ADAM OLACAQ COCUQ “İstəyirəm ki…”

“Bütün pisliklər yox olsun, dünyada yaxşı insanlar qalsın”

 

«Bir kitab oxudum, Mələklə şeytanın mübarizəsi haqqında idi…»

Ayəndənin proyekti

Bu dəfə bir qədər daha böyük yaşda uşaqla söhbətləşmək qərarı verdik. 12-13 yaşlı azərbaycanlı bizim ölkəmiz və dünya haqqında nə düşünür? Onlarla sərbəst həyatın arasındakı məsafə daha qısadır. Cəmi 6-7 ildən sonra onlar Azərbaycanın tam hüquqlu vətəndaşları olacaqlar. Və onlardan biri Aytacdır.
Aytac Ağazadə  246-saylı orta məktəbin yeddinci sinfində təhsil alır. O, Sovet dövrü Azərbaycanının tanınmış dissidentlərindən olan Nadir Ağayevin övladıdır. (Amma onu dissidentin qızı olduğuna görə seçmədik və tamamilə təsadüfən belə alındı). Aytac çox mehriban, gülərüz qızdır. Ailədə iki övladdan biridir.

***

– Aytac, məktəb həyatı necə keçir?
– Yaxşıdır. Uşaqlar çox yaxşı uşaqlardır. Onlarla bir yerdə mənim üçün çox yaxşı keçir. Bütün dərslərimi də yaxşı öyrənməyə çalışıram. Amma texniki fənlərə xüsusi marağım var. Rəsm çəkməkdən isə xüsusi zövq alıram.

– Internetdən istifadə edirsən?
– Demək olar ki, müntəzəm olaraq, internetlə işləyirəm və əsasən dərslərimə aid olan məlumatları götürürəm.

– Adətən, sənin yaşında olan uşaqlarda bədii ədəbiyyata meyl başlanır. Sən necə, boş vaxtlarında əlavə kitablar oxuyursanmı?
– Qəhrəmanlar haqqında kitablar oxumuşam. Yaxın günlərdə mələklər haqqında kitab oxumuşam. Bu əsərdə Mələklə şeytan  qarşı-qarşıya gəlirlər. Mənim daha çox xoşuma gələn mələyin şeytanı yox etməsi oldu. Bütün pisliklər yox olur, dünyada yalnız yaxşı insanlar qalır. Təəssüf ki, həyatda heç də həmişə belə olmur. Amma yaxşı insanlar belə düşünürlər ki, yaxşılıq həmişə qalib gəlir. Bu kitab da, elə bu baxımdan diqqətimi çəkdi.

“Əgər pisliklər hələ də varsa…”

– Sən necə görürsən, bizim cəmiyyətdə yaxşılıqlar çoxdur, yoxsa pisliklər?
– Mən yaxşıların çox olduğunu düşünürəm.

– Azərbaycanda varlılar çoxdur, yoxsa kasıblar?
– Məncə kasıblar daha çoxdur. Çünki xeyli insanlar var ki, onlar iş tapmırlar, bəzilərinin heç evi də yoxdur, bəziləri quru çörəyə möhtacdırlar. Bu, çox pisdir.

– Bu pisliyin qarşısını almaq olarmı? Bunun üçün neyləmək lazımdır?
– Görünür, yaxşı adamlar daha artıq çalışmalıdırlar. Mən belə düşünürəm. Düşünürəm ki, pisliklər hələ də, haradasa mövcuddursa, deməli, yaxşı adamların imkanları hələ zəifdir.

– Bəyəm, dünyadakı bütün pislikləri aradan qaldırmaq təkcə yaxşı adamların işidir?
– Əlbəttə, başqa necə ola bilər ki?..

***

– Böyüyəndə hansı peşənin sahibi olmaq istərdin?
– Mənim arzum modelyer olmaqdır. Amma həkimlik sənəti də çox xoşuma gəlir. Hələ qəti qərar verməmişəm. Yəqin ki, modelyerliyi seçəcəm.

– Modelyer olmaqla cəmiyyətə nə xeyir verə bilərsən?
– Istəyirəm bütün insanlar fəsillərə uyğun dəblə, zövqlə geyinsinlər.

– Bu da yaxşılıqların sayını artırmaq amalının davamıdır?
– Əlbəttə. Adamların və dünyanın qəşəng görünməsi də yaxşıdır, axı. Həm də, bəlkə həkim oldum. Bu da yaxşıdır, elə deyil?..

