Buna deyirlər bir addım irəli, 2 addım geri.
İlham Əliyevin guya pambıqçılığı inkişaf etdirib ölkəyə valyuta gətirmək siyasəti də belə iflas etdi. Son 2 il ərzində icra hakimiyyətləri, bələdiyyələr, fermerlər məcbur edildilər ki, hətta təbii biçənək və örüş yerlərində də pambıq əksinlər. Pambıq əkin sahələri son 2 ildə 5 dəfə artırılaraq, 18 min hektardan 134 min hektara çatdırılıb. Pambıq yığımı hətta dekabr ayına qədər davam edib. Pambıq yığımında Sovetdən qalmaş inzibati üsullar bərpa edilib. Məktəblər, səhiyyə işçiləri, dövlət qulluqçuları bu işə cəlb edilib. Bəs bu siyasətin nəticəsi necə oldu? Təəssüf ki, nəticələr xalqımız üçün çox ağır oldu.
Pambıq əkin sahələrinin belə ciddi artımına baxmayaraq, ölkənin pambıq ixracatı əvvəlki ildən cəmi 19 milyon dollarlıq artıb. Əvəzində ölkədə heyvandarlıq ciddi ziyan çəkib. Ötən il ölkə xaricdən ət və süd almağa əvvəlki ildən 38,8 milyon dollar artıq valyuta xərcləyib. Bu isə pambıq ixracının artımından əldə edilən valyutadan 2 dəfə çoxdur. Üstəlik, ət və südün daxili bazar qiymətinin bahalaşması sosial gərginliyi daha da artırıb.
Avtoritar sistemlərdə hər zaman belə olur. Real parlament, müzakirə və etiraz mühüti, azad mətbuat olmadığından avtoritar liderlər ağıllarına gələn istənilən səhv qərarı verə bilir. Sonradan isə avtoritar liderlərin hər bir səhv, avantürist qərarı milyonlarla insanın həyatını çətinləşdirir. Siyasi rəqabət mühiti, hakimiyyət bölgüsü, real parlament həm də ona görə lazımdır ki, dövlət rəhbərləri ağıllarına gələn səhv qərarları verə bilməsinlər. Nəhayət, başa düşmək lazımdır ki, iqtisadi azadlığın olmadığı ölkədə bir nəfərin inzibati idarəçiliyi, avantürist qərarları iqtisadiyyatı inkişaf etdirə bilməz, əksinə böhranı daha da dərinləşdirər. Necə ki, dərinləşdirir.