Girişsiz-filansız, birbaşa general Ramil Usubova səslənirəm:
Cənab nazir, sirr deyil ki, Azərbaycan polis dövlətidir. Bu ölkədə məhkəmə, prokurorluq, icra orqanları, bələdiyyələr boş şeydir. Ölkə sizlikdir.
“Polis əmrə tabedir” deyib, hər şeyi Ilham Əliyevin çiyinlərinə yükləyib, məsuliyyətdən yayına bilməzsiniz. Ilham Əliyevlə bağlı məsələ məlumdur, qibleyi-aləm Avropa məkanının gənc və perspektivli, həm də analoqsuz tiranı olmağa hazırlaşır. Əminəm ki, onun sizə verdiyi əmr və tövsiyələr də feodal idarəetmənin çiçəklənməsi üçündür, qətiyyən azadlıq və humanizmə dəxli yoxdur. Buna baxmayaraq, hörmətli nazir, qibleyi-aləm göz istəyəndə sizin polislərinizin gedib baş kəsib gətirməsi də qanunlara və təlimatlara uyğun deyil. Çoxsaylı ictimaiyyət nümayəndələri kimi, bəndənizi də bu hallar narahat edir.
Ramil müəllim, açıq danışaq, adamlarınız çox kobuddurlar. Qəddardılar, savadsız və cahildilər. Istisnalar həmişə var, mən çoxluqdan danışıram. Sizin forma geydirdiyiniz adamlar vətəndaşlara sözün əsl mənasında qan uddurur.
Yəqin ki, onların bu fəaliyyətindən razısınız. Olun, ancaq bir çox şeyləri də bilsəniz, pis olmaz.
Ötən həftə Nizami rayonunda polislərin döyüb öldürdüyü Elvin Aslanovun qan içində meyitinin fotosu internetdə ən çox müzakirə edilən mövzu oldu. Əslində, müzakirə-filan yox idi, hamı lənət oxuyurdu.
Cənab nazir, bir-iki öyrədilmiş adamı çıxmaqla, hamı, hər kəs polisə qarşı nifrin püskürürdü. Bu ictimai rəydir. Hesablaşmasanız belə, o rəy var və günü-gündən sizlərin ziyanınıza güclənir. Bir gün bunların hesabını vermək vaxtı gələcək. Sizə deməliyəm ki, adətən çox çətin olur belə hesablaşmalar.
Insanlar hələ ki, sizin qabağınızdan qaçır. Söyürsünüz qaçır, döyürsünüz dinmir, şərləyirsiniz dözür… Ancaq bir gün onlar qan dolu sifətlərini sizə sarı çevirəndə dayana biləcəksinizmi?
Qətiyyən inanmıram. Sizin polislərin peşəkarlıqdan necə uzaq olduğuna beş barmağım kimi əminəm. Sizin polis heç bir ekstremal vəziyyətə hazır deyil. Məsələn, birini deyim. Kürün Sabirabadda daşdığı may günlərindən biri idi. Siz də ora təhkim olunmuşdunuz. Daşhadaşda olan Kür bəndinin düz üstündə durub, ora-bura göstəriş verirdiniz. O zaman məni Kürdən çox, sizin təhlükəsizliyinizin necə zəif, necə qeyri-peşəkar olduğu düşündürürdü. Sizi aradan götürmək istəyən ixtiyari bir adam çox cüzi risk etməklə orada bunu bacarardı. Çox şükür ki, insanlarımız hələ bu cür aqressiv düşüncədən uzaqdılar. Uzaqdılar, ancaq sizlərin bütün fəaliyyətiniz sanki adamları, onların əsəblərini qurdalayıb qaçaq-quldur etməyə yönəlib. Bunumu istəyirsiniz?
Oturun rahat isti kabinetinizdə, pulunuzu qazanın da… Bir nəfər durub sizə “gözünüz üstə qaşınız var” demir ki…
Başımıza Hacı Məmmədov kimi dərd açdınız, güldən ağır söz dedikmi? Demədik. Bəs nə istəyirsiniz, bundan artıq Ramil müəllim?
Camaat zülmlə uşaq böyüdür, sizin polislər də vurub onları öldürür. Siz Elvin Aslanovun qan bələnən meyitinin fotosuna baxdınızmı? Baxıbsınız, mütləq baxıbsınız. Kaş gözəgörünməz olub, o fotonu izləyəndə sizin sifət cizgilərinizi, reaksiyanızı görə biləydim…
O, cavan oğlanın ömrünü yarıda saxlayan sizin sistemin anti-insaniliyidir, Ramil müəllim. Heçmi heyfslənmirsiniz bu günahsız ölümlərə?
Yaxşı, madam ki, hakimi-mütləqsiniz, madam bizi adam yerinə qoymaq kimi bir görəviniz, istəyiniz yoxdur, o zaman deyin bilək: Bəs biz rəiyyətdən nə düzəltmək istəyirsiniz? Biz nə edək, nə cür oturub-duraq ki, polisləriniz bizi döyməsin, cibimizə narkotik atmasın, öldürməsin? Yoxsa dəxli yoxdur, nağıllardakı əjdaha hər ayın axırında qurban tələb etdiyi kimi, biz də aybaay qurbanımızı hazırlamalıyıq?!
Boğaza yığmayın camaatı, cənab general! Sizin çiyninizdə zərli general paqonları ilə yanaşı, böyük bir vəzifə məsuliyyəti də var. O vəzifə isə əsla insanları qırıb-çatmaqdan ibarət deyil. Qəlbinizi açın, ora bir az mərhəmət dolsun, cənab nazir!