***

Aytac ingilis və rus dillərinə maraq göstərir. Onun idmana da həvəsi böyükdür. Əvvəllər gimnastika ilə məşğul olub.

– O nə hobbi idi? Idmanla məşğulluğu deyirəm…
– Bir ara həvəsim var idi. Bir müddət gimnastika ilə məşğul oldum. Sonra dərslərim çoxaldı, gördüm çatdıra bilmirəm, ona görə atdım.
Pianoda və skripkada ifa etməyi bacarır. Musiqiyə də qulaq asmağı xoşlayır. Musiqi zövqünə gəldikdə isə, Aytacın zövqü Azərbaycan gəncliyinin musiqi zövqündən heç nə ilə fərqlənmir – Röya, Natəvan…

“Uşaqların döyülməsi yolverilməzdir”

– Sən hansı problemlə üzləşirsən?
– Hərdən müəllimlərin bizə qarşı haqsızlığı ilə üzləşirəm. Bu, yalnız mənə aid deyil, başqa uşaqlara da aiddir. Elə hallar olur ki, müəllimlərdən bəziləri bizə haqsızlıq edərək, qiymətlərimizi aşağı salırlar. Bu, bizi çox incidir. Elə müəllimlər var ki, bir də görürsən bir həftə dərsə gəlmir. Müəllimlərin dərsə biganə yanaşması bizə təsir eləyir, müəyyən mənada həvəsdən salır. Amma əlbəttə, yaxşı müəllimlər də çoxdur və biz onlara çox hörmət edirik.

– Bəs cəmiyyətdə sənin yaşıdların hansı problemləri yaşayırlar?
– Mənim tanıdığım uşaqlardan elələri var ki, ailədə  valideynləri tərəfindən zorakılığa məruz qalırlar. Hətta onları yeri gəldi-gəlmədi, döyürlər də. Onlara qətiyyən sərbəstlik verilmir. Mənim fikrimcə, bu, yolverilməz haldır. Uşaqlar da azad olmalıdırlar.

“Elə bil, hamı prezidentdən qorxur”

– Hansı qəzetləri tanıyırsan?
– “Azadlıq”, “Müsavat” qəzetlərini tanıyıram, hərdən oxuyuram. Uşaq jurnallarını da oxuyuram.

– Hansı siyasətçiləri tanıyırsan?
– Siyasətçilər haqqında eşitmişəm, amma adlarını xatırlamıram.

– Yeni Azərbaycan Partiyası haqqında nə eşitmisən?
– Eşitmişəm, YAP hakimiyyətdə olan partiyadı.

– Sən prezident olmaq istərdin?
– Yox, heç zaman prezident olmaq istəməzdim, xoşum gəlmir. Bizdə prezident adı gələndə hamı çəkilir kənara, sanki hamı ondan qorxur. Məncə belə olmalı deyil, prezident  insanlardan fərqlənməli deyil. Bizim prezidentin insanlarla ünsiyyəti çox azdır. Məsələn, mən istəmərəm ki, insanlar məndən qorxsunlar. Bu, yaxşı hadisə deyil, pis hadisədir.

***

– Yaxın günlərdə sənin yaşıdların hicab örtdüyünə görə  dərsdən kənarlaşdırılmışdılar. Bunları eşitmisənmi? Hicab məsələsi ilə bağlı sizin məktəbdə vəziyyət necədir? Ümumiyyətlə, uşaqların hicaba görə məktəbdən uzaqlaşdırılmasına münasibətin necədir?
– Bizim də məktəbdə belə uşaqlar var idi. Indi bu uşaqları məktəbdə görmürəm. Düzü, bilmirəm onların taleyi necə oldu. Mən belə hesab eləyirəm ki, onların məktəbdə hicab taxmalarında pis heç nə yoxdur. Bu məsələyə görə uşaqların dərsdən kənarlaşdırılması… Hər halda yaxşı hadisə deyil.

***

– Demokratiya nədir?
– Insanların azadlığı, sərbəstliyi deməkdir.
Aytac daha böyük uşaqdır. Öz dünyasını özü ifadə eləyə bilir. Buna görə də onun haqqında nə müəllimləri, nə də valideynlərilə xüsusi bir söhbət etdik.