BMT bahalaşma proqnozu verdi

Ərzağın qiyməti «şok həddə qədər» bahalaşa bilər

 

Dünya iqtisadiyyatını ərzaq mallarının “qiymət şok”u gözləyir və bu, sonradan ərzaq böhranına çevrilə bilər.
“The Financial Times”ın xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlama yayıb.
Təşkilat bu bəyanatı dekabr ayında FAO-nun kənd təsərrüfatı malları indeksinin rekord həddə çatmasından sonra verib. Müqayisə üçün bildirək ki, indiki göstərici dünyada ərzaq böhranının yarandığı və 30-a yaxın ölkədə acların üsyanının baş verdiyi 2007-2008-ci illərin səviyyəsini də üstələyib.
FAO-nun Romadakı böyük iqtisadçısı Rime Abduleza Abbasyan bildirib ki, qiymətlərin bundan sonra da artmayacağını düşünmək ağılsızlıq olardı.
Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin çoxunda, o cümlədən Çin və Hindistanda inflyasiya artıq əsas iqtisadi və siyasi problemə çevrilib. Qiymət artımı inkişaf etmiş ölkələrdə də, məsələn, Böyük Britaniya və Avrozonada da potensial problem sayıla bilər.
Bununla yanaşı, FAO qeyd edir ki, kənd təsərrüfatı malları indeksi əsasən qarğıdalı, şəkər, yağ və ətin hesabına artır. Halbuki bu mallar ən kasıb ölkələr üçün düyüdən vacib deyil. Düyü isə 2008-ci ildən etibarən təqribən iki dəfə ucuzlaşaraq tonu 535 dollara düşüb. Əlavə edək ki, 2011-ci ildə dünyada ərzaq mallarının bahalaşacağı və bunun ümumi inflyasiyaya təsiri Azərbaycanda da gözlənilir(APA).
Azərbaycan Mərkəzi Bankının 2011-ci il üçün Pul Siyasətinin Əsas Istiqamətləri barədə bəyanatında bildirilir ki, “2011-ci ildə inflyasiya səviyyəsinə daxili tələblə yanaşı, partnyor ölkələrdə, habelə dünya ərzaq bazarlarında qiymətlərin qalxması da təsir edə bilər”. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin ilk 11 ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 6,7% artıb.