Yeni “11 sentyabr” hazırlanır?

Dünya geriyə – «dinlərin savaşı» nəzəriyyəsinə doğru dartılır…

 

Samuel Hantinqton dəbdə idi. ABŞ Iraqa girmişdi və bunu “Mədəniyyətlərin savaşı” nəzəriyyəsinin qalib gəlməsi kimi qiymətləndirirdilər. Dünya rəsmən iki dinin savaşından bəhs edirdi. O zamanın respublikaçı prezidenti Corc Buşun da xristianlığın “evangelist” cərəyanına bağlı olduğuna dair müxtəlif media orqanlarında materiallar yer alırdı. Iran bu mübarizədə əsas ideoloji tərəf idi. Müharibə Iraqda getsə də… Iraqın əsas dini liderləri şiə təriqətinin təmsilçiləri idilər və onların qəbul etdikləri şəriət hökmləri Iranda da keçərli idi. Dünyasını dəyişmiş mərhum Sistani bu şəxslərdən sayılırdı. Müqtəda əs-Sədrdən fərqli olaraq Sistani münaqişədə dinin tərəf olduğunu demirdi. Onu yaşamağa qoymadılar.
ABŞ-ın Iraq əməliyyatı zamanı ikinci məşhur şəxs Frensis Fkuyama idi. Onun “Tarixin sonu” nəzəriyyəsinə görə, bəşəriyyətin sonuncu qarşıdurması Islam və xristian dünyası arasında olacaqdı. Iraqdakı savaş Əfqanıstandakı prosesin davamı kimi bu nəzəriyyənin də həyata addımlar atdığına sübut olaraq göstərilirdi.
Yaxın Şərqin taleyinin yenidən yazılması barədə də diskussiyalar gedirdi, amma əsas məsələ tarixin sonunun yaxınlaşması idi. Bu proseslərin nəticəsində xüsusən, Ərəbistan yarımadasında və Islam dünyasında böyük bir antiAmerikan ovqatı “çiçəkləndi”. ABŞ hərbi kontingentinin təmsilçilərinin Iraqda yol verdikləri səhvlər isə Səddam Hüseyndən sonrakı prosesin dinc xarakterinə təsirsiz keçmədi. Üstəlik, Iraqda Kürdüstan yaratmaq istiqamətində aparılan işin Türkiyə-ABŞ münasibətləri üzərində soyuq bir külək əsdirdiyi də danılmazdır. Bir sözlə, dünya açıq şəkildə iki din arasındakı qarşıdurmanı müzakirə edirdi.
Amma bu dartışmalarda çox az siyasətçi ABŞ-ın Bosniya müsəlmanları üçün etdiklərini dilə gətirir və bunun bir din savaşı deyil, təhlükəsizlik sistemi (fəlsəfəsi) mücadiləsi olduğunu ifadə edirdi. Ola bilsin ki, bir qədər sərt yol seçilmişdi, amma bu, bir dinlər mübarizəsi deyildi. Heç kim müsəlmanlara Səddamdan daha çox zülm vermiş birini tapa bilməz. Hətta Quantanamoda belə, insanları sulfat turşusuna (kislota) atıb qaynatmırdılar. “Taliban”ların Əfqanıstanda və Pakistanda öldürdükləri günahsızların sayını isə hələ dəqiqləşdirmək mümkün olmayıb.

