Səhiyyə Nazirliyi: Sumqayıtda 5 yaşlı uşağı it baş nahiyəsindən dişlədiyindən, vaksin təsir etməyib
“Sumqayıtda 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızının it dişləməsi nəticəsində quduzluqdan dünyasını dəyişməsi diaqnozu dünən təsdiq edilib”.
Bunu açıqlamasında Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. O bildirib ki, bu hal cari ildə qeydə alınan ilk haldır.
R. İsmayılovanın sözlərinə görə, həmin uşağın valideynləri vaxtında müraciət edib, vaxtında müalicə tədbirləri görülüb və vaksinasiya həyata keçirilib: “Buna baxmayaraq, dişləmə çox təhlükəli yerlərdən – baş nahiyəsindən olduğundan vaksin təsir etməyib. Dişləmələr üz, alın nahiyəsindən, əl və barmaqlardan olarsa, vaksin çox zaman təsir etmir, orqanizmdə vaxtında immunitet yaranmır. Ötən gün qeydə alınan halda da uşaqda immunitet və hemoqlobin aşağı olduğuna görə xəstəlik ölümlə nəticələnib. Bu xəstəliyin inkubasiya dövrü 12 gündən başlayaraq 1 ilə qədərdir. Lakin vaksinasiya getsə belə, ölüm halı baş verə bilər. Bu, dişləmə yerindən və insanın immunitetindən asılıdır”.