Əliyevin oxuduğu məktəbi niyə söküblər?

Əməkdaşımız sökülən məktəbin ərazisində olub

 

Səbail rayonunda yerləşən 6 saylı məktəbin sökülməsi barədə qəzetimizin ötən sayında xəbər vermişdik. Dəqiqləşmələr aparmaq üçün dünən həmin ərazidə olduq. Söküntü işlərinə ötən ilin oktyabr ayından başlanıldığını öyrəndik.
Məktəbin sökülməsi çox sürətlə həyata keçirilib. Məktəbin yerində artıq tikinti işlərinə başlanılıb.
Tikinti işləri də sürətlə aparılır. Tikintinin mühafizəçisi burada daha böyük məktəbin tikildiyini, eyni zamanda tikinti ilə bağlı əlavə informasiya verə bilməyəcəyini dedi.
Müşahidələrimiz onu göstərdi ki, tikinti işləri çox ciddi şəkildə aparılır. Görünür, məktəbin tikilib tezliklə istifadəyə verilməsi göstərişi verilib. Işləri hansı şirkətin aparması da bəlli deyil. Ümumiyyətlə, məktəbin sökülməsi, orada yeni məktəb binasının tikilməsi ilə bağlı rəsmi olaraq heç bir açıqlama və elan verilməyib. Orada oxuyan şagirdlərin isə hansı məktəbə köçürüldüyü bilinmir.
Azərbaycanda orta məktəblərin təmir olunması, ya da yeni məktəblərin tikilməsi adi xəbərdir. Ancaq 6 saylı orta məktəbdə prezident Ilham Əliyevin oxuması məsələyə başqa çalarlar qatır.
Bu məktəb iki dəfə əsaslı təmir olunub. Məktəb bütün standartlara uyğun təmin olunmuşdu. Məktəbin təmirinə isə milyonlarla pul xərclənmişdi.
Ancaq nə edək ki, belə israfçılıqlar Azərbaycan hakimiyyəti üçün artıq adi hal alıb.
Söhbət etdiyimiz ekspert bizə Təhsil Nazirliyinin açıqladığı rəsmi statistikanı xatırlatdı: “Bu gün Azərbaycanda 262 məktəb qəzalı vəziyyətdədir. Hər an uçmaq təhlükəsi var. Ölkə üzrə 800-dən çox, Bakıda isə 41 məktəbin əsaslı təmirə ehtiyacı var. Belə olan vəziyyətdə bir müddət öncə əsaslı təmirdən çıxan məktəbi söküb, yenidən tikməyə nə ad vermək olar? Bura çəkilən xərcin əvəzində hər an uçmağa hazır olan məktəbləri təmir etmək düzgün olmazdımı?”.

Elmin