratlar buna görə məhz ABŞ-ın bəyənmədikləri “riyakar və əxlaqazidd siyasəti”nə minnətdar olmalıdırlar. Niyəsini soruşmayın. Hər halda 2003-cü il uzaq tarix deyil. Hər halda Klivlend xəstəxanası da Uzaq Şərqdə yox, məhz ABŞ-da yerləşirdi. Hər halda səsinin oğurlanmasına etiraz edən insanları mitilinə çırpmaq, “Bakı küçələrində asayişi bərpa etmək” tapşırığını da 8 il əvvəl Fil Dişi Sahilinin Azərbaycandakı səfiri verməmişdi. Hər halda ortada hələ fal yox, yumurta yoxkən Ilham Əliyevi “qələbə münasibəti ilə təbrik edən” cənab Armitac da Konqonun deyil, ABŞ-ın səlahiyyət sahibi idi.
Dediyim odur ki, adam bu qədər naşükür olmaz… Oturduğu budağı kəsməz… Yediyi qaba tüpürməz… Əgər siz hələ də o taxt-tacda varsınızsa, bu, məhz ABŞ-ın indi asıb-kəsdiyiniz, yerdən yerə vurduğunuz “riyakar və əxlaqazidd siyasəti”nin nəticəsidir!
Başqa bir məqam: məlum yazıda ABŞ-ı Iraq və Əfqanıstana müdaxiləyə görə ittiham edir Əliyevçi zehniyyət. Indi tutasan yaxalarından, soruşasan: madam ki, siz bu müdaxilələri bir işğal faktı kimi qəbul edirsiniz, madam ki, siz bu müdaxilələri narkoticarətin çiçəklənməsi kimi qəbul edirsiniz, elə isə ilk gündən Azərbaycan əsgərlərini niyə göndərirdiniz Iraqa, Əfqanıstana? Hələ də Azərbaycan əsgərlərinin ABŞ ordusu ilə çiyin-çiyinə nə işi var Iraqda, Əfqanıstanda? Hələ də o “işğalçı ordu”nun Azərbaycan üzərindən daşınan yüklərlə bəslənməsinə necə könlünüz razı olur? Hələ də bəy dediyiniz nədir, bəyənmədiyiniz nə?
Qısası, insanda abır-həya da yaxşı şeydir. Qoy Amerikanı o hakimiyyətlər ittiham etsin, o rejimlər suçlasın ki, onunla eyni qabdan yemirlər. Onun qarşısında alnıaçıq, üzü ağdırlar. Ona heç bir mənəvi borcları yoxdur. Amma siz…
Amma siz hansı ağacın meyvəsisiniz, hər kəs bilir. Ağacı əkən barını da yeməlidir bir gün. Sizi becərənlərin bir gün sizi dərəcəklərini də təxmin etməli idiniz. Daha niyə atılıb düşürsünüz ki? Daha bu həyəcan, daha bu aqressiya nəyə lazımdır ki?