Avqustun 16-da vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında “Kanal 13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovla görüşüb.
O, jurnalistin işi ilə bağlı istintaq hərəkəti aparıldığını deyib:
“Əziz Orucova yeni məzmunlu ittiham irəli sürülüb. İttihamda dövlət qeydiyyatına alınmış qrantlar qeydə alınmamış kimi göstərilib. Həmin pullar külli miqdarda gəlir kimi təqdim edilib. Ancaq maddələr olduğu kimi qalır. Sadəcə məzmunu ağırlaşdırılıb”.
“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.
Ə.Orucovun inzibati cəzası başa çatan gün – iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Cinayət işi Ə.Orucovun təsisçisi olduğu “Qafqaz Media Təhqiqatları” İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.
Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.
Bakı bürosunda axtarışdan, kompyuterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyasının fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.