İlin son iynəsi

Qondarma “dostluq mükafatı”nın təqdimat mərasimində əlahəzrətin çıxışından parçaları heyrətlər içində oxudum. Tam səmimi deyirəm, kralda reallıq hissindən əsər-əlamət yoxdur. O, gerçəkliklərin fərqində deyil. Özü üçün bir “xəyal dünyası” qurub və bundan inanılmaz dərəcədə məmnundur. 
Məsələn, deyir: “Tam əminliklə bildirirəm ki, erməni lobbisi ilə informasiya müharibəsində biz qalib gəlirik”. Dəhşətdir! Son illərdə dünyada nəşr olunan allahın bir xəritəsi də yoxdur ki, orada Qarabağ Azərbaycan ərazisi kimi göstərilsin. Elə isə hansı qələbədən söhbət gedir? “Qarabağ”ın Avroliqada oyunları zamanı futbol-mutbol yaddan çıxmışdı, hamı dünyaya onun bir Azərbaycan klubu olduğunu sübut etməklə məşğul idi. Niyə? Çünki bu hakimiyyətin “diplomatik uğurlar”ı və “möhtəşəm diaspora siyasəti” nəticəsində az qala hər yerdə Qarabağ Ermənistanın bir parçası sayılır. Xarici Işlər Nazirliyi özü boyda bir təkzib institutuna çevrilib: işi-gücü o telekanalda, bu qəzetdə, o xəritədə, bu qlobusda Azərbaycanın ərazi bütövlüyünün təhrif olunmasına etiraz bildirməkdən ibarətdir. Bəs elə isə hansı “informasiya zəfəri”ndən danışır əlahəzrət?
Sonra davam edir: “Jurnalistlərə münasibətdə ayrı-seçkilik olmamalıdır”. Geniş şərhə ehtiyac yoxdur, bu sözlərin səmimiyyətinə inanıb-inanmamaq üçün bircə faktı xatırlatmaq kifayətdir: əlahəzrətin həmin fikri səsləndirdiyi media tədbirinə ölkənin ən aparıcı tənqidçi qəzetinin baş redaktoru dəvət edilməmişdi! 
Lap sonda da deyr: “Mən həmişə çalışıram jurnalistlərə dəstəyimi verim”. Nə deyim vallah? Əslinə qalsa, jurnalistlərə heç bir dəstək vermək-zad lazım deyil. Əlahəzrət elə ayda-ildə bir dəfə müsahibə versə, kifayətdir.
Üstəlik, biz Əzrayıldan bala-filan istəmirik, balamıza dəyməsin, yetər.

Haydı, bunu da etiraf edək:

Tanrının haqqı Tanrıya, Qeysərin haqqı Qeysərə, Ilham Əliyev 7 illik hakimiyyəti dövründə bir ilkə imza atdı srağagün. Ilk dəfə tarixi faktı saxtalaşdırmaq cəhdində bulunmadı. Ilk dəfə bir uğuru atasının hakimiyyəti illərinin ayağına yazmadan keçdi.
Dedi: “Azərbaycanda müstəqil mətbuat Sovet Ittifaqının son illərinə təsadüf edir. Ilk müstəqil qəzetlər o vaxt yaradılıb”. Şükür allaha, ölmədik bu günü də gördük. Nəhayət ki, oğul Əliyev etiraf etdi ki, atası ikinci dəfə hakimiyyətə gəlməmişdən əvvəl də bu ölkədə nəsə yaradılıbmış…

Günün ilk sualı

Ilham Əliyevi “jurnalistlərin dostu” elan edənlərin buna beyni və ürəyi ilə deyil, qarnı ilə qərar verdikləri gün kimi aydındır. Ilham Əliyevi “jurnalistlərin dostu” elan edənlərin bu qərarı vicdanlarının deyil, mədələrinin səsi ilə qəbul etdiklərinə də şübhə yoxdur.
Amma yenə də onlardan soruşmaq istəyərdim, əgər azacıq ədalət hissləri qalıbsa, lütfən, cavab versinlər. Bir neçə ay əvvəl Şüvəlanda mülklərinin şəklini çəkdiyinə görə iki gəncəcik jurnalisti qanına qəltan elətdirən Ziya Məmmədov kimdir? Ilham Əliyevin dostu, can-ciyəri deyilmi? Haqqında yazılan bir xəbərə görə iki qəzetdən üst-üstə yarım milyon manat tələb etdirən Anarın atası Ziya Məmmədov Ilham Əliyevin gözünün işığı, sarayının yaraşığı deyilmi?
Indi bir azca da olsa, ədalət hissiniz, vicdan duyğunuz qalıbsa, cavab verin görək: Ziya Məmmədovun dostu həm də necə jurnalistlərin dostu ola bilər?

Günün ikinci sualı

Ölkədə meşə yanğınlarının ard-arası kəsilmir. Oğuz, Qəbələ, Şəki, Ismayıllı, Tovuz… Ölkənin dörd yanından meşələrin od tutduğu xəbəri gəlir.
Və kimsə soruşmur: ilin-günün bu vaxtı, qışın indiki çağı nə yanğınlardı bu? Yayda bir belə yanmırdı meşələr, qışda nə olub onlara? Niyə qızıblar?
Ən əsas sual: bu ölkə bina uçqunu, çay daşqınları, meşə yanğınları nədi, bilməzdi. Amma xeyir ola, nə məsələdir ki, Fövqəladə Hallar Nazirliyi yaradılıb yaranalı, indi bunların heç birinin ard-arası kəsilmir?