Prezident Administrasiyasında keçirilən müşavirədə nə baş verib?
Hakimiyyət daxilində Qafqaz Müsəlmanları Idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı ciddi təzyiqlər var. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Şeyxə təzyiqlər hicab qalmaqalı ilə bağlıdır. Bu qalmaqalın qızğın vaxtında Prezident Administrasiyasında (PA) dövlət başçısı Ilham Əliyevin başçılığı ilə müşavirə keçirilib. Həmin müşavirəyə PA-nın rəhbəri Ramiz Mehdiyev, spiker Oqtay Əsədov, təhsil naziri Misir Mərdanov və digər yüksək çinli məmurlar qatılıb.
Müşavirədə Şeyx də iştirak edib. Müzakirələr zamanı Ramiz Mehdiyev hicaba qadağaya tərəfdar çıxıb. PA rəhbəri bu qadağanın təkcə orta məktəblərə deyil, ali təhsil ocaqlarına və dövlət müəssisələrinə də şamil edilməsinin vacibliyini vurğulayıb. Misir Mərdanov da Ramiz Mehdiyevlə həmfikir olduğunu deyib. Oqtay Əsədova gəlincə, o, hicaba qadağanın qanun şəklinə salınmasına tərəfdar olduğunu deyib. Ramiz Mehdiyev və onun yönəltdiyi müşavirə iştirakçıları Hacı Allahşükür Paşazadənin də bu məsələdə eyni mövqeni sərgiləməsi üçün Şeyxə qarşı təzyiq xarakterli çıxışlar ediblər. Lakin Şeyx onların mövqeyini bölüşməyib.
Ilham Əliyev isə ümumiyyətlə, müzakirələr zamanı susub. O, yalnız müşavirə iştirakçılarını dinləyib və sonda heç bir qərar verməyib.
Mənbə bildirib ki, məhz bu müşavirədən sonra Şeyxə qarşı təzyiqlər hiss olunmağa başlayıb. Hacı Allahşükür Paşazadə də bunun fərqindədir. Ehtimal olunur ki, Şeyxin Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədov və tərəfdarlarının həbsinə münasibətdə hakimiyyətin mövqeyini müdafiə etməsi də bundan irəli gəlir. Yəni, Şeyx bu addımı ilə bir növ hicab məsələsində tutduğu mövqeni kompensasiya edib.
Yeri gəlmişkən, “Yeni Müsavat” qəzetinin dünənki sayında Hacı Allahşükür Paşazədənin istefaya məcbur edilməsi barədə məlumat dərc olunub. Həmin məlumatda deyilir ki, Iranın çox nüfuzlu dini liderləri, hətta ölkə rəhbərliyi Şeyxdən tələb edirlər ki, əgər hicab məsələsinin həllinə nail ola bilmirsə, Azərbaycan hakimiyyətini istefa verə biləcəyi ilə təhdid etsin və gərəkirsə, istefa versin. Qəzet yazır ki, Iranın dini dairələri Şeyxi açıq şəkildə istefa verəcəyini bəyan etməyə zorlayırlar. Bu prosesdən Azərbaycan hakimiyyətinin də məlumatlı olduğu bildirilir. Lakin hələ ki, hakimiyyətin Şeyxi vəziyyətdən çıxara biləcək qərarı yoxdur.
Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə isə “Azadlıq”a açıqlamasında Şeyxə qarşı hər hansı təzyiqin olmadığını deyib. “Mən Şeyxə qarşı Irandan hər hansı təzyiq görmürəm. Bu məlumatın əsası yoxdur”,- deyə Cavanşir Paşazadə bildirib.
QMI də Iranın dini dairələrinin Şeyxə təzyiq göstərməsi barədə xəbəri inkar edib. “QMI sədrini Azərbaycan dindarları seçib, o da onların qarşısında hesabat verir”, – deyə QMI-dəki mənbə “Turan”a bildirib. Mənbənin fikrincə, son zamanlar Şeyxə Iran telekanallarının hücumları onun hicab məsələsində Azərbaycan hakimiyyətilə mübarizə müstəvisinə keçməməsi və Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədovun çıxışına münasibətdə mənfi mövqe sərgiləməsilə bağlıdır. “Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Odur ki, burada məsələ bir tərəfin istəyilə yox, tərəflərin qarşılıqlı razılığı əsasında həllini tapmalıdır və bunun başqa yolu yoxdur”, – deyə mənbə vurğulayıb.
Mənbə orta məktəblərdə geyim formasını hər məktəbin özünün müəyyən etməsi məsələsinə də toxunub. Bu müstəvidə hicab məsələsinin məktəb rəhbərliyi və məktəbin valideynlər şurasının birgə rəyilə həllini tapacağına ümid bəslədiyini deyib.
Mənbənin fikrincə, ölkənin siyasi rəhbərliyi bu məsələdə orta məktəblərə sərbəstlik verib və məsələ tərəflər arasında razılıq əsasında həllini tapa bilər. Əgər hansısa məktəbdə məsələ həllini tapmayacaqsa, o zaman məhkəmələrə müraciət etmək mümkün olacaq. Mənbə dini idarə olaraq mövqelərinə gəlincə, orta məktəblərin hicablı olmaq istəyən şagirdləri üçün uyğun bir formanın tapılması mövqeyində olduqlarını nəzərə çatdırıb.
İnformasiya şöbəsi