Tiflis – şüşə kimi şəffaf (III YAZI)

Gürcüstanda polis nəzakətli davranışı ilə səni utandırır

 

Özünə ən layiqli hörməti və «hər şey insan üçündür» prinsipini Tiflisdə görərsən…

Tiflisdə cəmi üç gün qaldım. Indi çox peşmanam ki, niyə çox qalmadım. Buna imkan da vardı. Hər şeyin ucuzluğu dəlalət edirdi ki, 200 manatla bir həftədə Tiflisin küçələrində rahat nəfəs alım. Eyforiyaya qapılıb vətənə tez döndüm. Hər şeydən soyumuşam. Yazı belə yazmaq istəmirəm. Gürcüstanda üç gündə nələri görmədim. Saakaşvili ölkəni necə dəyişib. Orada olanda anladım ki, bəli, bizdə də o sistemi, həmin qayda-qanunu yaratmaq olar. Təki istək olsun. Anladım ki, istənilən avtoritarizmin tüğyan etdiyi ölkəni, istənilən bir diktatorun xarabazara çevirdiyi məmləkəti Gürcüstan kimi günəşli etmək olar. Axı bir neçə il öncə Gürcüstan korrupsiya və rüşvətdə bizdən daha öndə idi. Bəs necə oldu? Təbii ki, dövlətin başına demokrat biri gəldi və məsələ həll olundu. Bizlər isə illər öncəki Gürcüstanın yaşadığı həyatı yaşayırıq.

Polis nəvazişi

Tiflisdə hər şeydən öncə gürcülərin polislərinə mat qaldım. Hüquq-mühafizə orqanlarının əməkdaşları insanla bu qədər ünsiyyətcil olarmış. Indinin özündə də buna inanmıram. Hər şey ölkənin qanunları ilə idarə olunur. Heç nə və heç kim bu qaydalar əleyhinə çıxa bilməz.
Bakıda olduğu kimi, Tiflisdə də yeraltı və yerüstü keçidlər var. Amma bizdən fərqli olaraq orada bu keçidlər insanlar üçün tikilib. Yəni, istifadə etməlisən. Əks halda, cərimələnəcəksən. Lakin bizdən fərqli olaraq oranın polisləri cəriməni insanlara yerindəcə ödətmirlər. Çeki yazırlar və lazım olan ünvanı qaydanı pozmuş şəxsə göstərirlər. Buyur get, pozduğun qaydanın cəriməsini ödə. Bir sözlə, gürcü polislərinin əlinə pul yalnız maaşlarını alanda dəyir.
Bu cür qayda-qanunu görməyən birisi kimi ilk gün qaydanı pozdum. Polisin nəzakətli davranışına görə heç bir cərimə ödəmədim. Oranın qaydalarına görə əcnəbilərə maksimum dərəcədə hörmət edirlər. Nəyisə yerindəcə etməsən belə, güzəşt edilir. Bütün bunlara həsəd apardım. Həyatım boyu polislə üz-üzə gəlib mehribancasına münasibətin şahidi olmadığım üçün qaydaları tez-tez pozmaq qərarına gəldim. Yeraltı keçid ola-ola dəfələrlə maşınların hərəkəti istiqamətiylə yol qət etdim. Polis saxladı, mehribancasına başa saldı, utandırıb yolu keçirtdi. Hətta bir dəfə çaşıb qayda pozduğum yerdə təkrar qanunsuzluğa yol verdim. Polis deyəsən, bunu hiss etdi və gülə-gülə məni ötürdü.
Gürcü polisləri mehriban olmaqları ilə yanaşı, həm də, ən azı iki dil bilir. Yəni, turistlərlə ünsiyyətdə onlar problem yaşamırlar.
Tiflisdə olanda gürcü dostlarımdan eşitdim ki, Saakaşvili yarırəsmi, yarı qeyri-rəsmi polislər üçün belə bir şərt qoyub. Kimin şişman qarnı varsa, polis ola bilməz. Düzdür, gürcü polisləri arasında belələrinə rast gələ bilərsən. Amma Saakaşvili istəyir ki, ümumiyyətlə, öz ölkəsində sovetdən qalan “polisin qarnı olar” mazut düşüncəsi tamamilə yoxa çıxsın. Bəli, ölkə rəhbərliyi bunu istəyir və ürəyindən keçən yaxşı şeyləri də etməyə çalışır.
Tiflisdə bircə polis bölməsini bağlı görə bilməzsən. Günün bütün saatı işləyirlər. Və onların necə işlədiyini sən kənardan açıq-aydın görə bilərsən. Istənilən yerdə sən yolu azanda rahat şəkildə polisə zəng edib köməyinə çağıra bilərsən. Həm də Tiflisin istənilən yerində, hətta 5 kilometr kənarda olan polis bölməsinin ünvanını divarlara vurulan elanlardan oxuya bilərsən. Hər tərəfi şəffaf şüşəylə örtülən polis bölmələrini görəndə hiss edirsən ki, ölkədə həqiqətən şəffaflıq hökmranlıq edir.

