Qiymət və əmək haqqı necə artır?

Nemət Əliyev: «Azərbaycan hökuməti bu sahədə hələ də işini qura bilməyib»

 

Rəsmi qurumlar ötən ilin iqtisadi göstəricilərini açıqlayarkən 11 ayda 5,5 faiz qiymət artımının olduğunu deyir. Lakin müstəqil ekspertlərin hesablamaları bu artımın 18 faiz olduğunu ortaya çıxarır. Artım əsasən ərzaq məhsullarında qeydə alınıb.
Lakin bunun müqabilində ötən il əhalinin gəlirlərində artım müşahidə edilməyib. Əmək haqlarına cüzi artım istisna olmaqla əhalinin yaşayış səviyyəsində yüksək temp müşahidə olunmayıb. Ekspertlər Azərbaycanda əmək haqlarının qiymət artımlarına uyğunlaşdırılmasının anormal hal aldığını deyir.
Iqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, Azərbaycan hökuməti bu işin öhdəsindən gələ bilmir. Çünki normalda bütün inkişaf etmiş ölkələrdə xalqın maraqlarını müdafiə edən, onu düşünən hökumətlər, bir qayda olaraq, ölkə miqyasında iqtisadi və sosial metodlardan istifadə edib qiymətlərin səviyyəsini tənzimləyirlər. Qiymətlər tənzimlənərkən götürülən əsas meyarlardan biri də əhalinin pul gəlirlərinin artım tempidir. Əmək haqqı artımları həmişə qiymətlərin artım tempindən yuxarıda saxlanılır ki, bahalaşmadan yaranan ziyanlar əhalinin pul gəlirlərini yeməsin. Azərbaycan hökuməti isə bu sahədə hələ də işini qura bilməyib.
Ötən dövr ərzində ərzaq məhsullarının qiymətinin artımı ilə paralel şəkildə əhalinin gəlirlərində artımın baş vermədiyini xatırladan ekspert, hətta büdcə təşkilatlarında çalışanların maaşlarının da lazımi səviyyədə, yəni, qiymət artımına adekvat olmadığını deyir. Belə olan halda isə istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının qiymətlərinin artımı nəticə etibarilə əhalini öz kisəsindən yeməyə məcbur edir.
Bu sahədə böyük boşluğun olduğunu deyən ekspert hökumətin bu sahədə dönüş yarada bilmədiyini, yaxud yaratmaq istəmədiyini vurğuladı.

Fizzə