Qarabağ döyüşlərində şəhid olan Iman Əsgərovun oğlu Elvini Bakıda, 24-cü polis bölməsində döyə-döyə qətlə yetirdilər.
Dəhşətdir! Ona görə yox ki, qətli törədənlər hüquq-mühafizə sisteminin işçiləridir. Polisin hüququ mühafizə etməsi və “bizi qoruması” cəfəngiyatını çoxdan bir tərəfə tullamışıq: biz polisi azadlıq istəyən hürr insanları şərləyib türməyə basan, mitinqlərdə “asayiş” adıyla camaata divan tutan, əhalini rüşvətlə təngə gətirən, insanları bezdirib intihara çatdıran, sürücüləri əsəbiləşdirib o dünyaya göndərən, günahsızların boynuna döyə-döyə “maddə” yükləyən, qısası, “diktatorun dəyənəyi” kimi təsəvvür edirik;
Ona görə ki, bir insanı döyə-döyə qətlə yetirməyi normal insan ağlıyla təsəvvür etmək olmur! Axı, paqon daşımaq, “hakimiyyətin dəyənəyi” funksiyasını icra etmək insan olmamaq anlamına gələ bilməz! Bir nəfərin əsəb anında əlindən xəta çıxması mümkündür – heç kim belə qəzalardan sığortalanmayıb. Amma on nəfər adam bir köməksiz, zavallı, yerdə uzanıb ağrılardan qovrula-qovrula zarıyan cavanı necə döyə-döyə öldürə bilər? Bunlarda heçmi vicdan, insanlıq qalmayıb?
Sonra da Ilham Əliyev deyir ki, 19 illik müstəqillik illərimizin ilk 2 ili istisna olmaqla, çox böyük inkişaf əldə etmişik.
Mən “17 ilin” payına düşən Dağlıq Qarabağ ətrafındakı 6 rayonun ermənilərə verildiyini, 2 milyondan artıq insanın dolanmaq, 1 milyona yaxın vətəndaşın siyasi təqiblərdən yaxa qurtarmaq üçün ölkədən qaçdığını, məmləkətin varidatının, yeraltı-yerüstü sərvətlərinin talan olunduğunu, dövlətin bir ailənin maddi maraqları üstündə səfərbər edildiyini demirəm; heç Qarabağ uğrunda döyüşənlərin zəlil, millətin əlil günə salınmasının da üstünə getmirəm. Söhbət təfəkkürlərdəki “inkişafın” dəhşətindən gedir!
Bu millətin polisi “17 ildə” öz soydaşını döyə-döyə qətlə yetirəcək; bu millətin məmuru puldan və sərvətdən başqa heç nə düşünməyəcək; bu millətin böyük kəsimi gündəlik çörək əldə etməkdən başqa şey fikirləşməyəcək səviyyədə manqurtlaşıbmı?
***
Işğal olunmuş Azərbaycan torpaqlarını ermənilərin istismar etməsi, qızıl mədənlərini talamasıyla bağlı faktlara bir həmkarım qəribə reaksiya verdi. Dedi ki, Azərbaycan da ötən il 67 min 267 unsiya “Ayrım” qızılı istehsal edib və bu, ermənilərin Kəlbəcərdən çıxardığı qızıldan bir az çoxdur. Amma mənimçün fərq eləmir bu ölkənin qızılını kim çıxarır. Çünki heç birinin mənə isti-soyuğu yoxdur!
Biz doğrudanmı, manqurtlaşmışıq?
***
Hamını, hər kəsi bu millətin, bu dövlətin, bu vətənin taleyinə laqeyd olmağa vadar edirlər. Normal ölkədə Elvinin taleyi ciddi siyasi böhranın əsasını qoyardı, öz vətəndaşını qətlə yetirən orqanın əhəmiyyətli simaları istefa verər və ya istefaya göndərilərdi, fakt cəmiyyətin əsas müzakirə mövzusuna çevrilərdi.
Amma biz elə düşünmürük. Biz özümüzün və ya övladımızın ölmədiyinə, öldürülmədiyinə şükr etməklə məşğuluq.
Islam peyğəmbəri (s) “haqsızlıq səndən beş ev o tərəfdə baş verəndə narahat ol, çünki az keçməz, sənin də evinə çatar” deyirdi.
Biz nə vaxt müsəlman olduq ki, peyğəmbərin sözünü də dinləyək?!