İran əsas tərəfdir…

Dünya siyasəti öz nəhəng səhnəsini “təmizləyirdi”. Daha doğrusu, təmizləmək savaşı verirdi. Amma bir çox diktatorlar  sadə insanların arxasında gizlənərək, onların dəyərlərini alət edirdilər. Iran Iraq savaşının öz coğrafiyasına keçməsinin qarşısını almaq üçün Iraqı cəhənnəmə çevirməkdə hələ də davam edir. Qanunsuz silahlı dəstələri, terror qruplarını stimullaşdırır və Iraqda savaşın bitməsinə imkan vermirdi. Bu, indi də davam edir. Çünki Iraqda sabitlik yaranarsa, bu, yeni təhlükəsizlik sisteminin qələbəsi olacaq və Iran ideoloji silahını itirəcək. Iranda milyonlarla sadə və səmimi dindar ABŞ-ı şər dünyasının təmsilçisi kimi qəbul edirdi. Halbuki, ABŞ öz vətəndaşlarının milyonlarını oğurlayıb, sonra da onları xırda oğurluqlara məcbur edəndən sonra əllərini kəsmir, kürəklərini dağlamır, boğazlarını kəndirləyib dara çəkmirdi. Həmin sadə dindarlardan bir neçə milyonu ABŞ-da da yaşayır və onların heç bir problemi yoxdur. Günah nə dindədir, nə də dindarlarda. Sadəcə, dini alətə çevirmiş böyük bir şəbəkədən söhbət gedir. Onlar təkcə “müsəlmanlar”dırlarmı? Xeyr. Bu, heç də tək tərəfli aparılacaq iş deyil. Qarşı tərəf də var. Qərb mediasının bəzi təmsilçiləri Islam dininin Peyğəmbərini təhqir edən karikaturalar və yazılar dərc edirdilər. Qarşıdurmanın bu erası siyasi baxımdan ABŞ-da demokratların hakimiyyətə gəlməsilə sona çatdı.

Obama İsrailə yerini göstərdi…

İsrail ABŞ-ın Islam dünyası ilə konfrantasiyasından ən çox qazanan ölkədir. Bunun heç bir hesablamaya ehtiyacı yoxdur. ABŞ-ın antiIran layihələrinin böyük bir qismi Israil üzərindən həyata keçirilirdi. Obama ilk mesajını Qəzza bölgəsindəki tikintilərin dayandırılmasına dair verdi. Təl-Əviv bu çağırışı ciddiyə almadı. ABŞ bir çox səviyyələrdə bu çağırışı təkrarladı və müzakirə etdi. Israil israrından geri çəkilmədi və belə hesab etdi ki, Iranla münasibətlər bu səviyyədə qaldığı halda, ABŞ ona ehtiyac duyacaq və bütün şıltaqlıqlarına dözəcək. Elə məhz bundan ruhlanaraq, Qəzza bölgəsinə humanitar yük aparan “Mavi Mərmərə” gəmisinə hücum təşkil etdi. Və bütün dünya bu hadisəni pislədi. “Həmas” liderinin MOSSAD tərəfindən qətlə yetirildiyi üzə çıxdı. Ingiltərədəki Israil diplomatı xəfiyyəlik etmək ittihamıyla bu ölkədən qovuldu. Türkiyə dünyadan və ABŞ-dan açıq dəstək aldı. Islam dünyası ilə ABŞ arasında buzlar əridi. Türkiyə baş nazirinin bu istiqamətdəki müstəsna fəaliyyəti diqqəti cəlb edirdi. Israilin də bu olayları həzm edəcəyi gözlənilən deyildi. Belə bir gözlənti olsaydı, zatən yanlış olardı.
Türkiyənin Cənubi Qafqazda aktivləşməsinə qarşı Azərbaycan hökumətinin də dəstək verdiyi planlar həyata keçdi. Azərbaycan hakimiyyətinin antiTürkiyə projelərinə qoşulması barədə biz “WikiLeaks”dən oxuduq, amma bunu olayların cərəyan etdiyi vaxtlarda da yazmışdıq.

Yeni dalğa – antidemokratik əks-inqilab

“WikiLeaks” saytının dünya siyasətinin qaranlıqlarına işıq tutmasından sonra diktatorların kürsüləri yenidən silkələnməyə başladı. Əksəriyyəti qanunsuz milyardlara sahib olan bu rəhbərlərin təsadüfən hakimiyyətdə qalmaları ağlabatan deyil. Onların istisnasız olaraq, hamısının xalqla münasibətləri pisdir və əksərən düşmənçilik psixologiyasına istinad edir. Ciddi ağılları və siyasi istedadları olsa, niyə diktator olsunlar? Onları hakimiyyət başında tutan qüvvə iqtidarda qalmaq üçün “yemlədikləri” dairələrdir. Indi aydın görünür ki, bu dairələr Vaşinqtonda deyil. Çünki hazırkı savaş, həm də antiVaşinqton savaşıdır. Bu, liberal demokratiyaya qarşı avtoritar sistemlərin isterik hücumudur…

Diqqət, diqqət!

