“Birlik ideyasını gündəmdə saxlamalıyıq”

Fuad Qəhrəmanlı: «Birlikdən danışmağımız Müsavata qarşı dost və səmimi münasibətimizin göstəricisidir»

 

AXCP-Müsavat birliyinin reallaşması ilə bağlı mövzunun mətbuatın gündəminə tez-tez gətirilməsini bəziləri ziyanlı hal sayırlar. “Yeni Müsavat” qəzetinin dünənki sayında Xalid Kazımlı köşə yazısında AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Azadlıq” qəzetinə verdiyi son müsahibəsində birliklə bağlı fikirlərini təhlil edərkən bu qənaətə gəlib. Onun fikrincə, bu mövzunun həddindən artıq müzakirəsi birləşmədən çox, ayrılığa xidmət edir. Müsavat Icra Aparatının rəhbəri Arif Hacılı isə F.Qəhrəmanlının fikirlərini onlara qarşı diqqətsizlik kimi qiymətləndirib. Mövzu ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının mövqeyini öyrəndik.
Səsləndirdiyi fikirlərə bu cür reaksiyanın verilməsinə təəccüblənən F.Qəhrəmanlı bildirdi ki, o, müsahibəsində Müsavata, AXCP-Müsavat birliyinə xələl gətirəcək fikirlərə yol verməyib: “Mən müsahibəmdə bir daha iki partiya arasında birliyin əldə edilməsinin nə qədər vacib olduğunu gündəmə gətirmişəm. Istər Isa bəyin təklifindən, istərsə də AXCP-nin qurultayında qəbul olunan müvafiq qərardan sonra baş verən prosesləri təhlil edərək vurğulamışam ki, ötən müddətdə cərəyan edən hadisələr də birliyin vacibliyini ortaya qoyur”.
X.Kazımlının köşə yazısında “birlikdən tez-tez danışılmasının prosesə xələl gətirdiyi” ilə bağlı fikrinə gəlincə, F.Qəhrəmanlı söylədi ki, o, bu mövqe ilə razı deyil. Çünki əgər qarşı tərəfin birlik istəyi varsa, nəyə görə birlikdən danışmaq bu prosesə xələl gətirməlidir: “Birliklə bağlı mövzunun gündəmdə olması yalnız birlik tərəfdarı olmayan qüvvələri narahat edə bilər. Çünki hər dəfə bu məsələ müzakirəyə çıxarılan zaman ictimaiyyət qarşısında hesabat verilməli olunur ki, nəyə görə, proses hələ başa çatmayıb. Ona görə düşünürəm ki, birlik ideyasını gündəmdə saxlamalıyıq. Biz dost və müttəfiq hesab etdiyimiz Müsavat Partiyasının məsələlərə münasibətini hörmətlə qarşılayırıq. Bizim birlikdən danışmağımız elə Müsavat Partiyasına qarşı dost və səmimi münasibətimizin göstəricisidir”.
“AXCP-nin rejimə qarşı apardığı mübarizə ilə bağlı fikirlərin qabardılması da normal haldır. Biz elə rejimin dəyişməsini tez bir zamanda istədiyimiz üçün birliklə bağlı mövzunu gündəmdə saxlayırıq”, deyə F.Qəhrəmanlı vurğuladı. F.Qəhrəmanlının fikrincə, bu mövzunun hələ də mətbuatın gündəmində qalması eyni zamanda məsələnin aktuallığını, vacibliyini göstərir. AXCP yetkilisinin sözlərinə görə, qarşılıqlı hörmət şəraitində verilən tarixi şansdan yararlanmaq lazımdır.

Xəyal