Camaat qabyuyan maşına, avtomobillərin yuyulduğu yerə “moyka” desə də, indi “moyka” başqa mənada da işlədilir. Məmurların xalqdan oğurladıqları pul-paranı yumaq üçün ölkədə açılan “moyka”ların sayı günü-gündən artmaqdadır: “Heydər parkı”, “Körpü”, “Idman kompleksi”, “Zurna-balaban evi” və s. pulyuma “moyka”larının dünyada analoqu yoxdur.
Azərbaycan pulyuma “moyka”larında çirkli pullar qəşəngcə yuyulur, qurudulur və xarici banklara yığılır. Zarafat deyil, orda milyonları “çimdirəndə” dollarların üstündəki şəkillərin birinin də gözünə, ağız-burnuna sabun düşmür. Amma indi məmurlar neft paralarını bank hesablarına oturtmaq, xəzinələrinə yığmaq üçün pulları təkcə “yumurlar”, həm də onları “müalicə” edirlər. Əri neft şirkətində işləyən xanım danışır ki, 2-3 ay öncə iş yerindən ərinə 50 min manatlıq müalicə kartı bağışlayıblar. Qadın deyir ki, durub ev-eşiyimizi, maşınımızı, böyrəyimizi, ciyərimizi satışa çıxarsaq 50 min manat etməz, amma o hədiyyə kartı üçün də sevinə bilmirik, çünki ərimin sağlıq problemi olmaya-olmaya onu “müalicə” edirlər. Xanım deyir ki, ərini sorğu-sual edən həkimlər kart sahibinin sağlam olduğunu biləndə çox dilxor olublar, ümidlərini sonuncu suala bağlayıblar. Çarəsiz qalan həkimlər neft şirkətinin əməkdaşına “barı, sünnət olmusanmı?” deyəndə, kişi ağarmış saqqalını tumarlayıb, sonra zarıldayaraq “əlbəttə, rəhmətlik dədəm 3 aylığımda məni müsəlman edib” deyib. Sağlam kişini müayinə edən həkim ona elə suallar verib ki, kişinin başı gicəllənib, o, əlini ürəyinin üstünə qoyub və yerə yıxılıb.
Bu hadisədən sevincək olan həkimlər zavallı kişini ailəsindən xəbərsiz klinikaya aparıblar. Klinikada sinəsini bir balaca cızıb, sonra yaranı sarıyıb, kartından 5 min manat xəstəxananın hesabına keçiriblər. Xanım ağlayıb deyir ki, qalan 45 min manatı hesablarına keçirmək üçün heç bilmirəm ərimi daha hansı “müalicələr” gözləyir. Zatən, bütün saxta, təmənnalı sevgilərin arxasında böyük faciələr yatdığını hamı bilir. Ən ilginc olan isə, klinikadan çıxanda kişiyə “Hipolipidemik pəhriz məsləhəti” adlı cədvəli bağışlamaları olub. Görünür, kartda qalan 45 min manatı da həmin cədvələ görə hesablarına keçirəcəklər. Nə olsun ki, pəhriz cədvəlində xəstələrə əcaib məsləhətlər verilir. Əsas pulu hesaba keçirmək üçün “moyka”nın, üzürlü sayın, sənədin olmasıdır. Cədvəldə meyvə-tərəvəzin, quşların, heyvanların rəngli şəkilləri də yerləşdirilib. Eynilə, birinci sinfin “Həyat bilgisi” kitabında olduğu kimi izahlar da verilib. Misal üçün, “qidalanmaya məsləhət görülür”ün qarşısında “hind toyuğu əti, cücə əti, quş əti (dərisiz)”; “bu qidaların qəbulu məhdudlaşdırılır”ın qarşısında “az yağlı dana əti, donuz əti, donuz budu, qoyun əti (həftədə 1-2 dəfə), cücədən hazırlanmış sosiska, qaraciyər (ayda 2 dəfə)”; “bu qidalanma məsləhət görülmür”ün qarşısında “qaz, ördək, bütün növ yağlı ətlər, adi sosiskalar, salyamilər, ətli qutablar, quş dərisi” yazılıb və həmin yeməklərin rəngli şəkilləri yerləşdirilib. Cədvələ əsasən, xəstəyə quş ətini məsləhət görənlər, qaz, ördək ətlərini yeməməyi tövsiyyə edirlər. Guya, qaz, ördək əti quş yox, qoyun, dana ətidir. Və ya donuz əti ilə donuz budu əti arasında nə fərq var? Camaatı başağrısına salan bir axmaq cədvəl üçün xalqın cibindən milyonlar oğurlayırlarsa, indi görün başqa “cədvəllərin” anasını necə ağladırlar.
Dövlət Neft Şirkətində işləyənlərdən maraqlı xəbərlər gəlməkdə davam edir. Misal üçün, bir tanış sevinclə yazır ki, bankdan 2 min manat kredit götürəndə, ondan cəmi 200 manat illik faiz tutublar, amma müəllim qonşusu 2 min üçün min manat faiz verəcək. Qonşusundan 800 manat qabağa düşən tanışımın sevinci yadıma Məmməd Arazın “Məndən ötdü, qardaşıma dəydi” şeirini saldı. Rəhmətlik şair fikirlərində necə də uzaqgörən və haqlıdır.
Başqa bir tanış isə ərinin iş yerindən yığıb gətirdiyi, qohum-əqrəbaya payladığı qəzetlərə görə sevinir. Insafən, onun sevinməyə haqqı var. Çünki məhəllədəki uşaqları, ustaları günvurmadan onun payladığı qəzetlər qoruyur: üstündə “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”… yazılan qəzet papaqlar milli xəzinəmizdir. Şahvələd Çobanoğlunun “Maraq üçün bu əcaib sənədə siz də baxın” köşəsində adı yazılan qəzetlərin hamısını qadının zənbilində tapmaq olar. Qonşum arada, xəstə anamın çirkli paltarlarını bükmək üçün, qatı açılmayan qəzetlərdən zənbilinə yığıb bizə də “pay” gətirir.
Köşənin sonunda isə var-dövlət, acgözlük xəstəliyinə mübtəla olanlara, xalqı bir parça çörək üçün yurd-yuvasından didərgin salanlara Qanuni Sultan Süleymanın bir vəsiyyətini xatırlatmaq istəyirəm: “Mən öləndə bir əlimi tabutun içindən çölə çıxardın. Insanlar görsünlər ki, padşah olan Qanuni də, dünyadan əliboş getdi”…