Misirdə xristianlar Isa peyğəmbərin doğum gününü qeyd edə bilmirlər. Bunu Misir hökuməti müsəlmançılıq adına qadağan edir. Halbuki, Quranın bir surəsi (Məryəm) məhz İsa Peyğəmbərin necə doğulmasına həsr olunub. Quranda olana qarşı çıxana müsəlman deyəkmi? Mən demirəm, siz də istəyirsiz, düşünün.
Azərbaycanda və bir çox ölkələrdə hicab savaşı gedir. Müsəlmanlar uşaqlarının orta məktəbə hicabla getməsini tələb edirlər. Hökumət isə bunu zorakı yolla önləmək istəyir. Maraqlıdır, Islam dini demirmi ki, bir gün elmlə məşğul olmaq altmış il ibadətdən irəlidir? Elə isə bizim başbilən dindarlarımız niyə təhsilin korrupsiyaya bulaşmasına etiraz etmirlər? Uşaqlarının başlarının içində olmayan şey onları narahat etmir, dekorativ məsələlərə etiraz təşkil edirlər. Sözsüz ki, bu kütlələrin içərisində xeyli səmimi, istədiyinə inan qüvvələr var, amma bu olaylar bir təsadüf sayıla bilməz. Məncə, biz ilk növbədə övladlarımızın təhsilli olmasına çalışmalıyıq. Onların yetkinlik yaşına çatandan sonra nə geyinəcəkləri və nəyi necə edəcəkləri ilahi dinlərdə də buyrulduğu kimi, öz ixtiyarlarındadır. Burada əsas oyun yenə də səmimi prosesi pozmaqdır.
Diktatorlar xalqların arxasında gizlənərək dəyərlərin savaşını yaratmaq istəyirlər. Din fərdlərin inancı olmaqdan çıxıb, toplumların savaş silahına çevrilir. Yenidən Hantinqtonun nəzəriyyəsi zorla dövriyyəyə salınır. Çünki kütlələr savaşanda günahkarları gizləmək mümkün olur. Məsələn, Əhmədinejad da, hətta Ilham Əliyev də, bir də baxdız, Putin də müsəlman dünyasının təmsilçisi oldular. Yeri gəlmişkən, bir neçə il əvvəl Putin Islam Konfransı Təşkilatının üzvü olmaq üçün müraciət etmişdi. Bu, bir Şərq-Qərb savaşı da ola bilər.

“Geriyə yol yoxdur” – bir Sovet filmidir…

İndi tam açıq-aydın görünür ki, hakimiyyətdə qalmaq üçün lazım olanda “müsəlmanlar” Israillə iş birliyi də qura bilirlər. Təki, ABŞ bu ifşaları dayandırsın. Dayandırmasa da, gündəm tam işğal olunmasın. Diqqət başqa istiqamətə yönəlsin. Amma bu proseslərdə iki məqam tam aydın oldu. Birincisi, ABŞ bu çirkinliklərin tam təşkilatçısı və təşəbbüskarı deyilmiş. Indi baş verənlər buna sübutdur. Ikincisi, niyəsə “WikiLeaks”ə sızan sənədlərdə ancaq başqalarının danışdığı məqamlar var… Deməli, ABŞ bu sistemlərə qarşı mübarizədə tərəfdir. Və artıq savaş başlayıb, geriyə yol yoxdur. “Geriyə yol yoxdur” bir Sovet filmidir. Indi Sovetlər də yoxdur…

Seymur Həzi