Böyük başlanğıc…

Səhv etmirəmsə, Alman hüquqçusu Humbolt deyib: “Fikrini dəyişməyənlər ya ölülərdir, ya dəlilər”. Amma dünyada hər şeyi ağıllıların dəyişdiyini iddia etmək nə qədər doğrudur, onu da deyə bilmərəm. Hər halda bu yazını 2010-cu ilin sonuncu iş günündə yazarkən, bir neçə gün sonra yeni təqvimin başlanğıcında olacağımızı düşünəndə qəribə hisslər yaşayırdım. Biz doğrudanmı bir ili bitirib yenisinə keçirik. “Keçid dövrü” haqqında maraqlı fikirlər var. Hardansa harasa keçmək qəribə bir hissdir. Hələ əvvəlki yerə, tarixə qayıtmamaq üzrə keçirsənsə, bu, bambaşqa bir hiss, ayrı bir məsuliyyətdir. Zaman maşını haqqında deyilən hər şey nağıldır. Həyatın tək dəyişməz xarakteri onun geridönməzliyi, təkrarolunmazlığıdır. Idrak prosesi keçidi necə xarakterizə edir. Filosof Füzuli Qurbanovun maraqlı bir fikri var; keçid dövrü yoxdur, keçid finalı var, bu finala qədər tarix xırda keçidlərdən, bu mənada mikrokeçid dövrlərindən ibarətdir. Onun tezisi təbii ki, daha doğrudur. Biz bütün ili günbəgün, anbaan yaşayırıq və nəhayətdə yeni bir günə keçirik, daha doğrusu, yeni bir ana… Zaman maşını bizi irəli də çəkə bilmir…
Yeni olanın fəlsəfəsi nədir? Orta əsrlərin ən maraqlı dövrü və bütün dövrlərdə insanların maraqla oxuduğu hadisələr yeni torpaqların axtarışıdır. Yeni torpaqların nə fərqi var, nə vəd edir əvvəlkindən fərqli olaraq? Insanın həyat fəlsəfəsi yeni təpələri tapdamaqdadır. Hələ illər öncə Amerikan yazıçısı Con Stenberkin “Cənnətin Şərqi” əsərində maraqlı  epizod oxumuşdum. Mərkəzi Avropadan gəlmiş Hamilton hündür təpələrin üstündən soyuq hava udmaq arzusunda olur. Bəzən oksigen hesabına tarazlığını qoruyan planetimizin hansısa bir nöqtəsində insanın havası çatmaya bilər. Yeni bir hava həyatın başlanğıcı olar.
Eynşteyn deyib ki, hər gün eyni işləri görüb. Bir şeylərin dəyişəcəyinə inananlar ancaq ruhi xəstələrdir. Dünyada bir dəyişiklik edənlər durmadan özünü dəyişdirənlərdir. Bütün dünyanı tapdayıb da özündə bir yenilik edə bilməyənlər heç nəyi dəyişə bilməzlər. Insanlar həyatdan nəsə gözləyirlərsə, deməli, bu, dəyişiklikdir. Keçmişdən bir şey gözləmək yalnız xəyaldır. Insan xəyallarında gələcəyə qanadlandıqca həyatda da problemlərin üzərindən aşmağa daha çox nail olur. Keçmişə qanadlanmaq, yalnız gələcəyə ümidin olmamasından qaynaqlana bilər.
Mən heç vaxt yeni il haqqında düşünməmişəm. Uşaqlığımda bayram hədiyyələrini gözləmək həyəcanım olub. Nənəmin hər il bu bayramda mənə nə alacağını da aşağı-yuxarı bilirdim. Ağlım kəsəndən sonra bayram ovqatından çıxdım. Bunun bir izahı da hər günün bir başlanğıc, hər axşamın bir final olduğuna inanmağım idi. Mən indi də buna inanıram. Amma bu il əlimi 2010-cu ilin “final GONG” düyməsinə basmaq fikrindəyəm. Bu ilin böyük bir final olmasını istəyirəm; 2011-in daha nə¦həng bir başlanğıc olmasını təmin etmək üçün. Daha böyük işləri başlamaq üçün böyük işləri görmək şərtsiz və alternativsizdir. Zaman maşınına heç bir iradım yoxdur. Amma tarixin çarxını özbaşına buraxmaq, deyəsən, bizə baha başa gəldi. 2011-ci ilin mühəndisi olmaq əzmi ilə. Indi biz bu zaman maşınında yolçu olmayacağıq… Gələcəyə getmək istəyənlər buyursunlar… Bu bir sehrli xalatla uçmaq təklifi deyil, insan iradəsinin açdığı yolla irəliləməkdir…