Elçin İsmayıllının özünə və müdafiəçisinə vaxtında məlumat verməməklə hazırlıq iclası təyin edilib.
Bu barədə məlumatı vəkil Elçin Sadiqov yayıb:
“Bugün səhər tezdən Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun katibi zəng edərək bildirdi ki, jurnalist Elçin İsmayılının barəsində olan cinayət işi üzrə hazırlıq iclasını bugün saat 16:00-a təyin etmişik. Bildirdim ki, niyə belə tez xəbər ediblər, hazırlıq iclasını məndən xəbərsiz keçirəndən sonra xəbər edərdilər. Halbuki, CPM-nin 298.3.1-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasına ən azı 7 gün qalmış müdafiə tərəfinə yazılı məlumat verilməli idi. Lakin, bu günə qədər mənə hazırlıq iclasının təyin edilməsi ilə bağlı heç bir bildiriş gəlməyib və məlumat verilməyib.
Artıq Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynova teleqram göndərdim və hazırlıq iclasını təxirə salmasını, Elçin İsmayıllı ilə Şəki Penitensiar Kompleksində görüşməyə icazə verilməsi və vəsatətlərin hazırlanmasına vaxt verməsini, məhkəmə hazırlıq iclasının təyini gününü mənimlə razılaşdırmasını xahiş etdim”.
Azadliq.info