Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirilən etiraz aksiyasında həbs olunan beş nəfərin məhkəməsi başa çatıb. Hakim Təranə Hüseynova təqsirləndirilən 5 nəfərdən 3-ünün şərti olaraq azadlığa buraxılmasına hökm verib.
Bu haqda AzadlıqRadiosu-na təqsirləndirilən şəxslərin vəkillərindən Elçin Sadıqovməlumat verib.
Vəkilin bildirdiyinə görə, hökm avqustun 14-də elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Gülağa Alməmmədov, İlkin İsgəndərov və Cəlal Quliyev şərti olaraq azadlığa buraxılıblar.
Məhkəmə digər iki nəfərin – Ülvi Quliyev və Zaur Feyruzlunun 1 il 6 ay azadlıqdan məhrum edilməsinə qərar verib.
E.Sadıqov hökmün, hələlik onlara təqdim edilmədiyini bildirir. Onun deməsinə görə, hökmü aldıqdan sonra yuxarı məhkəmələrə şikayət edilib-edilməməsini müzakirə edəcəklər.