Qonağa edilən hörmət

Tiflisdə heyran olduğum mənzərələrdən biri də hər addımbaşı zibil qablarının olmasıdır. Ən mədəniyyətsiz adam belə, istər-istəməz bu qabları görəndə özünü yığışdırmağa qərar verir.
Şəhər başdan-başa təmiz olsa da, yenə də xüsusi maşınlar hər iki saatdan bir küçələrə diqqət yetirirlər. Adi bir yarpaq belə asfaltın üstündə qala bilməz.
Jurnalistlərə və əcnəbilərə gözəl imkanlar yaradılıb. Bir-iki dövlət əhəmiyyətli obyekti çıxmaq şərti ilə istənilən yerdə şəkil çəkmək mümkündür. Mərkəzi meydanın yaxınlığında yerləşən Parlamentin binası əcnəbilərin foto qalereyasına çevrilib. Istənilən şəxs oradan keçəndə ayaq saxlayıb şəkil çəkdirir. Heç kim də şəkil çəkənlərə yaxınlaşıb fotoaparatın yaddaşından silməyi əmr eləmir.
Tiflis parlamentini və mərkəzi meydanı görmək çoxdankı arzum idi. Axır ki, bu arzum da reallaşdı. Sadaladığım iki yeri görmək istəyimin səbəbi məşhur “qızılgül inqilabı”yla bağlı idi. 
Gördüm. Mərkəzi meydanları balaca, Parlamentin binası da köhnədir. Parlament binasının qarşısında fontan yoxdur. Yaşı bəlkə də, bir əsrdən artıq olan Parlamentin binasını seyr edəndə fontanın olmadığından gileyləndim. Amma sonra anladım ki, fontanı olan Parlament qanunları su kimi fışqırdar, onun heç bir dəyəri olmaz, fontanı çox olan ölkənin korrupsiyası fontan vurar.

5 qəpiklik lift

Qeyd etmişdim ki, gürcülər qonağa daha çox hörmət edirlər. Bunun bariz nümunəsinə restoran-barlarda rast gəldik. Qapı ağzında pusqu quran şəxslər yer oldu-olmadı, çalışırlar maksimum dərəcədə gürcüləri içəriyə buraxmasınlar. Çünki onlar bir az spirtli içki dadan kimi dava salırlar. Amma əcnəbilərə belə bir qadağa tətbiq olunmayıb. Gürcü dostum deyir ki, dəfələrlə Tiflisə təşrif buyuran insanlar barlarda dava salıblar, buna baxmayaraq, əcnəbilərə böyük hörmət bəslənilir: “Hətta sən bu gün dava etsən belə, sabah yenə səni içəriyə buraxacaqlar. Amma gürcülərə belə şanslar verilmir. Ümumiyyətlə, Gürcüstanda çalışılır ki, qonaqlara maksimum dərəcədə sayğı olsun. Sən nə hərəkət etsən də nəvazişlə davranacaqlar”.
Tiflisdə olanda yalnız bir şey mənə qəribə gəldi. Binalardakı liftlərin pulla işləməsi. Belə ki, liftdən istifadə etmək üçün ya sən 5 tetri (bizim pulla 5 qəpiyin yarısı), ya da 10 tetri (5 qəpik) qutuya atmalısan. Əks halda lift işləməyəcək. Əvvəlcə bu, məndə təəccüb doğurdu. Sonra dostlarım liftin pulla işləməsinin xeyirli tərəflərini söylədi. Tutaq ki, sən Bakıda liftdən istifadə etmirsən və ya bir neçə aylıq ölkədə olmayacaqsan. Evinə qayıdan kimi olmadığın ayların lift pulunu mütləq verməlisən. Və yaxud liftdən istifadə etmirsənsə, nəyin bahasına olursa-olsun aylıq qoyulan limiti ödəməlisən. Əks halda ya sənin yerinə qonşular pulu ödəməlidir, ya da lift fəaliyyətinə xitam verməlidir. Amma Gürcüstanda bunun əksinədir. Sən yalnız istifadə etdiyin üçün pul ödəyirsən. Lift xarab olanda da yığılmış pulların hesabına təmir edilir. Daha bizdəki kimi aylıq haqdan əlavə usta çağıranda da pul ödəmək yoxdur.

***

Tiflisdə bircə dəfə də polisin “filan nömrəli maşın sağa (və ya sola) ver saxla”, “yol ver arxandakına” kəlmələrini eşitmədim. Sanki Tiflis polissiz idarə olunur. Yalnız bircə dəfə polisin maşın saxladığını gördüm. Maraqla sezdim, yaxınlaşıb salam verdi, cəriməni yazdı və çıxıb getdi. Həmin an yadıma bir neçə ay öncə deyilmiş maraqlı əhvalat düşdü. Deməli, Gürcüstanın əyalətlərinin birində sürücü içkili şəkildə maşını idarə edən zaman polis onu saxlayır. Polis sərxoş sürücünü maşınıyla evinə aparır və səhər maşını gəlib polis bölməsində cəriməsiz-filansız götürməyi məsləhət görür. Eyni situasiyanın Bakıda olduğu təqdirdə bizimkilərin nələr edəcəyi fikrimdən keçdi…
Ora Gürcüstandır, onlardan indi hər şey gözləyirəm…

Ramin DEKO, Bakı-Tiflis-Bakı