Elnur Seyidovun sənədləri necə itib?

Osman Kazımov: «Sənədlərin siyasi motivlə yoxa çıxması olduqca inandırıcıdır»

“Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovla bağlı Avropa Insan Hüquqları Məhkəməsinə göndərilən bəzi sənədlərin yoxa çıxdığı barədə məlumat vermişdik. Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, sənədlər bu il avqustun 6-da və 18-də Avropa Məhkəməsinə poçt yolu ilə göndərilib.
Həmin sənədlərin arasında E.Seyidovun xəstəliyi haqda arayışlar, həkim rəyləri, xəstəlik tarixçəsi, tibbi avadanlıqlarla aparılan müayinələrin SD diskləri olub. Lakin bir neçə gün əvvəl Avropa Məhkəməsindən vəkilə bildiriblər ki, E.Seyidov haqda tələb olunan əlavə sənədlər Avropa Məhkəməsinə təqdim edilmədiyinə görə Azərbaycan hökumətindən həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəmək mümkün deyil. Halbuki sözügedən sənədlər avqust ayında Avropa Məhkəməsinə göndərilib. Ə.Mustafayev hesab edir ki, Avropa Məhkəməsinə göndərilən sənədlərin ünvanına çatmaması müəmmalıdır. Və bunun poçtda yaranan hansısa texniki problemdən baş verməsi mümkün deyil. Vəkilin fikrincə, bu işdə bəzi maraqlı hüquq-mühafizə orqanlarının iştirakı var. Onlar sənədlərin göndəriməsinin qarşısını alıblar. Bir sözlə, sənədlər texniki problemlərə görə deyil, siyasi amillərə görə ünvanına çatmayıb: “Bizdə rəsmi poçt qəbzləri var. Araşdırmalarımızı davam etdiririk. 8 ildir Avropa Məhkəməsi ilə işləyirəm, ilk dəfədir belə halla rastlaşıram. Hesab edirəm ki, bu məsələ Avropa Məhkəməsi ilə Azərbaycan hakimiyyəti arasında ciddi qalmaqala səbəb olacaq”.
“Texnikabank”ın işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. E.Seyidovu martın 27-də MTN həbs edib. O, dələduzluqda ittiham olunur. Avqustun 30-da Səbayel Rayon Məhkəməsi onun həbs müddətini daha üç ay uzadıb.
Vəkil Osman Kazımov hesab edir ki, sənədlərin siyasi motivlə yoxa çıxması olduqca inandırıcıdır: “Mən bu versiyaya çox inanıram. Azərbaycandakı mövcud şərait buna inanmaq üçün kifayət qədər əsaslar yaradır. Mən öz təcrübəmdə belə bir hala rast gəlməmişəm. Amma görünür, artıq bu yola da gedirlər. Elnur Seyidovun vəkilinin əlində sənədlərin göndərildiyi ilə bağlı qəbz var. Bu işin siyasi motivli olduğunu nəzərə alsaq, sənədlərin yoxa çıxmasının təsadüf olduğunu iddia etmək çətin olar. Hər halda vəkil bu məsələni araşdırmalı və onun kökünə qədər getməlidir. Avropa Məhkəməsinə ünvanlanan sənədin qəsdən itirildiyi üzə çıxsa, bu böyük bir biabırçılıq olar”.

Gültəkin